Tehranda Saib Təbrizi anılıb
08 iyun 2013 22:08 (UTC +04:00)

Tehranda Saib Təbrizi anılıb

Tehran şəhərinin Vəhdət sarayında XVII əsrdə yaşamış, türk və fars dillərində əsərlər yaradan klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Saib Təbrizinin xatirəsi anılıb.

 

Lentşaz-ın  APA-ya istinadən məlumatına görə, bununla bağlı “Saib Təbrizi və əxlaq şeiri” mövzusunda tədbir keçirilib. S. Təbrizinin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusu, azərbaycanlı şairin şeirlərindən seçmələr, həmçinin onun adına markanın buraxılması, məqalə müəlliflərinin mükafatlandırılması, əxlaq şeiri öncüllərinin təltif edilməsi mərasimin əsas proqramlarından olub.

 

İranın mədəniyyət və İslami irşad naziri Seyid Məhəmməd Hüseyni S. Təbrizi kimi görkəmli şairlərə xüsusi diqqətin göstərilməsinin əxlaqi şeirlərə rəvac vermək üçün zəruri sayıb: “Ölkə təqvimində günlərdən birinə də doğum və ya vəfat günü ilə əlaqədar Saib Təbrizinin adının verilməsi nəzərdə tutulub. Qərbin mədəniyyətsizliyi yaymağa çalışdığı bir şəraitdə biz öz mədəni zənginliyimizə daha artıq müraciət etməyə ehtiyac duyuruq. Bizim ədəbiyyatımız əxlaq şeirləri yazmış şairlər ilə doludur”.

 

Qeyd edək ki, İranın öz şairi kimi təqdim etdiyi Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulub. Ancaq Səfəvi hökmdarı I Şah Abbas paytaxtı İsfahana köçürdüyü zaman təbrizli şairi də özü ilə sarayına aparıb. Ömrü demək olar ki, səyahətlərdə keçən S. Təbrizi Səfəvi hökmdarı II Şah Abbasın hakimiyyəti dövründə məlik-üş-şüəra (şairlərin başçısı) olub. İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradan təbrizli şairi Hindistanda da farsdilli poeziyanın “Hindistan məktəbi”nin banisi kimi tanıyırlar. S. Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar