Dünyada bir çox qadın ana olmaq arzusundadır. Ancaq təbii ki, bəzi hallarda müxtəlif səbəblərdən, ya da şəxsin istəyindən asılı olaraq hamiləlik arzu olunmayan ola bilər. Bu zaman qadınlar hamiləlikdən qorunma üsullarına müraciət edir. Təbii ki, bunun müxtəlif yolları var. Ancaq hamiləlikdən qorunma vasitələri arasında ən geniş yayılanı spiraldır. Rahat və təhlükəsiz cinsi münasibət üçün qadınların çoxu məhz spirala müraciət edir. Ancaq bu vasitə digərləri kimi, hər zaman uğurlu nəticələr vermir.
Uşaqlıqdaxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Ancaq istisna deyil. Bəs, bu hansı hallarda baş verir?
Lent.az xarici mediaya istinadən məsələ ilə bağlı kiçik araşdırma edib.
Məlum olub ki, mis spirallardan istifadə edildikdə hamiləliyin baş vermə ehtimalı il ərzində 1000-də 9 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə isə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.
Ancaq bu halların yarısında, yəni ki, spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.
Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlməsi riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən menstruasiyalardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər.
Buna görə də spiraldan istifadə edənlərə uşaqlıq yolunun dərinliyində əl ilə onun bığcıqlarına toxunaraq yerində olub-olmamasını yoxlamaq tövsiyə olunur. Bunu ayda ən azı bir dəfə etmək məsləhət görülür.
Əgər ilk başlarda spiralın bığcıqları yaxşı hiss edilirsə, daha sonra isə onları tapmaq mümkün olmursa, deməli ginekoloqa müraciət edilməlidir. Belə halda spiralın düşmə ehtimalı var. Bəzən qadınlar onun düşdüyünü hiss etmir.
Onu da qeyd edək ki, zaman-zaman qadınlar spiral haqqında müxtəlif şikayətlər edirlər və ya hər hansı problemi məhz bununla əlaqələndirirlər. Onlar arasında üzdə və bədəndə səpkilərin yaranması da var. Həkimlər bildirir ki, spirallar səpkiyə səbəb olmur. Sadəcə olaraq "T" şəkilli gümüşü saplarla dolanmış spirallar gümüşə allergiyası olan xanımlar üçün əks göstərişdir. Çünki bədənində gümüş yığılır və o da metabolik proseslərə təsir edir. Lakin ümumiyyətlə, səpkilər tamamilə qadınların dərisi və həzm sistemi ilə əlaqədar olan problemdir. Səpkilərlə spiral arasında heç bir əlaqə yoxdur.
Spiralın bəzi qadınların çəkisinə təsir etməsi barədə deyimlər var ki, bunlar da yanlışdır. Mütəxəssislərin sözlərinə görə, hormonsuz spiral qadının çəkisinə təsir etmir. Hormonlu spiralın isə taxıldıqdan ilk 2-3 ay müddətində göbək nahiyəsində ödəm və ya şişkinlik yaratma ehtimalı ola bilər. Ancaq üç aydan sonra şişkinlik çəkilir.