Yəqin ki, hər kəs həyatında heç olmasa bir dəfə belə vəziyyətlə qarşılaşıb: ətin buzu əridilib, lakin istifadə olunmayıb və yenidən dondurucuya qoyulub. Çox vaxt belə bir fikir eşidilir ki, əti, istər qiymə olsun, istərsə də toyuq əti, təkrar dondurmaq olmaz.
Lent.az xarici KİV-ə istinadla bu fikrin həqiqət olub-olmadığını təqdim edir:
Ətin ilkin dondurulması məhsulun temperaturunun donma nöqtəsinə qədər aşağı salınması ilə baş verir. Bunun nəticəsində ətin lifləri arasında buz kristalları əmələ gəlir. Əgər ətin buzu əridilib və yenidən dondurularsa, bu proses yenidən baş verir, lakin fərqli intensivliklə və məhsulun keyfiyyətinə daha çox təsir edir. Buna görə də təkrar dondurulduqda ətin strukturu dəyişir. Ətdə yenidən buz kristalları əmələ gəldiyi üçün hüceyrələr zədələnir. Bunun nəticəsində ət bişirildikdə daha sərt və quru olur.
Bundan əlavə, təkrar dondurma ətin dad keyfiyyətini və nəmini itirməsinə səbəb ola bilər. Ərimə və sonrakı dondurma prosesi zamanı ətin şirəsi və ləzzətli komponentləri "axıb gedir".
Əti yenidən dondurmağın potensial təhlükəsi isə bakterial çirklənmə riskinin artmasıdır. Təkrar dondurulmuş ətdə bakteriyalar çoxala bilər ki, bu da sağlamlıq üçün təhlükəlidir.