Azərbaycanda tüğyan edən xəstəlik - Miqreni olanlar nə etsin?
26 iyul 2023 20:55 (UTC +04:00)

Azərbaycanda tüğyan edən xəstəlik - Miqreni olanlar nə etsin?

Çəkənlər bilir, miqren tutması başlayanda həyat kabusa çevrilir. Ağrılar elə şiddətlənir ki, insan yatağa düşür. Adətən alın, göz, gicgah və boyun nahiyəsində olan miqren ağrılarının səbəbi müxtəlifdir. Əslində miqrenin yaranma səbəbi dəqiq məlum deyil. Ancaq Respublika Diaqnostika Mərkəzinin miqren və baş ağrıları üzrə həkimi Sərxan Əmirquliyev deyir ki, stress, depressiya, qorxu, həyəcan , yuxu pozğunluqları qıcıqlandırıcı səbəblərdir. Həkimin sözlərinə görə, miqren sadəcə baş ağrısı deyil, xroniki nevroloji xəstəlikdir və dünya əhalisinin 14%-i bu xəstəlikdən əziyyət çəkir. Daha çox qadınlarda rast gəlinən miqren tutmasına bəzi qidalar da şərait yaradır. Məsələn, yumurta, kofe, şokolad və sairə. Miqrendən əziyyət çəkənlər çoxlu su içməlidir. Özbaşına qəbul edilən ağrıkəsicilərin qəbulu isə vəziyyəti daha da ağırlaşdıra bilir. 


Bəs yaxşı, ağrıkəsicilərin belə fayda vermədiyi bu dəhşətli baş ağrıları necə müalicə olunur?

Son vaxtlar belə xəbərlərə də rast gəlirik ki, miqren üçün peyvənd çıxıb. Həkim isə deyir ki, miqren üçün peyvənd yoxdur. Bu, sadəcə iynə və dərmanlar vasitəsilə müalicə üsullarından biridir. Belə müalicə yalnız xroniki miqren xəstələrinə ayda bir dəfə tətbiq edilir və ağrıların təxminən 50-70 faiz azalması müşahidə olunur. Bundan başqa miqren müalicəsində yeni üsullardan biri də botoksdur. 

İnsanlarda müxtəlif baş ağrıları olur. “Ancaq miqren ağrısını digər ağrılardan fərqləndirmək və diaqnoz qoymaq heç də çətin deyil” deyir həkim. Əgər baş ağrılarınız adətən birtərəfli, ürək döyüntüsü kimidirsə, ağrının gücü orta və ya şiddətlidirsə, fiziki, yaxud zehni aktivlik zamanı ağrı ağırlaşırsa, bundan başqa işığa, səsə həssassınızsa, halsızlıq, yuxu pozuntuları varsa, ağrı güclü olanda ürəkbulanma, yaxud qusma ilə müşayiət edilirsə, miqren olma ehtimalınız yüksəkdir.

Miqrenin müalicəsində ənənəvi tiblə yanaşı xalq təbabətindən də istifadə edilir. Baş, boyun və ayaqlarda xüsusi nöqtələr var ki, həmin nöqtələrə təzyiq edərək miqren ağrılarını azaltmaq olur. Qədim Çin təbabətinə əsaslanaraq bu metoddan da istifadə edilir.  


Natiqə Mahmudova deyir ki, ölkəmizdə də kifayət qədər məşhur olan hicama proseduru miqren müalicəsində də effektlidir. 

Qeyd edək ki, hicama proseduru 6 aydan bir həyata keçirilməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar