Koronavirusun simptomlarını yüngülləşdirən dərmanın ilk sınaqları uğurlu olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra tədqiqatlar nəticəsində Honq-Konqdan olan mütəxəssislər uzunmüddətli COVID-19-un simptomlarını yüngülləşdirmək üçün nəzərdə tutulmuş unikal eksperimental SIM01 dərmanı yaratmağa müvəffəq olublar.
Bir ildən çox davam edən araşdırma zamanı elm adamları COVID-19-a yoluxan 463 yetkin insanı iki yerə bölüblər. İştirakçıların yarısı altı ay ərzində SIM01, digərləri isə C vitamini plasebo alıblar.
Müalicə kursunu başa vurduqdan sonra tədqiqat iştirakçıları testlərdən keçiblər. Tədqiqatçılar izah ediblər ki, COVID-19 olan xəstələrin bağırsaqlarında qısa zəncirli yağ turşusu istehsal edən bakteriyaların sayının azalması bağırsaq-ağciyər qarşılıqlı əlaqəsinə və xəstəliyin şiddətinə təsir edən əsas mexanizm ola bilər.
SIM01 terapiyasının yorğunluğun aradan qaldırılmasında 47%, yaddaş itkisinin azaldılmasında 56%, diqqəti cəmləmək çətinliyinin aradan qaldırılmasında 62%, mədə-bağırsaq xəstəliklərinin müalicəsində 30% və ümumi rifahın yaxşılaşdırılmasında 31% effektiv olduğu müəyyən edilib.
Qeyd edək ki, tədqiqat dərmanın heç bir arzuolunmaz əlavə təsirini aşkar etməyib. Alimlər həmçinin antibiotik müqavimətinə cavabdeh olan genlərin sayında azalma aşkar ediblər ki, bu da çox güman ki, xəstələrin mikrobiomunda funksional dəyişikliklərlə bağlıdır.