Prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladı
29 sentyabr 2023 13:22 (UTC +04:00)

Prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Lent.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat etmişdir.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.

Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak etmişdir.

Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.

Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Ədalət Vəliyev

Fərəh Əliyeva

Adil Kərimli

Eldar Quliyev

Hicran Hüseynova

Əhliman Əmiraslanov

Eldar İbrahimov

Səməd Seyidov

Rafael Hüseynov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Oxşar yazılar