Seymur Baycan: “Məndən sədaqət istəmək cığallıqdır” – SÖHBƏT
06 dekabr 2012 17:04 (UTC +04:00)

Seymur Baycan: “Məndən sədaqət istəmək cığallıqdır” – SÖHBƏT

Möhtəşəm qadınlar haqda layihə hazırlamaq istəyirdim ki, Baş direktor Qabil müəllim “bu layihəni gələn ilə saxla, başqa tapşırığım var. Günel Mövlud Gürcüstana gedir, “Qadın Klubu”nu isə bağlaya bilmərik, get rəfiqələrini topla başına, hazırla...”

Ağlımda ancaq o idi ki, Günel Mövlud Gürcüstana getməyə vaxt tapdı? Gürcüstan deyəndə isə niyəsə ağlıma yazar Seymur Baycan gəlir. Hamının ağlına ya çaxır, ya da Saakaşvili gəlsə də... Nə isə, ilk qonağımız Seymur olası oldu.

Tez bir zamanda klub üzvlərimizi də müəyyən etdik: illərə meydan oxuyan qadınlardan biri, uzun illər AZTV-dən tanıdığınız Nailə İslamzadə, yazardan xeyli narazı olan ingilis dili müəlliməsi Rübabə Hacıyeva, qadın klubunun əvvəlki üzvlərindən olan, Seymurun yaxın dostu və ona heç bir sualı olmayan kinoşünas Aygün Aslanlı və mən...

Və görüşdük. Danışdığımız vaxtda danışdığımız yerdəyəm, ilk gələn Seymurdur. Sonra isə yavaş-yavaş klubumuzun üzvləri toplaşır, başlayırıq söhbətə. Dörd qadınla masa ətrafında əyləşən Seymur nə desə yaxşıdır? “İstəməzdim söhbətimizdə qadından danışaq...”

Bravo Seymur! Amma bu günə kimi hansı kişiyə qismət olub ki, dörd qadınla söhbət edəndə mövzunu o müəyyənləşdirsin? Davam edirik, o isə danışana oxşamır, suallarımıza ya “hə”, ya “yox”, “ola bilər”, uzaq başı “hmm” ilə cavab verir. Bildiyiniz qadın məclisi. Yazarın üzünə qarşı onun haqqında fikirlərimizi bir-birimizlə paylaşırıq. Yazılmalı hissələrin qısaca yazım, qalanların fantaziyalarınıza buraxıram:


Aygün Aslanlı: Məni jurnalistikaya Seymur gətirib. O vaxt mənə dedi ki, köhnə yazını götür, içindən 7 cümlənin yerin dəyiş, olacaq təzə yazı...

Vüsalə Məmmədova: Öz yazılarında belə edir də. Elə bil gündəmdən düşmək qorxusu var. Bir az ara sakitləşən kimi yenə qadın mövzusunu təkrarlayır...

Nailə İslamzadə: İçində qadınlara qarşı çox böyük aqressiya var. Həm də ümumi yazır. Ən azından “bəziləri” yazmaq olar. Sizin gördükləriniz budursa, hamı belə deyil axı...

Seymur qəfildən siqaretin külqabıya basıb:

- Bax görürsüz nə qədər səbəb gətirirsiz? İmkan verirsiz danışım?

Xor: Buyurun!

- Mən istəyirdim ki, biz bir birimizi müzakirə edək. O yazılardan sonra polemika başladı. Düzdü, şitin çıxardanlar da oldu, həyat təcrübəsi, mütaliəsi olmayanlar nəsə yazdı, amma mən öz məqsədimə nail oldum. Birinci, kitab oxuyan qızların sayı artdı. Məni söydülər, sonra mən o qızların içindən ən ağıllıların seçdim və kitaba gətirdim. Bu gün o qızlar aktivləşib, öz üzərində işləyib. İkincisi isə istədim bir o tərəfdən də bizə söz deyən olsun. Desinlər ki, bizi bu günə qoyan siz kişilərsiz. İstədim bizi təftiş edən olsun ki, siz də özünüzdən çox razı olmayın, siz də çox düz-əməlli deyilsiz. Amma təəssüf ki, bunu görə bilmədim. Uzaqbaşı mənə gələn cavab o oldu ki, sizi də bir azərbaycanlı qadın doğub. Guya mən bilmirdim ki, məni azərbaycanlı qadın doğub? Guya ən ağır ittiham bunu hesab edirlər. Amma “lobalob” üstümə gələn olmadı. Bir qız mənə demədi ki, məni bu günə qoyan ərimdi, atamdı, qardaşımdı. Bu cəsarəti görmədim. Spinoza deyirdi ki, insanlara köləlikdən yox, azadlıqdan danışın. O yazılar, içində bir balaca azadlığa meyli olan insana kömək elədi. Çoxları hesab edir ki, o yazıları yazmaqda səbəb özümün qadın problemim olmasıdır, amma yaxınlarım bilir ki, qadınlarla problemim yoxdur.

Bir nəfər ortaya çıxıb nəsə yazanda hamı düşür onun üstünə ki, sən bunu niyə yazmısan? Amma heç yazmayana demirlər niyə yazmırsan? Bu da ondan irəli gəlir ki, xalq gənc adamı, gənc fikri, dağıdıcılığı sevmir. Dağıtmalıyıq, çox şeyləri dağıtmalıyıq... Əkmək üçün birinci şumlamaq lazımdı ki, əkəsən. Biz hələ ki şumlamalıyıq. Yerində nə əkəcəyik... görəcəyik də...

Bu yerdə nələri dağıtmalıyıq, ondan söz düşür. Aygün bu günlərdə festivalda izlədiyi filmdə səslənən söyüşə tamaşaçıların etiraz etməyindən danışaraq bildirir ki, bu komplekslərimizi dağıtmalıyıq. Nailə xanım isə etiraz edir:

Mən əgər oğlumla filmə getmişəmsə, niyə orda söyüş eşitməliyəm?

Və mübahisə başlayır: Söyməlimi, söyməməlimi? Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəlliməmiz də hesab edir ki, söyməməli! Məncə isə söyüşə bənzər filim çəkincə, əsl film çəkib içində söyməli. Seymur isə siqaret çəkir... Biz söyməli, ya söyməməli müzakirəsindən anında keçirik Seymurun yazılarında bəzən hətta söyüşə bənzər tənqidə.

- Mənə səhv tuturlar ki, sən ziyalını tənqid eləmisən. Heç kim deyə bilməz ki, mən Axundovu, Cəlili, Hacıbəyovu, Cabbarlını, Sabiri, Azərbaycan xalqının üzün ağ edən adamları tənqid eləmişəm...
Nailə İslamzadə: Onları tənqid etməyə heç kimin ixtiyarı yoxdur!
- Mən geydirmə, “kitayski” ziyalıları tənqid eləmişəm, yaxşı eləmişəm, edəcəm də. Mən kimlərə söz atıramsa onlar özləri bilir. Aqressivdirlər, çünki özləri də sığındıqları dəyərlərin əslində yalançı dəyərlər olduğun bilirlər. Yalançı qum heykəllərdi, toxunan kimi uçurlar. Bir dəfə dostum mənə dedi ki, bilirsən sənə niyə nifrət edirlər? Sənin azadlığın onlarda yoxdu. Onlar mənim azadlığımı qısqanırlar...

Bu tənqid məsələsi ilə Rübabə xanım da razı deyil, hətta çəp-çəp Seymura baxır.

Nailə İslamzadə: Sizin bir yazınız var idi AzTV haqda. Bakıya qonaq gələn özbək bəstəkar teleqülləni daha çox hərbi düşərgədəki gözətçi qülləsinə bənzədir. Maraqlı fikir idi, amma mən o məqaləni oxuyanda sevindim ki, AzTV-dən çıxmışam, yoxsa mənim də haqqımda yazardız ki, neçə ildir burdadır... Yəni bu keçmişdən qalanlar heçmi sizi maraqlandırmır? Hamının üstündən xətt çəkmək lazımdır? Məncə, hər şeyin üstündən xətt çəkmək, kimisi inkar etmək olmaz. Mən çox tolerant adamam deyə belə hesab edirəm.

- Əvvəla, AzTV mənim ölkədə ən çox hörmət elədiyim kanaldı, ora haqda bir neçə yazı da yazmışam. AzTV həqiqətin özün göstərir. O biriləri kimi heç nəyi yalandan bəzəmir. AzTV-yə o biri kanallardan daha çox hörmət edirəm.

Vüsalə: Çox bahalı bir maşının, rahat evin, böyük məbləğli maaşı olan kreslon olsa bu gün yazdıqlarını yaza biləcəksən?

