Azərbaycanın Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə reallaşır. Ekspozisiya aprelin 1-də saat 19.00-da İncəsənət Muzeyində olacaq.
C. Rüstəmov ömrünün 50 ilindən çoxunu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş fırça ustasıdır. Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, dərin milli ruh və poetikliyi ilə fərqlənir. Fırça ustasının yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna əyani sübutdur. Bütün bu janrlarda rəssam özünə, realistik sənət sadiq qalır.
C.Rüstəmovun rəngarəng əsərləri nəinki Azərbaycanda, həm də onun hüdudlarndan kənarda da yüksək dəyərləndirilib və sevilib. Onun əsərləri Rusiyada, Türkiyədə, Bolqarıstanda, Macarıstanda, İran İslam Respublikasında, Suriyada, Livanda, Rumıniyada və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Onun əsərləri bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.