“Sevmək olmazdı səni bu qədər...” – QIZ-QIZA
01 avqust 2013 17:17 (UTC +04:00)

“Sevmək olmazdı səni bu qədər...” – QIZ-QIZA

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə şiş ucları buludlarla ötüşən, par-par yanan göydələnləri, nəfəs kəsən istisi ilə Dubaya oxşayan paytaxtda “S+ Qadın Klubu”na daxil olanda özümüzü bildiyimiz Bakıda hiss elədik. Sərinlik, gözəllik və hay-küy. Özü də nə hay-küy. Əməlli-başlı çığırışma. Mehriban xanım “Bu nə qışqırıqdır?” deyib səsin arxasınca gedir, mən də onun arxasınca. “Hadisə yerinə” məndən bir neçə dəqiqə əvvəl çatan qəhrəmanım vəziyyəti elə yoluna qoyur ki, mən çatanda onlar mehriban söhbət edirdilər.

 

Efirdən çox sərt, təmkinli və qaraqabaq adam təsiri bağışlayan Mehriban xanım barmağını tutuquşunun qəfəsindən içəri uzadıb onu sığallayır, onunla danışırdı. Bu sevginin, şəfqətin, nəvazişin qarşısında əriyib gedən tutuquşunu görməyiniz lazım idi... Bu elə bir mənzərə idi ki, sizi əmin edirəm, əgər fotoqrafımız bu vaxt gəlmiş olsaydı, indi çox adam quş olmaq istəyərdi. Məsələn, mən allahın bir quşunun bu qədər əzizlənməsinə dözmədim:

 

- Bu quş bütün bu həyasızlığı təklikdən edirdi?

 

- Bəs necə? Başqa səbəbi yox. Bilirsən... bunlar nədirlər?

 

- Biz tənhalıqda özümüzə üsyan edirik, onlar ətrafa...

 

- Heyvan dediyimiz bu varlıqlar ali mənada... bizdən çox fərqlidirlər... İstəyirsən, sənə son zamanlarda mənə çox təsir edən atlardan danışım. Qəribə bir durumda idim, nədənsə at çapmaq istəyirdim. Bir tanışla getdim “Cıdır”a. İmkanın olsa sən də mütləq get. Mənim imkanım olsa, bəyəndiyim bir atı əldə edərdim. Çalış... sənin də bir atın olsun və ondan heç nə əsirgəmə...

 

- Çox qorxuram... Bir dəfə məni az qala yerə çırpacaqdı...

 

- ...Mən bir dəfə erkək at... çapdım, o da yeni bir madyan görən kimi, az qaldı məni ayağının altına atsın... Maraqlıdır ki... həmən anda sanki onlarda... mərhəmət filan yoxdur, adamı tapdayıb üstündən də keçərlər.

O dəfə tövlədə atlara baxırdım, orda çalışan oğlan da mənə informasiya verirdi. Qəribə bir at gördüm, boz rəngdə. Çox gözəl idi... Sığal çəkdim, kirpiklərinə heyran oldum, gözlərini qaldırıb bir baxış baxdı və gözlərindən yaş gəldi. Ata baxan dedi: “Mehriban xanım, ona toxunmayın”. Dedim, “Niyə? Axı o məni çox çəkir. Qəribə atdır, sığallayıram, danışdırıram, heç bir reaksiya vermir. Amma elə baxır ki…” Oğlan “Nə olar elə eləməyin” dedi, “O güclə özünə gəlib”. Sonra oğlan mənə bir neçə il əvvəl olan bir hadisəni danışdı.

 

Deməli, yeni nəsil almaq üçün, yəni calaşdırmaq üçün İngiltərədən Bakıya ingilis, ya ərəb qarışığı olan bir erkək at gətirirlər. Cütləşmək istəməyən bu atlardan bir cins kimi törəyəcək atın marağında olduqlarından, bunların burunlarını bağlayıb cütləşdiriblər. Burun bağlı olanda etiraz etmirlər. Qoxu problemi olmur. Bu məsələdə çox zaman bu detal problem yaradır. Xülasə... sonra elə olur ki, o Londondan gələn atı Bakıda bir müddət artıq saxlayası olurlar. O vaxtacan bu at doğur. Ümumiyyətlə deyirlər ki, erkək atlar erkək övladının doğulmasını görəndə, özlərini çox qüdrətli hiss edirlər, onların içi, ruhu iki dəfə cavanlaşır. Bu at isə ata olanda çırpınmağa başlayıb. Hesab ediblər ki, yəqin həyəcanlanır. Amma yenə də məəttəl qalırlar ki, axı o fəxrlə ana atın yanında gəzişməlidir, belə çırpınmamalıdır. Sakitləşməsi üçün yeni doğulan dayçanı gətiriblər ki, övladını qoxulasa, sakitləşəcək. Axı onlar doğmalarını qoxulayıb tanıyırlar...

 

Dayçanı yanına gətirəndə o qaçır, yaxınlaşmaq istəmir. Zorla yaxınlaşdırırlar... Oğlan danışır ki, bu, sanki ata ikinci şilləni vurmaq idi. Çarəsiz qalan at əyilib balasını iyləyir və yıxılır... Ürəyi partlayıb ölür... Hamı narahat olur ki, bu qədər xərc çəkilib, bu qədər vəsait... “Nə cavab verəcəyik?”

 

Ölüm səbəblərini araşdırmaq üçün Britaniyadan gələn alimlər on altı aylıq araşdırmadan sonra deyiblər ki, “Siz axı niyə onu öz qan qohumu ilə birləşdirmisiz? Bunu qəsdən eləmisiz?”

 

Deməli, bu atlarda unikal bir kredo, böyük bir əxlaq var. Onlara qan qohumlarından olan ata yaxın durmazlar. Ata tərəfdən eyni qanı daşıdıqları bir ilxı madyanı qoruyarlar, amma yaxınlaşmazlar. Başqa madyan görən kimi cumurlar, amma ata qanından gələn madyanla, doğması, bacısı sayılan madyanla birləşməzlər! Bunu da iylərindən bilirlər.

 

Sən demə, bu at İngiltərədən gətirilməsinə rəğmən özü Dubayda Ərəb və Qarabağ atının birləşməsindən doğulub, sonra onu Londondan alıblar. “Əmi uşaqları” isə qalıb... Bu at da təsadüfən həmən at olub...

 

- Bəs bu at, “əmiqızı” necə olur?

 

O gəlib balasını qoxulayandan sonra onu təpiyinin altına salıb öldürüb. Atlarda belə hallarda uşağı ana öldürür. O, təpədən-dırnağa lənətlənmiş övladdır, yaşamağa haqqı yoxdur... Sonra ana at bir il heç nə yeməyib. Ancaq zorla yerə uzandırıb butulka ilə boğazına su tökürmüşlər. Sonra deyiblər ki, bu onsuz da ölür. Azadlığa buraxaq... Heç olmasa, cıdırın ərazisində istədiyi kimi dolaşsın. Bir il də tövlədən kənarda gəzəndən sonra yavaş-yavaş özünə gəlməyə, ot yeməyə başlayıb... İndi də hələ yavaş-yavaş özünə gəlir, ona görə də “Ona toxunma” deyir... Onun görkəmini görməliydin... O qəmli gözəlliyi görməliydin...

 

Mən o andan sonra... ondan sonra həyatda olan insan sevgisi, ya insan hadisələrinə baxa bilmirəm. Harda oxusam ki, ata qızı ilə, ana oğlu ilə... Heyvanların əxlaqında gördüyüm dürüstlüyün müqabilində ölüb yerə girirəm.

 

İkinci sevgim isə pinqvinlərdir. Və QURD! Qurdun ikinci yarısı öləndə, tənha qalıb ulaya-ulaya balalarını saxlayır, amma həyatında ikinci BİRİ olmur. Bu sədaqət qibtə edilən deyilmi? Mən QİBTƏ edirəm...

 

Məlum, qadınlar təfərrüatı sevir. Ya susurlar, ya da ətraflı danışırlar. Biz də heyvanlardan danışa-danışa söhbəti “heyvanabənzər insanların” üstünə gətiririk. Bir az da onlardan danışandan sonra “kaş ki, heyvana bənzəyərdilər” dediklərimizdən xeyli danışırıq. Söhbətimizin bu yerlərini yazmayacam, qoy insanlar bütün bu xırda detalları oxuyandan sonra deməsinlər ki, gör dünya nə günə qalıb ki, iki qadın oturub kişidə “hansısa heyvana bənzəyən cəhət” olmasını arzulayır...

 

Əslində... hər kəs öz yanlışlıqlarının bədəlini ödəyir bu mənada. Mən, indi sahib olduğum baxış və qənaət sahibi olsaydım... ona nəinki özümü, heç küçədən tapdığım pişiyi də etibar eləməzdim.

 

- Bir gün yol kənarından o boy-buxunda naməlum kişi meyiti tapılsa, tanımağa gedərsiz?

 

- Bir gün? Məsələ bundadır ki... o artıq mənim içimdə çoxdan ölüb. Amma sahib çıxmağa gəlincə... cansız bədəninə yiyə duraram. Zatən dirisinə yiyə duran çoxdu...hələ ki...

 

- Dirinin sahibi çox olar. İnsan bir hərəkətlə simasını itirdiyi kimi bir qəza ilə də üzünü itirə, tanınmaz hala düşə bilər... Onda...

 

- Tanımağa ehtiyac yoxdur...amma gedərəm də, sahib də çıxaram. Neyləyibsə də, onun “sahibsiz” zamanında ondan vaz keçmərəm. Mən insan atmaram. Bilirsiz, məndə özümün də bəyənmədiyim bir xüsusiyyət var. Əgər biri, nə vaxtsa doğma olmuş biri, hətta nankor və namərdliyinə rəğmən, kimsəsiz və atılmış olsa, ona sahib çıxaram. Məncə, insan hansı zamansa doğması bildiyinə sahib çıxmalıdır. Bu mənim prinsiplərimdə mütləqdir.

 

- Bu bir az heyvani sədaqət olmur?

 

- Mən heyvan dediyimiz o varlıqların sədaqətinə qibtə edirəm. Kaş mənim də, bir insana sahib çıxmağa heyvanlar qədər gücüm və müdrikliyim çataydı. Və ən azı özü sahib çıxmaq missiyası ilə gələn və əslində heç bir zərrə qədər də mahiyyəti olmayanlar var. Ehh, nə isə... KİMSƏni qınamıram!!!!!! Kimsəyə inanmaq olmazdı axı. Bir də ki, mən çətin adamam, hədsiz tələbkaram. Tələbkar və həssasam...

 

- “Arzulanan qadın” isə kar-kor-lal olandır...

 

- Mən “gözəl qadin” iddiasından çox uzaq birisi, sevib-seviləndə, guya ki, xoşbəxt zamanımda elə bilirdim ki, dünyada məndən gözəl qadın yoxdur. Bəxtiyar olanda insanın ayağı da yerə dəymir.

 

- Axı göydən yerə enməmək üçün onları profildən sevmək lazımdır. Bir yarısını sevib, o biri yarısını azad buraxmaq...

 

- Yox-yox! Mən azadlıq-filan verə bilən deyiləm. Bəli, təpədən-dırnağa despot, diktatura ağacıyam. Feodal təbiətliyəm!!! O da elə onu deyirdi də...

 

- Mehriban xanım, sevgi də qazancdır. “Vergisi” verilməlidir.

 

- Deyirsən də gözəlim... (Gülür) Bu mənə təxminən bu məşhur fikri (siyasi olsa da) xatırlatdı: “Biz ətrafda şaha qalxmış maraqlar qarşısında muxtariyyət tələb edirik. Azadlıq istədik, bunun bədəlini isə vermək mütləq idi”.

 

- Belə şeylərə görə nənələr deyirdi ki, qız gərək ağlı kəsməmiş ərə getsin.

 

- ...Onlar müdrik idilər, hər şeyi gözəl bilirdilər. İnsanı hisslərinin idarə etdiyi bir vaxt olmalıdır ki, sən o hissləri birinə verə biləsən, heç axıra qədər də dərk edə bilməyəsən, hər şeyi bayram kimi qəbul edəsən. Yoxsa o həddə çatmayasan ki, onun gəlişini ürək döyüntüsü ilə gözləyəsən. Amma o gələndə isə başa düşəsən ki, dünya tərsinə çevrilə bilər, amma ona  toxuna bilməyəcəksən. Axı insan yaradılmışların ən ağıllısıdır, ən güclüsü deyil. Axı insan həm güclü, həm də ağıllı ola bilmir... Axı insan natamamdır... Kamil varlıq deyil, təəssüf. İnsan insana rast gəlir, əgər ona sahib çıxırsa, bu artıq ona qarşı onu yarı yolda qoymamaq məsuliyyəti daşıyır. Axı bu adamı allah sənə YAZDI! Əgər allah verməyibsə, sənə elə gəlibsə...o halda həyatın boyu bədəlini ödə.

 

- Əgər bu allahın yox, şeytanın işidirsə...

 

- Bu da var! Bu insanlar, sevdiklərinə sahib çıxa bilməyən insanlar birinci növbədə allahı inkar edirlər, bunun da sonu yaxşı deyil. Bilirsiz, biz şərqliyik, emosional insanlarıq. Yaşadığımız ən ciddi məğlubiyyətdən sonra, hər şeydən əvvəl içimizdəki romantika ölür. Romantikadan sonra bizdən nə qalır? Heç nə! Çıxış yolu nə olur? İnsan ya içkiyə qurşanıb günlərini bir-bir öldürür, ya zamanını bir-bir xərcləyir ki, tez qurtarsın, ya da beyninə qan sızır - insan ölür (yaxud dəli olur). Digər variant da odur ki, dözməyib intihar edirsən... Ən asanı içkidir. İçərkən özünü ovutmaqdı. Biz də şərqliyik, emosionalıq. İçimizdəki romantikanı itirəndən sonra... yerdə quru cəsəd qalır. Bu quru cəsədlə daha nə qədər yaşamaq olarsa, yoluna davam edəcəksən.

 

- Bəs romantika itəndən sonra səhnədə işləmək çətin olmur?

 

- Bilməm... Xoş bir ruh olmur axı. Bəlkə də, bu səbəbdən amansız olur insan.

 

- Hə... Gəlmiş-getmiş bütün sevgilərə lənət oxutduran “Qatil” (Quruluş verdiyi ən son tamaşa) çox amansız idi...

 

- Təbii... Bilirsiz, mən artıq patetika qoxulu əttökən sevgi əsərləri işləyə bilmirəm. Bəlkə də elə buna görə... Amma mən indi Əmir Teymuru hazırlayıram! Hüseyn Cavidin Topal Teymur əsərini.

Vusalə, insan allahdan da, nə qədər qəribə olsa da, sonra tabe olduğu “varlıqlardan” da bir çox şeylər istəyir. Bunu ona verməyəndə, o amansızlaşır. Onun istəyini alçaldıb verirlərsə, o alçaldıqca... qəddarlaşır, qəddarlaşdıqca alçalır və alçaldıqca... Cavidim demiş “...yüksəlir”. Mən sevinirəm ki, nə o mənada “yüksəldim”, nə də bu qədər acıya rəğmən, qəddarlaşdım.

 

- Aldanmaq istəməsək bizi aldada bilməzlər. Reallıq çox ağır, amansız olanda insan aldanmağa bəhanə axtarır...

 

- Aldanıramsa... demək ki, aldanmaq istəmişəm. Biz bir insan həyatında... çox şeylərdə müdrik olmaq istəyirik. Hər zaman da, hər şeyin YAXŞISINI umuruq. Amma bizə heç vaxt heç kim demədi ki, nə vaxtsa sizə yaxşi... ya da pis olacaq. Biz “nə vaxtsa hər şey yaxşı olacaq” vni eşidə - eşidə böyüdük... Çox dəhşətli bir depresiya yaşayanda anladığım bir şey oldu ki, məni o quyunun dibindən heç kim çıxarmayacaq. Əksinə, ən yaxın adamlar belə səni itələyəcək ki, birdən onları da dartıb özünlə quyuya sala bilərsən. Ən yaxın bildiyin insanlar səndən əlini çəkəcək... Düşündüm ki, quyunun dibindəyəm, neyləyim? Saçımdan yapışdım və özümü dartıb o quyudan çıxardım... Bu da çox ağrılıdır, o ağrıdan sonra insan əvvəlki insan olmur. Nə isə köklü şəkildə dəyişir insanda...

 

-Off, bu nədir? Allah bizimlə zarafat edir?

 

- Allah bizə dərk elətdirir! Dünən qəbul etmədiyimiz birini bu gün sevdirir, sonra da başa salır ki, məndən qeyri-kimsəni sevməməlisən! Əgər buna cəsarət etsən onda... Həə... Vüsaləm, biz harada səhv etmişik – anladım. Biz Allahdan çox kimsəni sevməməliydik!!!

 

Bilirsən... bir zamanlar mənə belə bir şeir də yazmışdılar, düzdür sonra o şeiri onun özünə qaytardım:

 

Sevmək olmazdı səni bu qədər...

Sevmək olardı... çölü... düzü... çəməni...

Yox, sevmək olmazdı səni bu qədər...

Bir ana yavru balasını sevdiyi kimi....

Onu atmaqla....Kafir olarsa...

Sevmək olmazdı səni...

 

…Mən sevdim... və əsas şərti pozdum. İndiki düşüncəm, nəhayət ki, müdrikdir. İndi mənim həyata baxışım da başqadır. Yəni, sevgi-filan boş, gərəksiz və mənasız zaman itkisidir.

 

Şərab sifariş etməyin yeri gəlmişdi. O qadınla danışanda insan heç nəyini gizlətmək istəmir, əksinə, gizlilərini belə açıb danışır, danışdıqca da çözüm tapır... Hətta kişilərin heç cavabını axtarmadığı, qadınların isə nadir hallarda cavab tapa bildiyi, qor kimi gözünə dolan suallar var ki, onunla o sualların da cavabını tapmaq mümkün oldu. Məgər cavab bu qədər sadə imiş: Allahdan çox sevməməlisən!  Demək asandır... Mənə görə paylaşmaq da olar, amma sevgi bir yerə qədər olmamalıdır. Onunla yenidən doğulursan, səni yenidən yaradırsa... Yaradanını sevməməlisənmi? Ya yarım ürəklə bütöv sevəcəksən, ya da bütöv ürəklə yarısını sevəcəksən...

 

...Bir dəfə Qazaxdan gələndə yolda birdən çox isti hiss elədim. Keçdi, bir azdan yenə... elə qəribə istilik idi ki, elə bil odun içindən keçirsən, nəfəsim kəsilirdi. Baxdım ki, deyəsən maşında məndən başqa heç kimi isti vurmayıb. Dedim, ilahi, bu nə istidir, dedilər biz donuruq... Üçüncü dəfə hiss edəndə də ki, istidən yanıram, dedim saxla! Maşından düşdüm. Qaymaqlı, ya da Sadıxlı kəndinin girişimi, çıxışımı idi, xatırlamıram. Baxdım ki, məni sanki sağa doğru çəkirlər... getdim, getdim, gördüm artıq isti deyil... Əks tərəfə gedirəm, yenə o isti... Mən axtara-axtara o istinin ardınca getdim. Köhnə, dağılmış məzarlara qədər getdim. Qəribə bir şey gördüm.

