Gözümüzü yolda qoyan, sovetdən qalan "TƏCİLİ YARDIM":  Niyə gecikirlər?
05 yanvar 2024 14:30 (UTC +04:00)

Gözümüzü yolda qoyan, sovetdən qalan "TƏCİLİ YARDIM": Niyə gecikirlər?

Təcili tibbi yardımın çağrı mərkəzinə zəng edirsən, min bir bəhanə edirlər. Bəzən ya vətəndaşın çağırışına gəlmirlər, ya da deyirlər ki, həmin əraziyə biz baxmırıq...

Son günlər təcili tibbi yardıma müraciət edən əksər insanlar tibb işçilərinin çağırışlara gecikməsindən gileylənir. Son günlərdə isə Masazırda binadan yıxılan yeniyetmə qız üçün təcili tibbi yardıma müraciət olunması və həkimlərin gəlməməsi problemin hansı dərəcədə olduğunu göstərdi. Məlumdur ki, bu kimi hadisələrdə bir dəqiqə belə ləngimə kiminsə həyatı bahasına başa gələ bilər.

Məlumat üçün bildirək ki, yanvarın 3-də Abşeron rayon Masazır qəsəbəsində 15 yaşlı Ayan Aslanova 2-ci mərtəbədən yıxılıb. Hadisə Füzuli küçəsi 49-da baş verib. Uşağın yıxıldığını görən qonşu Nərmin Hüseynzadə dərhal 103-ə zəng edib, uşağın yıxıldığını, ilkin baxışda ayaqlarının qırıldığını bildirib. Müraciətini fərqli ünvanlara yönəltsələr də, çağırışa gələn olmayıb.

Hadisədən təxminən 3 saat sonra təcili yardım onunla əlaqə saxlayaraq, gəlmək lazım olub-olmadığını soruşub.

O, “Facebook” hesabında açıq şəkildə yazdığı məktubda bu problemə toxunub və paylaşım geniş müzakirələrə səbəb olub.  

Təəssüf doğuran bir məqam isə bu halın tək həmin gecə yox, bütün zamanlarda baş verməsidir. Sosial mediada xəstələrin saatlarla təcili yardım briqadalarının gəlişini gözləmək məcburiyyətində qaldığı barədə saysız-hesabsız məlumatlar yer alır.

İstifadəçilərdən biri bildirib ki, çağırış üçün zəng edəndə hətta insanları təhqir edirlər:

“Bayram günləri gəlmirlər, etiraz edəndə də dirəşirlər, hətta təhqir edirlər adamı”.

Başqa bir şikayət isə avtobusun işıq dirəyinə çırpılması nəticəsində işıq dirəyinin kişinin başına düşməsidir. Belə ki, hadisədə kişinin başı yarılıb, qanlar içində yerə çırpılıb. Dəfələrlə təcili yardım çağırsalar da, hadisə yerinə heç bir briqada gəlməyib. Ən sonda polis əməkdaşları yoldan keçən hansısa təcili yardımı hadisə yerinə gətiriblər.

Və bunun kimi daha neçə-neçə şikayət...

Təbii olaraq bir sual yaranır: Təcili tibbi yardım niyə gecikir? Bu cür riskli bir hadisədə təcili yardım xidmətinin müraciətlərə gecikməsinə səbəb nədir?

Məsələyə öz mövqeyini bildirən tanınmış həkim Adil Qeybulla hazırda təcili yardım sisteminin Sovet dövründən qaldığını bildirib:

"Təcili yardım sistemimiz sovet dövründən qalmadır. Bu uzun müddət belə davam edə bilməz. Bütün fəaliyyət istiqamətləri, strukturu qərb standartlarına uyğun dəyişilməlidir.

Ötən gün baş verən hadisəyə gəldikdə isə istənilən bir şəxsin təxirə salınmaz yardıma ehtiyacı olduğu zamanda onu dərhal xəstəxanaya çatdırmaq üçün bu sistem yenilənməlidir. Sadəcə olaraq hər şeyi təcili yardımdan gözləmək olmaz. Bakı şəhərində əhalinin bu qədər sıxlığı, yolların tıxac olduğu şəraitdə təxirəsalınmaz yardımdan dərhal effekt gözləmək mənasızdır.

Digər tərəfdən ştat vahidinin əhali sıxlığına nisbəti nəzərə alınmalıdır. Düşünürəm ki, effektiv bir vəziyyətə gətirilməsi üçün qərb standartlarına uyğun addım atmalıyıq. Eyni zamanda, xüsusi təyinatlı xilasedicilərdən ibarət həm ilk yardımı göstərən, həm də insanları təhlükəli şəraitdən qurtaran qrup yaradılmalıdır".

Ötən gün baş verən hadisədən sonra TƏBİB təcili tibbi yardım briqadalarının gecikməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir:

Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub.

Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq.

Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub.

Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Fidan İlqar

Oxşar yazılar