Payızda COVİD-ə yoluxma artacaq -  MÜSAHİBƏ
16 avqust 2022 10:47 (UTC +04:00)

Payızda COVİD-ə yoluxma artacaq - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova respirator infeksiyaların, qripin və koronovirusun simptomları barədə danışıb. 

Lent.az onunla müsahibəni təqdim edir:

- Günay xanım, payıza doğru virusa yoluxma sayında artım müşahidə oluna bilərmi?

- Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur. Buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər.

Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil.

- Kəskin respirator infeksiyaların koronovirusla fərqi nədədir?

- Koronavirus qripin və əksər hallarda zökəmin törədicisi viruslardır. Bu xəstəliklərin hər üçünün simptomları oxşar olsa da, onları bir-birindən ayırmaq mümkündür. Həm koronaviruslu xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş xəstələrdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək müşahidə olunur. Amma COVID-19 xəstəliyin ilkin mərhələsində kəskin respirator infeksiyalara yoluxduqda görünməyən bəzi simptomlar müşahidə oluna bilər: qoxu və dad itkisi, ayaqların aşağı hissəsində səpkilər. Bu şikayətlər bütün COVID -19 infeksiyasına yoluxmuş insanlarda müşahidə olunmur. Ona görə də bu əlamətlərin olmaması COVID-19 diaqnozunu inkar etmir.

Qrip də simptomlara görə koronavirusa bənzəyir. Amma bəzi fərqlər də var. Belə ki, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur, COVID-19 zamanı isə simptomların şiddəti tədricən artır.

Bütün bu deyilənlərə baxmayaraq, xəstəliyi müəyyən etmək üçün xüsusi laboratoriya müayinələri aparmaq çox vacibdir.

- Yanaşı xəstəlikləri olan şəxslər özlərini virusdan necə qoruya bilər?

- Məlumdur ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir.
Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə mütləq həkimlə əlaqə saxlamaları vacibdir.

- Vətəndaşlar virusa yoluxmamaq üçün hansı qaydalara əməl etməlidilər?

- Sınaqdan keçirilmiş virusdan qorunma yolları dəyişməz olaraq qalır. İlk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Fidan İlqar

Oxşar yazılar