Kənan MM
08 avqust 2023 16:00 (UTC +04:00)

Kənan MM

“Yeyintinin yekəsi kino sahəsindədir, sənətdən xəbəri olmayanlar...” - Kənan MM-lə MÜSAHİBƏ

Onunla söhbətimiz çəkiliş meydançasında baş tutdu. Gərgin görünürdü. Ora bura var-gəl edir, göstərişlər verirdi. İlk dəqiqələrdə söhbətimizin alınmayacağını düşündüm, amma sonra hər şey yoluna düşdü. Lent.az-ın müsahibi kinorejissor və aktyor Kənan Mahmudovdur.

- Kənan bəy, niyə gərginsiniz? Düzü həmişə belə görünürsünüz. Kənardan adama bir az kobud, qaba adam təsiri buraxırsınız.

-  Ola bilər. Kənardan adamı tanımaq çətindir. İnsanların fikrini dəyişmək üçün heç nə etməyəcəm. Necəyəmsə elə görünürəm. Həyatım belə keçir. Çatdırmıram hər işi özüm görürəm deyə, belə alınır. Bu gün serialın çəkilişi başlayır, çox şey yarımçıqdır. Əsəb keçirirəm.

- Komanda ilə yola gedə bilirsiniz?
-

Mənimlə it də yola gedər. Sadəcə bir az əsəbi vaxtıma düşdünüz. Yoxsa mən yaxşı oğlanam.

- Hansı serialın üzərində işləyirsiniz?

- “Gizli yara” serialına başlamışıq. 30 bölümlük ekran işidir, ARB kanalında yayımlanacaq. Ssenarisi mənə və Zülfiyyə Eldarqızına aiddir. Mənfi bir obrazı canlandırıram. Fərqli bir Kənan görəcəksiniz. Bütün filmlər çəkilməzdən qabaq reklam edilir, deyirlər biz çox fərqliyik. Bizim serial fərqli deyil, fərlidir.

- Nə ilə fərlidir. Maliyyəsi çoxdur?

- Hekayəsi yaxşı olmasa, filmə milyon da ayrılsa, yaxşı bir iş ortaya çıxmır. Sehrbaz deyilik. Yeni nəsil texniki avadanlıq, musiqi və ssenari yaxşıdır. 

- Sponsorlarınız var?

- Öz hesabıma. Bir az onun əsəbini yaşayıram. Amma bu barədə danışmaq istəmirəm.

- Kənan bəy, illər öncə efirə getmiş  “Aşkı memnu” serialı indi yeni nəfəslə yenidən ekranlara dönür. Konkret ssenari, konkret bölüm sayı var. İndi serial bir az tutan kimi gündəlik bölümlər yazılır, uzadılır, filmin əvvəlində bir cür tanıdığımız qəhrəman sonda başqa bir xarakterə bürünür... 

- Yox, biz seriyaları reytinq xətrinə uzatmayacağıq. Amma inanın ki, “Aşkı-memnunu mən çəksəydim, söyəcəkdilər. Təsəvvür edin qardaşoğlu əmisi arvadını sevir. Topa tutardılar məni. 
“Qayıdış” və “Ləkə” seriallarını çəkəndə uzatmaq təklifi aldım. Amma etmədim. Biznesmen deyiləm, rejissoram. Reytinq ola bilər, amma sevgi olmur. İnsanın hekayəsi bir yerdə bitməlidir. Reytinqə kim baxır, hansı tamaşaçı baxır verir bu reytinqi? Biz niyə bu nağılın dalına düşmüşük? Əsl reytinq Zaurdur, Xoşqədəmdir, Elgizdir. Cəmiyyət onların haqqında danışır.

- Kinoittifaqlar birləşdi, nə gözləntiniz var?

- Olmayan şey necə birləşdi? Bu necə bir multfilimdir? Heç bir ittifaqın üzvü deyiləm, heç bir gözləntim də yoxdur. Ayrılıqda daha yaxşı ola bilərdilər. İndi birləşdilər, elə bil ki, bir kişinin iki arvadı, iki günü bacı bir evdə yaşayacaq. Uğursuz müqayisədir, amma belədir. Birləşdilər, indi də liderlik söhbəti çıxacaq. O da başqa bir dərd olacaq. Hörmət elədiyimiz sənətkarları belə bir mübahisədə görmək xoş deyil. Sənət yoxdursa, sənətkar nə eləməlidir? Acından ölsün? Oxuyub qınamağa nə var ki, həmişə medalyonun bir üzünü görürük. Bir baxaq görək niyə belə oldu? Bəzən fahişələri qınayırlar, amma soruşmurlar niyə fahişəlik edir? Heç bir qadın könüllü fahişə olmur axı. O əvvəl məsum idi, onu buna sürükləyən bir “kişi” mütləq var.

- Siz bu mövzunu ekranlaşdırardınız?

- Yox qorxardım. Cem Yılmaz gəlir, beldən aşağı zarafatlar edir, gülürlər, biletinə pul verirlər, amma Fərdanı bir dənə poladqayırma sözünə görə qınayırlarsa...  Düzəlməyəcək. 

- Kimsə ilk addımı atmalıdır axı.

- Mən atmayım, Allah eşqinə.

- Sizi kim küsdürüb axı?

- Elə şeylər var ki, biz onları özümüz seçə bilmirik. Doğulduğumuz ölkəni, cəmiyyəti, anamızı, atamızı... Bəzi insanlar layiq olduqları sənəti layiq olmadıqları yerdə yaşayırlar. Coğrafiyamız taleyimizdə çox böyük rol oynayır. Bizdəki sənətçilərin xaricdəkilərdən fərqi yoxdur, vallah-billah çox istedadlıdırlar. Amma, hamımızın beynində ailə-məişət qayğıları var.

- TikTok da bu ehtiyacdan fəal idiniz? Deyirlər yaxşı pullar qazandırır. Açığı bizim tamaşaçılar sizi o dönəmdə daha çox tanıdılar. Niya ilə əməkdaşlıqdan sonra.

- Korona dönəminə düşdü, boşluqdaydım. Birdən deyirlər Qarabağ barədə niyə film çəkmirsiniz? Kim gəldi dedi, mən çəkmədim? İş yox idi, amma dincəlmirdim, bu günkü ssenarini yazırdım.  Bu populyarlıq cəmiyyətin mənə verdiyi ən pis şey oldu. Maşını park edirəm, deyir səni tanıyıram, ödəniş eləmə qonaq ol. Hardan tanıyır? TikTokdan. 22 ildir çəkirəm. 6 seralım, 10 filmim var. Onu bilmir, TikToku bilir. Nianı deyir mənə. Nia olmadan Kənan yox idi? Adam yanıb-tökülməsin nə eləsin? 

- Sosial şəbəkələrdə haqqınızda yazılanlara əsasən, tamaşaçı siz lovğa, özündənrazı, eqoist biri kimi tanıyır.

- Bəlkə də belə görünmək xoşuma gəlir, bəlkə sadə adam kimi görünməyə qorxuram. Bu mənim “maskirovkam”dır. Əslində dediyiniz o pərdəni qaldırsaq, içəridə mal var, bildiyin mal. Vallah malam. Billah malam. Saf deyiləm ha, malam. Gələn vurdu, gedən vurdu, özümdən başqa hamı məndən istifadə etdi. Bir gün Xalq artisti Nisə Qasımova mənə dedi ki, sən bu işdə işləyə-işləyə necə belə saf qala bilmisən. Məni qoruyan o kobudluq qalxanıdır. Bu mənim sığortamdır. Heç kim deyə bilməz ki, Kənanı mən Kənan elədim. Bircə Bakıda iş tapa bilməyib Naxçıvana qayıtmaq istədiyim gün dostum Zahir Quliyev köməyim olub. Naxçıvan da başqa dərddir mənə. Ona girməyək.

- Gəlin girək.

