Oktyabrın 13-də Ukraynada Azərbaycan musiqisinə həsr olunmuş gecə keçiriləcək.
Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fəxrəddin Kərimovun APA-ya verdiyi məlumata görə, gecədə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək: “Ukrayna Dövlət Simfonik Orkestri ilə uzun müddətdir əməkdaşlıq edirəm. Təklif etmişdim ki, Lvovda Azərbaycan gecəsi təşkil edək və sevinirəm ki, bu təklifim qəbul olundu. Azərbaycan gecəsini təntənəli şəkildə qeyd edəcəyik. Üzeyir Hacıbəyovun “Koroğlu”, Soltan Hacıbəyovun “Karvan”, Firəngiz Əlizadənin “Nağıllar”, Qara Qarayevin “Don Kixot”, Fikrət Əmirovun fortepiano üçün konsertini təqdim edəcəyik. Konsertin sonun F.Əmirovun “Azərbaycan” kapriççiosu səslənəcək. Azərbaycan gecəsində professor Fərhad Bədəlbəyli Fikrət Əmirovun fortepiano üçün konsertini musiqisevərlərə təqdim edəcək”.
Fəxrəddin Kərimovun dirijorluğu ilə keçiriləcək gecədə Azərbaycanın Ukraynadakı səfiri, diaspor nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.