- Yəqin ki, yox! Lermontovun çox gözəl bir sözü var, deyir ki, məmur kreslosunda oturan yazarı iki aqibət gözləyir. Ya ölmək, ya da ki, ölmək! Bizim adamların çox mənasız bir fikri də var “yaradıcı adam mütləq ağır həyat yaşamalıdır ki, yaza bilsin”. Yox! Boş söhbətdir. Amma mən heç vaxt nə maşın, nə villa arzusunda olmamışam. Mersedesin üstündəki nişanı götür qoy BMW-nin üstünə mən heç bilməyəcəm bu mersedesdi, ya BMW. Bircə sovet maşınlarını tanıyıram.

Mövzularımız surətlə dəyişir. Hətta Seymur bizə lətifə də danışır:

- Biri gedir həkimə deyir ki, mənə çətindi, yaşaya bilmirəm. Həkim isə deyir həyat gözəldir, de, gül, həyatdan zövq al. Məsələn, mən dünən oğlumu götürüb getdim sirkə, kloun bizi o qədər güldürdü ki... Xəstə isə cavab verir: həkim, o dünən güldüyün kloun mənəm.

Görüşə gəlməzdən əvvəl Seymur haqda eşitdiyi fikirlərdən Rübabə xanım onun nümunəvi şagirdlərdən olmadığını təxmin etmişdi və bu münasibətin gizlətmirdi. Lətifədən sonra isə Rübabə xanımın Seymura baxışlarındakı qəzəb azalır, öz sükutunu pozur:

Biz məktəbdə tez-tez yazıçılarla görüşlər təşkil edirik. Seymur gənc yazardı, axı mən onun uşaqların yaşına uyğun hansı əsərin sinifə təqdim edim ki, bunu oxuyun, yazıçı ilə görüşək?

Aygün Aslanlı: “Quqark”ı verə bilərsiz...


- Yox... Olmaz. Mən müəlliməni başa düşürəm. Mənim əsərlərim uşaqlar üçün deyil.

Nailə İslamzadə: Eybi yox, universitetdə oxuyarlar...

Bu yerdə Nailə xanımla Seymurun maraqlı mübahisəsi... Nailə xanımı sevirəm. Bu qadın illərə meydan oxuyur. Gəncliyindən bu günə qədər oxuduğu əsərləri də, əsərlərin müəlliflərini də ciddi cəhdlə Seymurdan müdafiə edir: “Zövqlər müxtəlifdi, sən hansısa əsəri bəyənmirsənsə bu nə əsərdir deməyin doğru deyil. Fakt odur ki, o əsərləri oxudular, bəyəndilər və unutmadılar. O əsərlər yaşadı... yaşayacaq...” Seymur isə hər zamankı kimi dövrə meydan oxuyur, yəni öz repertuarındadır... Mübahisəni mən kəsirəm:

Seymur, yazıçıları atalarının adının kölgəsinə sığınmaqda günahlandırırsan, gələcəkdə sənin də oğlun başlayıb yazsa ki, Seymur Baycanın oğluyam, nə yazsam oxuyacaqlar, necə olacaq?

- İnsanda bir “next” düyməsi var. Bəziləri ilişib qalıb 88-ci ildə, bəziləri 18-ci ildə, eləsi var repressiya illərində qalıb. İnsan çalışmalıdır ki, mümkün qədər gec ilişsin. Mən də əlimdən gələn qədər çalışıram gec ilişəm. Harda, necə ilişəcəm, bilmirəm, amma yəqin ki, mən də hardasa ilişib qalacam. Amma buyurun. Qoy mənim özümü təftiş etsinlər. Qoy elə mənim özümə də gəlib desinlər ki, sən bir vaxtlar belə yazırdın, artıq gəlib filan yerdə ilişmisən. Bu çox gözəl olar. Bu o deməkdir ki, artıq tərəqqi var, kimsə gəlib məni təftiş edir... Amma baxıram ki, məndən sonra ədəbiyyata, publisistikaya gələn adamlar üstümə hücum çəkirlər. Bu o deməkdir ki, o məndən daha qocadır, artıq o mənə uduzub.