- Naxçıvana gedirəm, deyirlər burdan niyə film çəkmirsən. Mən Naxçıvanın rəhbəri deyiləm, vətəndaşam. Mənə şərait yaratmalıdırlar, sonra  deməlidirlər, işlə. 

- Kameranın önündə asandır, yoxsa arxasında?

- Öncə soruşun siz niyə rejissor oldunuz? Bilirdim aktyorluq istedadım var. Rəhmətlik Ceyhun Rzayev deyirdi ki, mən rejissorların əlində qalmayım deyə, rejissor oldum. Mən də elə. Bir dostum var, polisdi. O da deyir, polislərdən qorxurdum, ona görə polis oldum. Mən də istədiyimi çəkə bilim deyə bu yolu seçdim. O ki qaldı asan olmasın. Yazmaq daha asandı.

- Həmişə gileyli olursunuz. Peşmansınız?

- Yox. Yaşadığım, yaşatdığım heç nəyə peşman deyiləm. 40 yaşdan sonra nə peşmanlıq? Bir səhv et peşman ol, bir də peşman olduğuna peşman ol. Özümü başqa işdə görmürəm. 

- Aktyor kimi rejissorlarla işləmək necə, asan olur sizə? 

- Eldar Quliyev bir dəfə məni Qurban İsmayılov, Fuad Poladovla birgə çəkirdi. Onlara göstəriş verdi, mənə çatanda dedi sən özün bilirsən. Həm qürur duydum, həm utandım. Adamların təcrübələri mənim yaşımdan çoxdur. Kənara çəkib dedim ki, Eldar müəllim, onların yanında mənə də göstəriş verin. Ən yaxşı rejissorlar aktyorlardan çıxır. 

- Türkiyədən dəvət necə gəldi və davamı niyə olmadı?

- Sosial şəbəkədə Türkiyə və Azərbaycan bayraqları ilə paylaşım etmişdim, diqqət çəkmişdi. “Söz” serialına 2 seriyaya çəkilmək üçün dəvət almışdım, gedəndən sonra bəyəndilər, 40 bölümə çəkildim. Amma darıxdım, qala bilmədim. Müharibə də başlamışdı. Heç dayana bilmədim. O serialda Qarabağla, Mübarizlə bağlı hissənin ssenarisini mən yazmışdım. Bir dəfə “Qarabağ həqiqətən sizindirmi?” soruşdular əsəbdən vurub masaları aşırdım. Məsələ orda Kənan deyildi, vətən idi. Fox TV Amerikanındır, işçilərin çoxu ermənidir. Bunu orda etməyə çalışdım və etdim. Gələndən sonra Mədəniyyət Nazirliyi “başıma tac qoydu”.  Ümumiyyətlə, maraqlanmadılar. Sonra yenə dəvət gəldi. Getmədim, böyük dənizdə balaca balıq olmaq istəmirəm. 

- Yaxşı maliyyə ayrılsa, Hollivud dadında film çəkmək olar bizdə?

- Hollivud filmi bizdə ola bilməz. İmkansız bir şeydir.  “Forsaj” filmlərinin büdcəsi  yalan olmasın ortabab bir ölkənin büdcəsi qədərdir. “Kəpəz”də gətirib Ronaldonu oynada bilərsiniz? Amma Hollivudda da “Arşın mal alan”, “O olmasın bu olsun” olmayacaq, kino ruh məsələsidir. Onlar bizim koloriti verə bilməzlər, onlar istəsələr də “Ögey ana” çəkə bilməzlər, biz də döyüş, macəra filmləri.
 

- Kinoya bu qədər pullar ayrılır, amma ortada gözlə görünüb öyünəcəyimiz bir nəticə yoxdur. Adını çəkdiyiniz “Ögey ana”, “O olmasın bu olsun” ləzzətində, adı dillərə düşmüş film çəkilmir.

- Kinoya ayrılan pullar, sənətdən xəbəri olmayan adamların kabinetlərində xərclənir. Yeyintinin yekəsi elə kino sahəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8499
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar