“Zeynəbi mənim əlimdən Ələkbər Tağıyev aldı”. Bu fikri Lent-az-a müsahibəsində Xalq artisti Ceyran Haşımova səsləndirib.
“Zeynəb Asəf Zeynallıda mənim sinfimdə oxuyub. Yaman şuluq qız idi. Kollecdəki oğlanlar əlindən dad edirdilər, gəlib ondan mənə şikayətçi olurdular ki, müəllimə Zeynəb bizi vurdu, bizə söydü filan. Mən də təpinirdim ona. Əvvəl qara, quru bir qız idi, sonra çox gözəlləşdi”.
O qeyd edib ki, cavanlığında onu Zeynəb Xanlarova ilə qarışıq salıblar.
“Saç düzümümüz, simamız çox bənzəyirdi deyə məni Zeynəb bilib yaxınlaşırdılar. Ələkbər Tağıyev onun küçəyə çıxmasına qadağa qoymuşdu. İstəyirdi ulduz olsun, adamlar arasında çox görünməsin. Düz edirdi, ulduzun bazarda nə işi var? Zeynəb ansamblda olmadı. Nisə Qasımovanı da mən yetişdirmişəm. Zeynəb də, Nisə də dağlı qızlarıydılar, dağlılar da bir-birlərini yaman “tutan” olurlar. Zeynəbin mahnılarını Nisə də oxuyurdu deyə Zeynəb tez-tez mənimlə Nisəni Ələkbər Tağıyevin evinə çağırırdı, mahnıları birlikdə məşq edirdilər. Hər mən ora gedəndə Ələkbərin qonşuluğundakı adamlar Zeynəb bilib mənim arxamca düşürdülər”- deyə Ceyran xanım bildirib.