Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Lent.az-ın məlumatına görə, kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verib. Daha sonra isə Bakıya gəlib.
Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov AZƏRTAC-a müsahibəsində bildirib ki, turne Türk Şurasının 10 illiyinə həsr olunur və avqustun 27-dən başlayan silsilə konsertlərlə Bakıda tamamlanır. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər. Orkestrin tərkibində adları çəkilən ölkələrlə bərabər Rusiya, Türkiyə və Türkmənistan təmsilçiləri də var.
Repertuarın fərqli olduğunu deyən D.Kaseinov qeyd edib ki, konsertdə Qərb klassik əsərləri ilə yanaşı, türk xalqlarının musiqisi də səslənir. Burada, həmçinin gənc musiqiçilər də iştirak edir. “Fikirləşirəm ki, tamaşaçılar bugünkü konsertdən razı qalacaqlar”, - deyə D.Kaseinov əlavə edib.
Qeyd olunub ki, gələn il orkestrin 10 illiyidir. Bu münasibətlə orkestrin Avropa və ABŞ-a qastrol səfərləri planlaşdırılır.
Bu günə qədər 10 fərqli ölkədə 100-ə yaxın sənətçini bir araya gətirən TÜRKSOY Gənclik Kamera Orkestri Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Şotlandiya və Balkan ölkələrində 60-a yaxın konsert verib. TÜRKSOY Gənclik Kamera Orkestri müxtəlif qitələrdə həyata keçirilən bu konsertlərlə türk dünyası bəstəkarlarının əsərlərini uğurla ifa edərək tamaşaçıları heyran edib.
Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən maraqla qarşılanıb.