 

Hə... informasiya verim. Onda mən nazirlik xətti ilə, YUNESKO-nun sifarişiylə Azərbaycan xalçaları barəsində film çəkirdim. Yəni ornamentləri, kodları, işarələri az-çox öyrənirdim ki, çəkəcəyim materialı oxuya da bilim. Bu yolda mənə ən gözəl bələdçi Məmmədhüseyn müəllim idi. Mən də bu vəziyyətdə ona zəng eləyib dedim ki, burda belə bir məzar var. Üzərində isə tərsinə çevrilmiş butadır və bu işarələr. Dedi ki, “Mehriban, tez çək göndər!”

 

Belə hallarda ən doğrusu yaşlı nəsildən informasiya almaqdır. Dedim ki, mənə kəndin ağsaqqalları lazımdır. Az qala pambığa bükülmüş bir qoca tapdılar. Gedib gördüklərimi o kişiyə danışdım. Mənim dediklərim onun üzündə çox maraqlı formada təzahür elədi: “Həəə, o qaraəlmiş yenəmi gəlib o gədənin yanına yapışıb?” Dedim “Hə, iki daş bir-birinə yapışıb. Amma qara deyil”. Dedi “Yox, daş qara deyil, o daşın sahibi üçün belə deyirlər”...

 

Deməli... Bu, Allah bilir hansı zamanın hadisəsidir. Bu ailə qurandan sonra nisgildənmi, ağrıdanmı, ürəyi partlayıb ölən cavan bir oğlanın məzarıdır. O evlənəndə isə onu sevən qız intihar edib. Qızı intihar edənlərin qəbiristanlığında dəfn ediblər. Unikal bir şeydir, qızın qəbir daşı 10-20 ilə sürünə-sürünə gəlir yapışır oğlanın qəbrinə... Düz ayağının altına... Məlum, daşdır, burda maqnitləşmə var, başqa nə qədər səbəblər tapmaq olar... Amma bu yüzilliklərdir ki, davam edir.

 

Qoca dedi ki, onun babası deyirdi ki, bu dördüncü, beşinci qəbiristanlıqdır ki, qəbri daşıyırlar. Nəsilbənəsil hamı bilir ki, hər iyirmi beş ildən bir bunun yerini dəyişməlidirlər. Qızın daşı hər dəfə gəlib oğlanın daşına yapışanda qəbri dağıtmayacaqlar ki, gəlib yapışan daşı qırırlar, sındırıb qopardırlar... O parçalanır, ovulur, kiçilir...

 

- Heç olmasa indi dəyməsinlər... Axı niyə qopardırlar?

 

- İnsandılar axı! İştirak etmədikləri hadisələri qəbul etməzlər. Dağın arxası görünmür – demək ki, yoxdur.

 

- Əgər allah bizə qəbir qismət eləsə, vay halına başımızda dayanacaq daşın... Haralarda sürünüb, nə qədər yol qət edəcək... Hər dəfə onu qopartmaq üçün yenidən çapacaqlar, sındıracaqlar, kiçildəcəklər...

 

- Qalx, qalx çıxaq bir az gəzişək, hava alaq...

 

Danışa – danışa yolun ağına düşüb gedirik. Ətrafın fərqində deyilik. Nə bəzəkli vitrinlər, nə şəhərin hay-küyü. Bir də onda başımızı qaldırdıq ki, “Biz hara gəlib çıxmışıq?” Bizi bura allahmı gətirdi, yoxsan şeytanmı? Davamını yazmayım, qətiyyən “Qız-qıza” olmayacaq...

# 10674
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar