Afaq Vasifqızı: “Yazdıq, türmədən çıxardıq, gəldi anasının yanında öldü...” - <span style="color:red;">SÖHBƏT
24 yanvar 2014 11:48 (UTC +04:00)

Afaq Vasifqızı: “Yazdıq, türmədən çıxardıq, gəldi anasının yanında öldü...” - SÖHBƏT

Bu günlərdə bir tələbə məndən onun kurs işini redaktə etməmi xahiş elədi. Yox, pulla kurs işi yazmıram, sadəcə gənc xahiş elədi, mən də yox deyə bilmədim. Fayla göz atar-atmaz ona izah eləməli oldum ki, durğu işarələri bütün hallarda sözə bitişik yazılır. Bu sizə gülməli gələ bilər, amma ana dilimizin anasının ağlar qaldığı bir vaxtda normaldı. Mən elə güc-bəla ilə gəncə bunu izah edib qırtarmışdım ki, birdən ortaya daha ciddi sual çıxdı. Buyurun:

 

- Bəs mötərizə? O da sözə bitişir, yoxsa aralı yazılır?

 

Gözlərim ani sıçrayışla alnıma doğru hərəkət edib yerinə qayıdandan sonra aramla, səbrlə izah eləməyə başladım:

 

- Baxır harda, necə istifadə olunmasına. Mötərizə kimi istifadə olunanda bitişik, smaylik kimi istifadə olunanda isə aralı yazılır...

 

Yəni, siz də bilirsiz, dil məsələsində “əyləncə”miz xirtdəyə qədərdir. Ha deyirsən, yazırsan ki, bu dili heç olmasa facebookda statusu düz yazmaq üçün öyrənin, kimdi eşidən?

 

Bütün bunlar haqda danışarkən, köhnə qələm sahiblərindən, qəzetlərin əlimizdən əksik olmadığı zamanlardan yaxşı tanıdığımız bir imza ilə görüşdük. Uzun illər “Azadlıq” qəzetinin əməkdaşı olan, indi AzTV-nin “Səhər” proqramında çalışan Afaq Vasifqızı ilə Lent.az-ın “Qız-qıza” layihəsində söhbətləşirik.

 

Görüşə yas mərasimindən çıxıb gəldiyindən əhvalı yaxşı deyil. Bir az bu haqda danışandan sonra söhbət yas mərasimlərinin vazkeçilməz əyləncəsi olan mollalardan düşür:

 

- Xüsusi bəlağətlə deyirdi ki, hər gün bir qaşıq bal yemək xeyirdir. İkinci qaşığı da yemək olar, amma üçüncü qaşığı yemək həm canınıza ziyandır, həm də malınıza. (Gülür) Heç olmasa Qurandan danışsaydı...

 

- Eşidən də elə biləcək rəhmətlik bal yeməkdən ölüb...

 

- Hə, (Gülür) bizi də gülmək tutub... Ay allah, bu nə danışır?

 

- İnsafən, insanın kədərdən boğulmaması üçün molladan yaxşı bir şey düşünmək mümkün deyildi. Unikal icaddır. Yenə onlar ağızlarını açanda adamın əhvalı yüksəlir...

 

Xeyli gülürük və diktofonu yandırıram:

 

- Mən Afaq xanımla müsahibəyə gedəcəm deyəndə, dedilər, “heyif, qəzetdən televiziyaya gedəndən sonra imzasını izləmək mümkün olmadı. Çox maraqlı imza idi”...

 

- Mən özüm də təəssüf elədim uzaqlaşmağıma. Qəzetçilikdə kifayət qədər uzun müddət işlədim. 1990-cı ildən 2002-ci ilədək.

 

- Mətbuatın ən qaynar dövründə.

 

- Hə, qızıl dövründə. Mətbu söz deyilən bir şeyin hörməti var idi. Doğrudan, biz o vaxtlar xeyli problemləri həll eləyirdik. Mən işə məktublar şöbəsindən başlamışdım. Yoldaşım çox qaraqabaqdır, istəmirdi əlimdə mikrofon harasa gedəm. Məni işləməyə buraxanda da birinci şərti o idi ki, oturub tərcümə ilə məşğul olacaqsan. O vaxtlar da beynəlxalq münasibətlərdən yazan jurnalistlər var idi. Onlar rus dilində yazırdılar, mən isə tərcümə edirdim. Sonra isə xeyli müddət məktublar şöbəsində işlədim.

 

- Məktub da dolayısı yolla ünsiyyətdir. Buna etiraz eləmirdi?

 

- Məktublara etiraz eləmirdi. Amma məktubların dərdi o qədər dəhşətli idi ki... O vaxtlar insanlar inanırdı ki, problemi çözülməsə, qəzet kömək edəcək. Bir dəfə yanıma bir ata gəlmişdi. Onu heç vaxt unutmayacam. Rayon adamı idi, özünü itirmişdi, müharibə iştirakçısı, dörd uşağı var idi. Dedi, elan verib uşağımın ikisini satmaq istəyirəm. Təsəvvür edin, bu Azərbaycanda baş verib. Həm də döyüşçü!

 

- Neçənci il idi?

 

- 1992-ci il.

 

- Ən ağır dövrlər...

 

- Çox pis dövr idi. Müharibə, hər gün şəhidlər, işsizlik, qıtlıq, bahalıq... Bir dəfə də bir ana gəldi dedi ki, 23-24 yaşlı oğlum həbsdədir, vərəmdi, can verir, qoymurlar görüm. İstəyirəm gəlsin evimdə can versin. Niyə tutulduğu yadımda deyil. O vaxt biz yazılarla çıxış etdik, əlaqədar təşkilatlarla görüşdük və onu buraxdılar. Oğlan son günlərini anasının yanında yaşadı, keçindi... Doğrudan da o vaxtlar mətbu sözün çəkisi, dəyəri var idi.

 

- Hələ onda insanların dərdi əyləncə mövzusu deyildi.

 

- İndi isə çox yüngülləşdiriblər. Ailə problemini, dərdi şouya çevirib reytinq qazanıb reklam tuturlar. Olmaz! Bacarırsan kömək elə! Nə bilim... Görünür mənəviyyat, əxlaq məsələsidir... Beləcə, o dərdləri içimdə evə daşıya-daşıya günün birində gördüm ki, qapqara qaralmışam, arıqlayıb ölürəm. Bizdə də təzə-təzə mədəniyyət şöbəsi açılırdı, şöbə müdiri də Zöhrab Əmirxanlını təyin elədilər. Ora keçdim. Sonra yavaş-yavaş müxbir, şöbə müdiri...

 

- Sonra isə imzası izlənən bir jurnalist kimi tanındız və qəzetdən televiziyaya getdiz. O vaxtlar da qəzetlər az oxunurdu...

 

- Qəzetlər nüfuzdan düşürdü. Əlifba dəyişdi, qəzetə güclü zərbə dəydi. Qəzetdə çalışan biri kimi biz əlifba dəyişikliyinin satışa necə təsir göstərdiyini hiss eləyirdik. Ailədə də hiss eləyirdik. Bir müddət atam, anam, qaynanam, qaynatam qəzet oxuya bilmədilər. Biz yoldaşımgilin ailəsində altı jurnalistik. Qaynatam, qaynanam, qaynım, yoldaşı, mənim yoldaşım və mən. Yəni o dövrdə mən doğrudan gördüm ki, yaşlı nəsil qəzet oxumağa çətinlik çəkir.

 

- Sonra da yeni nəsil böyükləri əllərində qəzetlə görmədiklərindən bu ənənə itdi?

 

- Amma indi elektron qəzet – saytlar yarandı və yaxşı izləndi. Mən indi imzaları, köşələri oxuyuram.

 

- Kimi oxuyursuz?

 

- Zamin Hacını həmişə oxuyuram.

 

- Gənclərdən kimləri oxuyursuz? Köşələrdən yox, kitablardan...

 

- Bu məsələdə mən konservatoram. Gənclərin əsərlərini oxumuram. Öz yaşıdlarımın yazdıqlarını daha üstün tuturam. Bu saat türk ədəbiyyatına vurulmuşam, onu oxuyuram.

 

- Kimi?

 

- Ayşe Kulin. Elif Şafakdan sonra ikinci qadın yazıçıdır ki, çox maraqlıdır.

 

- Belə deyirlər ki, son vaxtlar bizdə də qadın yazarlar artmağa başlayıb. Sizcə, nə baş verir?

 

- Bəlkə bizim qadın uzun illər susub, indi danışmağa başlayıb? Çinədanı doludur? Biz uzun illər bircə Afaq Məsudu oxuyurduq. İmza olaraq başqa qadın yox idi. Bəzən onu oxuduqca hiss eləyirdim ki, mənim hisslərimi, düşündüklərimi yazıb. Amma indi yaxşı ki, imzalar var. İş yerimdi deyə belə deməyəcəm, amma nəticə olaraq, səmimi qəbul edin ki, Dövlət Televiziyası özəllərlə müqayisədə daha etikdir. Ən azından Dövlət Televiziyasına baxanda utanmırsan. Fikirləşmirsən ki, orda biri pis bir söz deyə bilər. Bəlkə buna görə də indi insanlar televiziyadan hücrəyə çəkiliblər. Ancaq yazırlar, oxuyurlar... Bəlkə belə özlərini daha rahat ifadə eləyə bilirlər.

 

- Axı televiziya da əvvəlki televiziya deyil. Bir yerdə ki, cın çıxardalar...

 

- Hə... Mən indiyə qədər üç kanalda çalışmışam. Uzun illər Space-də, iki il ANS-də, sonra isə gəlmişəm AzTV-yə. Yəni o kanalların rəhbərləri ilə yaxşı tanışam. Çox ziyalı və səviyyəli insanlardılar. Düşünmürəm ki, onlar bunu bilmirlər...

 

- Ola bilərmi ki, onlar bu “Cınçıxartma” mərasimi ilə TV-nin öz canına girən cini çıxarmağa cəhd edirlər? Hər halda, yəqin ki, onlar da keyfiyyətli proqramları olan bir televiziyanın başında dayanmaq istəyirlər.

 

- (Gülür) Bilmirəm... Hamısı dostlarımızdır, yaxşı insanlardılar...

 

- İnsanlıqlarına bir söz demirik ki! Amma tamaşaçı kimi efirə baxanda gəldiyin qənaət odur ki, adamlar ciddi-cəhdlə canlarındakı cini çıxardıb, işləmək istəyirlər. Yəni, ortada doğrudan da bir cin var! Yoxsa, canına cin müsəlləh olmayan birisi efirdən bizə o verilişləri göstərməz axı...

 

- Bu mənada sizinlə razıyam. Amma gəlin digər tərəfdən də baxaq. Axı bu verilişlərə insanlar baxır.

 

- Deyək ki, birinin dişi yoxdur, ya çənəsində problem var, çeynəyə bilmir deyə biz ona elə mütləq şorba verməliyik?

 

- Yəni deyirsiz tamaşaçı da nə verirlər onu yeyir?

 

- Deyirəm axı bu tamaşaçı on il əvvəlki tamaşaçıdır. Bütün günahı onların boynuna yıxmaqla iş bitmir.

 

- Düzdür. Amma yenə də digər tərəfdən o verilişlərin hamısının qəhrəmanı var və o qəhrəmanlar da azərbaycanlıdır. O cini çıxardan da, cırmaqlaşan da azərbaycanlıdır.

