Beynəlxalq alimlər qrupu qara çayın 2-ci tip diabetin inkişaf riskini azalda biləcəyini müəyyən edib.
Lent.az xəbər verir ki, bununla bağlı keçirilən sınaqda yaşı 20 ilə 80 arasında dəyişən 1923 şəxsin (562 kişi və 1361 qadın) məlumatı təhlil edilib. Onlardan 436-sı şəkərli diabet diaqnozu ilə, 352-si prediabetli, 1135-i isə qanda qlükoza səviyyəsi normaldır. Onlardan çay içmə tezliyi (heç vaxt, arabir, tez-tez və hər gün), eləcə də onun növü (yaşıl, qara və ya digər çay) barədə soruşulub.
Sonra əldə edilən məlumatlar glisemik vəziyyətlə müqayisə edilib. Tədqiqatçılar diabet risk faktorlarını (qan təzyiqi, BMI, xolesterin və digərləri daxil olmaqla) uyğunlaşdırdıqdan sonra gündəlik çay istehlak edənlərin diabet və qan şəkəri səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər. Xüsusilə, gündəlik çay içənlərin heç vaxt çay içməyənlərlə müqayisədə prediabet riski 15 faiz, 2-ci tip diabet riski isə 28 faiz daha az olub.
Perspektivli nəticələrə baxmayaraq, tədqiqatçılar qəti nəticələr çıxarmaq üçün daha çox sınaqdan keçirmək lazım olduğunu bildiriblər.