"Bayram ürəyi" sindromu nədir və necə yaranıb? -  ARAŞDIRMA
03 yanvar 2023 19:00 (UTC +04:00)

"Bayram ürəyi" sindromu nədir və necə yaranıb? - ARAŞDIRMA

Təzə ilin gəlişi və bayram əhval-ruhiyyəsi ilə hər evdə süfrəyə cürbəcür təamlar düzülür. Lakin bu günlərdə kalorili yeməklərdən yeyib, tost deyib, alkoqolun dozasını artıranda “bayram ürəyi sindromu” deyilən bir klinik vəziyyət yarana bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Anastasiya Yusupova Yeni il yeyib içməyindən sonra çox insanlarda aritmiya tutmaları başlamasını və onların xəstəxanaya gətirildiyini deyib:

“Alkoqol, yağlı qida, qazlı içkilər orqanizmdə elektrolit balansını pozur, xroniki aritmiya və taxikardiyası olan xəstələrdə ürək ritminin pozulmasına səbəb olur. Belə hal bayramlarda daha çox rast gəlindiyi üçün buna "Bayram ürəyi" sindromu deyilir.

Hətta sağlam, gənclərdə də çoxlu yemək-içmək aritmiyaya səbəb ola bilər. Bayramlarda infarktların da sayı artır. Bəzi insanlar var ki, genetik olaraq aritmiyaya meyillidir, amma bundan xəbəri olmur”.

Maraqlıdır bəs, "Bayram ürəyi" adlandırılan sindrom nə zaman yaranıb?

Lent.az araşdırmasını təqdim edir:

Bu sindrom tibbdə ilk dəfə 1978-ci ildə işlədilib. Amerikalı doktor Filip Edinqer ürək xəstəsi olmayan 24 nəfərin 1-2 gün əvvəl həddən artıq alkoqol qəbul etdiyini və ritm problemləri ilə xəstəxanaya yerləşdirildiyini müşahidə edib. Edinqer “Bayram ürəyi” sindromunun ən çox Yeni il ərəfəsində pik həddə çatdığını müəyyən edib.

Bu sindromun əsas faktoru həddən artıq alkoqol, yağlı yemək, artıq və stress olduğu deyilir. Bir gündə orqanizmə həddən artıq alkoqol qəbul etmək qanda stress hormonlarının yüksəlməsinə, natrium, kalium, maqnezium ionlarının azalmasına, sərbəst yağ turşularının artmasına səbəb olur. Nəticədə ürəyin ritmində dəyişikliklər baş verir. Ürəyin ahəngi pozulur, xaotik , sürətli, qeyri-müntəzəm döyünür. Tibb dilində desək, aritmiya əmələ gəlir.

Eyni zamanda, duzlu yemək isə təzyiqi qaldırır. Əlavə olaraq bayram ərəfələri kimsə üçün stressli vaxtlar sayıla bilər. “Bayram ürəyi sindromu" olan şəxslər ən çox ürək döyüntüsünün yüksək olmasından şikayətlənir. Bu sindromda özündən getmə, təngnəfəslik, sinədə ağrı şikayətləri də ola bilər.

Tədqiqatlara görə, insanların ən çox ürək infarktı keçirdiyi günlər Yeni il bayramı ərəfəsidir. Tövsiyə edilən alkoqol dozası kişilər üçün gündə 2, qadın üçün 1 standart qədəhdir. Məsləhət görülən alkoqollu içki şərabdır və yeməklə birlikdə içilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Fidan İlqar

Oxşar yazılar