Sonra Seymur ona maliyyə dəstəyi göstərən dostlarından da söz açdı:

- Bir dostum deyir ki, mən Seymura pul verəndə onu Seymura yox, uşağımın gələcəyinə verirəm. Mən hər adamdan pul almıram. Qadağalar qoyan, filan mövzulardan yazma deyən adamdan heç vaxt pul almaram. Sizə çox maraqlı gələ bilər, amma mənə kömək edən insanlardan biri dindardı. Heç o da mənə qadağa qoymağa cəhd etmir.

Aygün Aslanlı: Xaricdəki dostların əsərlərini tərcümə etməyə kömək etməzlər?

- Biz boynumuza alaq ki, üçüncü ölkənin yazarıyıq. Orda qəbul olunmaq üçün tiraj olmalıdır, o bizdə yoxdu. Birinci şərt odur ki, ictimai-siyasi hərəkatlarda aktiv olmalısan. Biz fələstinli, iraqlı, əfqan deyilik ki, bundan istifadə edə bilək. Xalid Hüseyni, Əli Amir kimi. Xaricdə olan təşkilatlar hər 3-4 ildən bir üçüncü ölkələrdən yeni nəfəs buraxırlar. Orda da ki, o qədər immiqrant var... oturublar orda, dili gözəl bilirlər, həmən qabağa düşürlər. Ora gedib çıxmaq çətindi, ancaq möcüzə baş verməlidir. Xaricdəki dostlar da ancaq başların dolandırırlar, mən onlara necə deyim ki, sən işini gücünü at otur 360 səhifəlik bir romanı alman dilinə çevir. Bunun üçün dövlət proqramı olmalıdır. Məsələn, gürcülərdə bu iş üçün dövlətdən pul ayrılır. Adı bir kitab festivalında gürcülər bizdən 10 dəfə, 20 dəfə böyük bir sahə ilə iştirak edirlər. Bu saat orda on yazıçı var ki, onları efirə sırf yazıçı kimi dəvət edirlər ki, məsələn, narkotiki açıq satışa buraxmaq istəyirik, gəl sən də öz fikrini de. Bir rəssam çağırırlar, bir rejissor, bir də yazıçı. Bizdə də dəvət edirlər, amma necə? 2 müğənni çağırır, üç repçi, məni də çağırır ki, sən də gəl orda 1 dəqiqəlik fikrini de. Mən də ona görə getmirəm. Onlar mənə mənim heç kim olduğumu sübut etdirmək istəyir, mən də onu qəbul etmirəm. Bir neçə ildən sonra dünyada gürcü əsərləri oxunacaq, tanınacaq, onda bizimkilər deyəcək, “xristiandırlar, ona görə”. Amma ona görə yox, gürcülər bu gün ona doğru gedirlər.

Söhbət yenə də “Quqark”dan düşür. Klub üzvləri ermənilərin birmənalı şəkildə düşmən olduğunu bildirir. Bu hissədən ancaq “twit” ya “retwit” üçün (zövqünüzə görə) Seymurun fikirlərin yazıram:

“Mən Ermənistanda ən çox olan azərbaycanlıyam. Düz 10 dəfə. Hər təbəqənin adamı ilə görüşmüşəm, danışmışam!”

“Nə ermənilər burdan köçəsidir, nə biz. Nə onlar bizi axıra qədər qırası deyil, nə biz onları!”

“Müharibə oyundur və ortada gənclər itirir!”

“Ermənini sevənlər var, görüşənlər var, xaricdə evlənənlər də var!”

“Hətta internetdə yazışıb gedib Tiflisdə görüşənlər də var!”

Vüsalə: Xoşbəxt olmaq üçün bir kişiyə neçə qadın lazımdı?

- Oxuyuram, yaşlı kişilərdən eşidirəm ki, deyəsən keçmişdə qadın-kişi münasibətləri daha asan olub, nəinki indi...

Vüsalə: Onda qadın fiqurdan başqa bir şey deyildi axı...

- O kişilər yəqin ağıllı adamlar imişlər də. Sistemi elə qoyubmuşlar ki, belə də getsin. Sonradan bu maarifçilər-zadlar gəldi qadınları qatdılar ciddi işlərə, aləm qarışdı bir-birinə, indi heç nə başa salmaq olmur.

Nailə: Qadın ciddi işlə məşğul olmamalıdır?

- Nə vaxta qədər ki, qadın ana idi, bacı idi, ilham pərisi idi, sevgili idi, o vaxta qədər həqiqətən də onun haqqın yüksək səviyyədə verirdilər. Onlara əsərlər, şeirlər ithaf olunurdu.

Aygün: Qadın da özün ilham pərisi kimi aparırdı...

- Hə. Amma indi gəldi belə oldu... Kamera da, qələm də kişilərin əlindədi axı. Onlar da başladı qadınlara yuxarıdan aşağı baxmağa. Deməyə ki, əgər sən ana olmaq, bacı olmaq, ilham pərisi olmaq istəmirsənsə, bizim də münasibətimiz budur...

Aygün: Seymur, bütün qadın pərəstişkarların üçün bir sual verəcəm. O evlənmək, elçi getmək məsələsi nə qədər ciddi idi?

- Yox, yox. Nə evlənmək?...

Nailə: Mənə elə gəlir ki, hər bir kişinin həyatının qadını olmalıdır. Bir nəfər də olsa olmalıdır.

- Yəqin ki... Hələ ki, həyatımda elə bir qadın olub, ona yazı da həsr eləmişəm. Açığın deyim ki, mənim qarşıma çox yaxşı qadınlar çıxıb. Mənə çox kömək ediblər, həm maddi, həm də mənəvi tərəfdən. Amma onu başqa münasibətdə olduğum qadınlardan daha yüksəkdə tuturam.

Nailə: Bu böyük şeydi... Amma Vüsalənin sualının cavabı deyil...

Bu yerdə Rübabə xanım əsl müəllimə olduğunu sübut etdi. Klassik müəllimə, daha bu gün məktəbdə uşaqlardan az qala fitrə pullarını da toplayan modern müəllimələrdən yox. Bu arada, söhbət əsnasında onun qonağımıza olan münasibəti dəyişmişdi. İndi neyləməli? Qadınları Seymur qədər sevən yoxdu. Heç kim onun qədər qadınları azad və xoşbəxt görmək istəmir fikrinin yalan olmadığını sübut etmək üçün bütün qadınlarla Seymurun tək-tək görüşünümü təşkil etməli? Rübabə xanım Seymurun mənim sualımdan qaçdığını görüb, həm də Seymur bu! Sağı-solu bəlli olmaz. Birdən elə bir rəqəm səsləndirər ki... axı bu yazını şagirdlər də oxuyacaq. (Görünür hələ də şübhələri var) Aldı əlinə qırmızı qələmi, sualımdakı neçə sözündə “ç”-nin üstündən xətt çəkib, onu “c” ilə əvəz elədi. Tam bir müəllimə. Bəs necə? Axı o gələcək nəslin təlim-tərbiyəsi ilə məşğuldur. Və durumlar dəyişdi... əsl müəllimə dərsini bilməyən uşağı da danışdırmağı bacarandır. Və Seymur Baycan gözümüzün qarşısında dəyişib başqa adam, Əliyev Seymur Novruz oğluna çevrildi. Böyüyün yanında siqaret çəkməyən yeniyetmə həyəcanı ilə, hətta utana-utana, baxışlarını gizlədib, çətinliklə arzularının qadını haqda monoloqunu səsləndirdi:

- Qadın yemək bişirməyi bacarmaya bilər, öyrənər. Zövqsüz olar, öyrənər... geyinməyi... Kitab oxuyan olmaz... sonradan oxuyar, burnu uzun olar,... kəsdirər, sinəsi olmaz, böyüdər... arxası olmaz, onu da... Tibb oracan gəlib çıxıb. Amma mənim üçün qadında... bir kişi kimi,... yazar kimi... ən dəyər verdiyim şey sədaqətdir. Qadın sədaqətli olmalıdır! Mən əgər bilsəm ki, o hardasa mənim arxamca gülüb, ələ salıb, bu mənə çox pis təsir edər. Mən hər adamı ürəyimə yaxın buraxmıram. Çox böyük qorxum var. Sədaqət başqa şeydir. İnsana xəyanət eləmək olmaz! Eləmək istəyirsənsə, artıq görürsən ki, düz gəlmir, meylin başqasını çəkir, açıq de ki, qardaş, düz gəlmir, belədir... Çıx get... Xüsusi ilə qadınlar xəyanət edəndə evdəkinə qarşı daha mərhəmətli olurlar...

Aygün: Sən də o qadına sadiq ola biləcəksən?

- Məndən sədaqət istəmək artıq cığallıqdır.

Nailə: İnsan həyatının məhəbbətini tapanda sədaqət öz-özünə gəlir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4207
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar