Qəbələdə Beynəlxalq Musiqi Festivalı öz işini davam etdirir.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, tanınmış musiqiçilər Heydər Əliyev Fondunun mədəniyyət layihələrindən biri kimi V Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsini yüksək qiymətləndirib.
V Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski bu musiqi bayramının təşkilatçılığını yüksək qiymətləndirib, musiqisevərlərin təxminən iki həftə davam edəcək festivalda dünya şöhrətli bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edəcəklərinə əminliyini bildirib.
O, deyib: “Qəbələ sanki mənim evimdir. Buranın çox gözəl təbiəti vardır. Burada aeroport fəaliyyət göstərir. Futbol meydançaları, otellər, istirahət mərkəzləri mövcuddur, məktəblər tikilir. Qəbələ ilə bağlı təəssüratlarım çox gözəldir və buraya bir daha qayıtmaq istərdim”.
İsrailli konsertmeyster Janna Qaldelman Yerusəlim Simfonik Orkestri ilə bir çox festivallarda iştirak etdiyini bildirib. İsrailli xanım V Qəbələ Beynəlxalq Musiqi Festivalında istedadlı ifaçıların və dirijorların iştirakının bu tədbirin əhəmiyyətindən xəbər verdiyini deyib.
Festivalda iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, bu cür festivallar nəinki qəbələlilərdə, hətta ətraf rayondan olan sakinlərdə də çox böyük maraq yaradır. Bu tədbir Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir.
Artıq 5 ildir ardıcıl keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında bu il ilk dəfədir ki, türkiyəli ifaçılar da iştirak edir. Türkiyəli vokalçı Burçin Savigne tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Xanım ifaçı gələcəkdə bu festivalın dünyada məşhur bir tədbirə çevriləcəyinə əminliyini bildirib.