Dünən axşam saatlarında qardaş Türkiyənin ekranlarında Azərbaycanın zəngin musiqi mədəniyyətindən bəhs edən yeni televiziya proqramı yayıma başlayıb. Kifayət qədər geniş auditoriyaya malik “Ekim TV” ilə yayımlanan 2 saatlıq canlı proqramın ilk qonağı respublikanın əməkdar artisti Gülyanaq Məmmədova olub. Telekanalın yayım koordinatoru Zafer Tokakın qəzetimizə verdiyi məlumata görə, tamaşaçılar yeni proqramı coşqu ilə qarşılayıb və verilişin ilk yayımı çox yüksək reytinq yığıb.
“Biz bu proqramla Türkiyə tamaşaçılarını Azərbaycan musiqisinin ən parlaq nümunələri ilə tanış edəcəyik. Xalq musiqisi ilə yanaşı, klassik və estrada musiqisinə də geniş yer verəcəyik” – deyə, verilişin aparıcısı Xumar Qarabağlı müxbirimizə bildirib. Onun sözlərinə görə, proqramın yaradıcıları bu televiziya layihəsinin Azərbaycanla Türkiyə arasında yeni bir mədəniyyət körpüsü olacağına ümid edirlər. Biz verilişimizin hasilə gəlməsi üçün Azərbaycandan bizə yardım edən hər kəsə, o cümlədən, proqramımızın orijinal formatını hazırlamış professor Qulu Məhərrəmliyə təşəkkürümüzü bildiririk.
X.Qarabağlı İstanbulda yaşayan soydaşlarımızın bu proqrama göstərdikləri maraqdan da bəhs edib. Qeyd edək ki, “Azərbaycandan əsən ruzigarlar” proqramı hər çərşənbə günü Bakı vaxtı ilə saat 19-da Ekim TV ilə canlı efirə çıxacaq.