 

- Hər yerin dəlisi var! Mütləqdir ki, yer verək, əlinə də bel verək?

 

- Razıyam! Onu eləmək olmaz! Ən azı televiziya onu eləməməlidir. Bizim başqa missiyamız var. Televiziyanın missiyası tamam başqadır.

 

- Siz “Səhər”dəsiz, hə?

 

- Bəli.

 

- AzTV-nin başından nə küləklər əsir, rəhbərlik dəyişir, fəsil dəyişir, bircə “Səhər” dəyişmir. O öz imicini qoruyub saxlayır.

 

- “Səhər” dəyişmir, çox kübar proqramdır. Yaxşı imici var. Mən “Səhər”i sevirəm. Üç ildir burdayam. Deyim ki, bura tərəddüdlə gəldim. Kənardan adama elə gəlir ki, Dövlət Televiziyasıdır, hamısı yaşlı kişilərdi...

 

- Adama elə gəlir ki, orda 12 ay payızdı...

 

- Hə, elə bilirsən ömrün payızıdır. (Gülür) Amma elə deyil. Çox yaxşı kollektivimiz var, istedadlı uşaqlarımız var.

 

- Yəni içəridən baxanda bahardır?

 

- Özü də elə bahardır ki... (Gülür) Kənardan göründüyü kimi deyil, sağlam mühit var. Bir də görürsən yazırlar ki, “AzTV-də internet yoxdur”. Vallah, yalan söhbətdir. Bütün günü internetdəyik. Absurddur!

 

Bu vaxt Türkiyədə təhsil alıb, Bakıya tətilə gələn qızı zəng edir. Onun təhsilindən danışırıq, o qədər maraqlıdır ki, az qala yenidən oxumaq istədiyini deyir. Belə-belə söhbət təhsil sistemimizdəki vəziyyətə gəlir. Bizdə niyə belə deyil sualı ortaya çıxan kimi, günahkarı axtarırıq:

 

- O vaxt Bakıya gələn qaçqın-köçkün seliylə düşünürəm ki, bəlkə də ən böyük zərbə bizim təhsilə dəydi. Çünki hər bir şeyini itirmiş insanlara yeni uşaqların tərbiyəsi həvalə olundu. Bakı məktəblərinə baxsaq, kifayət qədər qaçqın və köçkünlər dərs deyir. Mən o mənada demirəm ki, dərs deməməliydilər. Dərs deyə bilərdilər, öz çevrələrində. Məsələn, psixolojini bir tərəfə qoyaq. Azərbaycan uşaqları bu gün c və ç hərflərini doğru demirlər. Bu, mənim üçün faciədir.

 

- Bu təkcə uşaqlarda deyil ki! Məmurlar da ləhcə ilə danışır. Uşaqlar da bunu hardasa bəlkə bir prestij hesab edir...

 

- Ona görədirmi? Mən fikirləşirəm ki, elə deyil.

 

- Belə deyilsə də, burda Qarabağın rolu yoxdur!

 

- Mən fikirləşirəm ki, bu müəllimlərdən irəli gələn şeydir.

 

- Qətiyyən belə hesab etmirəm! Bakıya axın təkcə müharibədən sonra qaçqın-köçkünlə başlamadı. Rayonlarda işsizlik başladı, insanlar çörək dalınca şəhərə axışdılar. Əvvəllər tək-tək, şəhər adamı olmaq iddiası ilə gəlirdilər və birinci ləhcədən azad olmağa çalışırdılar...

 

- Düzdür. Biz universitetdə oxuyanda dərhal qruplaşma oldu. Sentyabrın 1-dən şəhər uşaqları və rayon uşaqları ayrıldıq. Amma onlar da bizə adaptasiya olmağa başladılar. Məsələn, Mirşahinlə bir yerdə oxumuşuq, indi o rayon adamı deyil ki... Amma indi elə deyil, şəhərli olmağa iddia yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12317
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar