Düzgün qidalanma diabetdə normal vəziyyəti saxlamaq üçün əsas qaydadır. Yeməkdən sonra qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilən bitki tapılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər jenşenin yeməkdən 30 dəqiqə sonra qan şəkərini aşağı saldığını müəyyən ediblər.
Mütəxəssislər səkkiz həftəlik araşdırma zamanı bu qənaətə gəliblər. İştirakçılar iki qrupa bölünüb. Onlardan biri gündəlik 3 q jenşen ekstraktı, digəri isə plasebo istehlak edib.
Sonda tədqiqatçılar aşkar ediblər ki, acqarına istehlak edildikdə, jenşen yeməkdən sonra qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu tədqiqatlar göstərib ki, jenşen ekstraktı 2-ci tip diabetin müalicəsində köməkçi vasitə kimi təsirli və təhlükəsizdir.
Bundan əlavə, bitki ekstraktı hemoqlobin səviyyəsini və sistolik qan təzyiqini aşağı saldığı aşkar edilib. Bununla belə, ekspertlər nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.