Prezident İlham Əliyev Bakıda açılışlarda
08 sentyabr 2022 14:03 (UTC +04:00)

Prezident İlham Əliyev Bakıda açılışlarda

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Lent.az xəbər verir ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən inşa olunub.

Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir.

Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.

Prezident İlham Əliyev sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Buna baxmayaraq, vərəm sağalan xəstəlikdir. ÜST-nin ekspertlərinin fikrincə, onun aşkarlanması, müalicəsi və sağalması üçün əhalinin məlumatlılığının artırılması, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səylər birləşdirilməlidir. Son illər vərəmin diaqnostika və müalicəsində səmərəliliyin artırılması statistikaya da müsbət təsirini göstərib, həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilməkdədir.

Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.

Lent.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi. Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.

Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.

Qeyd olundu ki, dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Beləliklə, məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489
avatar

Oxşar yazılar