“Ötən il mənim üçün uğurlu oldu. Avropaya qastrollara getdim. Rusiyada da çıxış etdim. İtaliyaya səfərimiz daha yaddaqalan oldu. Milanda keçirilən ümumdünya sərgisində Azərbaycanı təmsil etdim. Həm Azərbaycan, həm də italyan musiqiləri ifa etdim. Üzeyir Hacıbəyli, Tofiq Quliyevin əsərlərini səsləndirdim. Maraqlı idi ki, başqa stendlərdən ayrılıb bizim konsertə gəlirdilər. Möhtəşəm konsert oldu”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, xalq artisti Samir Cəfərov deyib.
Vokalçı bildirib ki, muğamı dünyaya fars, klassik musiqilərimizi isə sovet musiqisi kimi təqdim ediblər: “Bu hər zaman belə olub. Müstəqillik əldə etdikdən sonra Azərbaycan musiqisi dünyaya inteqrasiya etdi. Avropalılar deyir ki, “nə millidirsə, o fərdidir”.
Xalq artisti son səfəri barədə ətraflı məlumat verib: “Ötən ay VI Minsk Forumunda iştirak etdim. Forumun proqramına əsasən, 10 gün müddətində müsabiqələr keçirilir, sonda isə qala konsert təşkil olunur. Burada dünyanın ən məşhur opera ulduzları çıxış edir. ABŞ, İsrail, Baltikayanı ölkələrdən, Özbəkistan, Rusiya, Ukrayna və başqa ölkələrdən ifaçılar iştirak edir. İlk dəfə idi ki, Minskdə Opera və Balet teatrında çıxış edirdim. Anşlaq idi. 3 əsər ifa etdim”.
Akademik Opera və Balet Teatrının solisti bu sahədə gənc ifaçıların az olduğunu diqqətə çatdırıb: “Gənc ifaçılar var, amma azdır. Əslində, dünyada da belədir. Bu birqədər maddiyyatla da bağlıdır. Opera bizə yad sənətdir. Buna görə də tamaşaçısı çox ola bilməz. Düşünürəm ki, hər bir vokalçı paralel olaraq, estrada sənəti ilə də məşğul olmalıdır ki, reklam olsun, ad-san qazansın, maddi durumunu yaxşılaşsın. Şəxsən mən vokalçıları estradaya dəvət edirəm. Çünki sevdiyi ifaçını operada da görmək marağı tamaşaçını teatra gətirəcək. Bizim musiqimizdə belə nümunələr çoxdur – Rəşid Behbudov, Azər Zeynallı, Fidan Hacıyeva operaya estradadan gəliblər. Tamaşaların nə qədər uzunömürlü olacağı həm də maddiyyatdan asılıdır. Tamaşaçı tələbi də olmalıdır. Avropada tamaşaçıların istəyinə əhəmiyyət verilir. Bizim teatrın repertuarı zəngindir. Gözəl ifaçılar gəlir. İstəyimiz budur ki, buradan getməsinlər. Gənclərin sayı azdır. Vokalçılar az yetişir”.
Samir Cəfərov qeyd edib ki, klassik ifaçıları bir araya gətirəcək müsabiqələrin keçirilməsinə ehtiyac var: “Muğam müsabiqələri çox keçirildi. Fasilə verilsəydi, yaxşı olardı. Çünki tamaşaçı qalibləri tanımalı, onlara alışmalıdır. Amma tez-tez keçirilməsi bir çox qaliblərin unudulması ilə nəticələndi. Mahnı və klassik janrda da müsabiqələrin keçirilməsinə ehtiyac var. Muğamı hər kəs dinləmir”.