Rusiyada kilsə və teatr savaşı
06 mart 2015 12:28 (UTC +04:00)

Rusiyada kilsə və teatr savaşı

Rusiyada teatr və kilsə arasında qalmaqal böyüyüb. “Kulis”in rus mətbuatına istinadən verdiyi xəbərə görə, Novosibirsk məhkəməsi rejissor Timofey Kulyabinin “Tanqeyzer” operasında dindarların inancının təhqir olunması ilə bağlı işə baxıb.

 

Məhkəmə Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrının direktoru Boris Mezdriçə qarşı teatrın “Tanqeyzer” operası ilə bağlı ittiham üzrə inzibati işi araşdırır. İş yerli kilsənin müraciəti əsasında Novosibirsk prokurorluğunda açılıb, müəlliflər “dini ədəbiyyata, dini simvol, atribut və predmetlərə düşünülmüş şəkildə ictimai hörmətsizlik göstərilməsi, məhvi və ya zərər verilməsi” maddəsi ilə ittiham olunur. Novosibirsk və Berdskinin mitropoliti (provaslav dini rütbəsi) Tixonun müraciətini quruluşa qarşı aksiya keçirən yüzlərlə Novosibirsk sakini dəstəkləmişdi.

 

Qalmaqala səbəb Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrında “Tanqeyzer” (Vaqner) operasına rejissor Kulyabinin düşündüyü quruluş olub: Rejissor tamaşadakı hadisələri müasir dövrə gətirib. Əsas qəhrəman “Veneranın mağarası” adlı filmi yenicə bitirmiş kinorejissor Henrik Tanqeyzerdir. Hadisələrin inkişafından tamaşaçı anlayır ki, film guya İsa Məsihin Veneranın mağarasında yaşadığı və cismani həzlər keçirdiyi vaxtlarından, həyatının ilk illərindən bəhs edir.

 

Tamaşada “Tanqeyzer” filminin plakat afişası da gözə dəyib. Bu plakatda Məsihin çarmıxdakı kanonik fiquru qadın ayaqlarının arasında yerləşdirilib. Bundan başqa tamaşada filmin bu hissələrinin “çəkilişi” də yer alıb.

 

Tamaşanın ilk nümayişləri 2014-cü ilin dekabrında keçirilsə də, o, fevralın ortasında diqqət mərkəzinə gəlib.

 

Fevralın 13-də Novosibirsk və Berdskiy mitropoliti Tixon bölgə rəhbərliyinə “Tanqeyzer” operası haqqında ölçü götürməyi xahiş edib. 

 

“Mən qubernatora da, qanunverici orqanlara da, prokurora da yazmışam, amma cavab almamışam. Artıq bir ay keçib. Mən orada yalnız qanuna riayət olunmasından danışmışam. Biz mütəxəssis deyilik və bunun yaxşı ya pis olması haqqında danışmaq fikrində deyilik, biz yalnız möminlərin haqlarına riayət olunmasından danışırıq. Qanunlar var və onlara riayət etmək lazımdır” – deyə keşiş RİA Novosti-yə bildirib. “İnanclı insanlar təhqir olunub. Tamaşaya baxanlar məktublar yazır, zənglər edirlər və qanunauyğun tədbirlər görülməsini xahiş edirlər”.

 

Lakin kilsə federasiyanın rəhbər subyektlərinə müraciətlə kifayətlənməyib: İstintaq komitəsi ilkin istintaq yoxlanışları edərək, rejissoru söhbətə çağırıb, prokurorluq isə işi məhkəməyə verib. Bununla belə teatr rəsmiləri bəyan ediblər ki, “öz peşəkarlıq mövqelərini və bədii siyasətlərini qanun çərçivəsində müdafiə edəcəklər”. Mətbuat xidmətinin yazdığına görə, tamaşa peşəkarlar tərəfindən yüksək qiymətləndirilib və repertuara daxil olunub.

 

Novosibirsk vilayətinin mədəniyyət naziri Vasili Kuzin isə “tamaşada dini ədəbiyyata, dini simvol, atribut və predmetlərə düşünülmüş şəkildə, ictimai formada hörmətsizlik göstərilməsinə rast gəlməyib, bəzi açıq elementlər olsa belə, onlar tamaşanın bədii məqsədlərinə xidmət edir”.

 

Prokurorluq Kuzindən tamaşanın nazirliyin ekspert şurasında araşdırılmasını xahiş edib, lakin etirazla qarşılaşıb: Şuranın nizamnaməsində belə ekspertiza yoxdur. Lakin Novosibirskin mədəniyyət naziri tənqidçilərin və teatrşünasların fikrini öyrənəcəklərinə də söz verib.

 

Nazir bölgədə hiddətin artmasından narahat olduğunu da söyləyib.

 

Bir çox teatr adamları, o cümlədən Moskva Bədaye Teatrının rəhbəri Oleq Tabakov tamaşanın müdafiəsinə qalxıb. Lakin qarşı tərəfi də müdafiə edən tapılıb. Aktyor, rejissor Nikolay Burlyayev “Mədəniyyət xadimləri tərəfindən dindarların inanclarının təhqir olunmasına diqqətsiz yanaşmaq olmaz” –deyə şərh verib.

 

Müdafiəçilər sənətşünas və dinşünasların ekspertizalarını tələb edib. Lakin məhkəmə sənətşünas ekspertizasının keçirilməsindən imtina edib. Növbəti məhkəmə martın 10-da keçiriləcək.

 

Qeyd edək ki, Novosibirsk kilsəsindən başqa İjevsk kilsəsi də teatra qarşı ittihamla çıxış edib. Belə ki, İjevsk kilsəsi Rus dram teatrının “Fırtına” tamaşasını dindarların heysiyyətinin təhqir etməkdə ittiham edib. Səbəb tamaşadakı keşiş obrazının içkili və uyğunsuz olması olub. Kilsə teatrdan və nazirlikdən kilsədən üzr istəməsini və pravoslav simvollarından teatrda istifadə olunmasının qadağan edilməsini tələb edib.

 

Udmurtiya Nazirliyi teatrın tamaşanı repertuardan çıxarmayacağını bəyan edib.

 

“Əgər hər məktuba görə, tamaşa çıxarsaq teatrın repertuarında heç nə qalmaz. Nə bizdə, nə də dünyada elə bir tamaşa yoxdur ki, hamının xoşuna gəlsin” – deyə nazir bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263

Oxşar yazılar