Rəssamların bağlı bazarı<span style="color:red;"> - REPORTAJ
07 dekabr 2014 12:21 (UTC +04:00)

Rəssamların bağlı bazarı - REPORTAJ

Beş-altı il öncəyədək Bakının Nizami küçəsində rəsm əsərləri satılrıdı. Məlum qadağadan sonra öz əsərlərinin açıq satışıyla məşğul olan rəssamlar “Torqovı”nı zirzəmilərə dəyişdilər. Özləri demişkən,  gözdən uzaq, könüldən iraq bir yerə.  Onları tapmaq isə müşkülə çevrilib.

Natiq Cəfərov deyir ki, əvvəl “Torqovu” qarşına müxtəlif rəsm əsərləri çıxırdı, ən azı almasan belə baxırdın. “Göz önündə olduğu üçün adamda maraq oyanırdı. Ən yaxın dost-tanışına ad günü, bayram hədiyyəsi almaq istəyərkən düşünmədən buralara gələrdik. İndi ancaq 40 yaşdan yuxarı nəslin nümayəndələri az-çox bu rəsm əsərlərinin harda satıldığını bilir. Yeni nəsil üçün buralar tamamilə yaddır. Gənclərdə də həvəs yoxdur “padval”lara düşüb rəsm əsərlərinə baxsınlar. Sənət kölgədə qalıb, belə olmaz”.

Musiqişünas Zöhrə Tağızadə deyir ki, Bakıda əl işlərinin, rəsm əsərlərinin küçədə satışına yasaq qoyulmasını anlaya bilmir: “Çox yerləri gəzmişəm, çox ölkələrdə olmuşam. Həmin ölkələrdə əl işləri, sənət əsərləri aşkarda, hər kəsin görə biləcəyi yerlərdə satılır. Amma bizdə artıq bir neçə ildir ki, rəssamların bazarı bağlanıb, çox təəssüf. Məsələn, mən bilirəm ki, bu rəsm əsərləri harda satılır, lazım olanda gəlib alıram. Hamı bilmir axı, lazım olanda da printer rəsmi alıb aparır. Bu da sənətkarların yox, işbazların cibinə xeyir edir. Belə bir vəziyyətdə rəssam gün-güzəranından şikayətlənməsin nə etsin, necə dolansın? O qədər gözəl rəssamlar var ki, sənətin daşını atıblar. İstedadlar məhv olur”.

Rəsm qalereyasının sahibi Bəhruz Səmədov isə deyir ki,  satışa qadağa qoyulduğu beş ildir, bu da alıcılıq qabiliyyətini xeyli zəiflədib: “Torqovı”da, küçədə açıq-aşkar satılanda alan-almayan da mazağazaya girib şəkillərə baxırdı. Təzə evə köçənlər və ya evini yenidən təmir etdirənlər belə mənzərə, natürmortları görüb alırdılar. Gördüyünüz bu qaleriyadakı rəsmlər heç yerdə yoxdur, təəssüf ki alıcıların böyük qisminin də bizdən xəbəri yoxdur. Kiməsə rəsm əsəri lazım oldu, internetlə araşdırıb sifariş verir. Elə rəssamların evini yıxan, bazarını bağlayan da printer rəsmlərdir. Bura turistlərin də çox üstünlük verdiyi məkanlardan biridir. Əvvəllər turist alıcılar çox olurdu, indi isə azdır. Kimdi “podval”ları gəzən”.

 

Bəhruz deyir ki, küçələrdəki afişa, reklamlarının da yığışdırılması alıcılıq qabiliyyətini aşağı salıb:  “Əvvəllər küçələrdə afişa, reklamlarımız vurulardı. Bu da ətrafda maraq yaradırdı. Artıq buna da imkan verilmir, amma yenə də bu günə min şükür, düşünürəm ki, sənətə maraq  ölməyib”.

Qalereyada təxminən 60-a yaxın rəssamın işi var, hamısı da yerli. Köhnə rəssamların əl işləri isə gözə dəymədi. Bəhruz deyir ki, köhnə rəssamların əl işlərini sifarişlə gətirirlər. Qalereyada isə Əbülfəs Səmədov, Sənan Bayramov, Şahlar Rzayev, Xəyyam Səmədov, Elgün Tağıyev, Babək Adıgözəlov, Qəmbər Qəmbərli, Mehdi Səmədzadə kimi digər rəssamların əl işləri sərgilənir: “Bu rəssamlar arasında ixtisasca rəssam olmayanlar da var. Amma professionaldırlar. Xalq onlara pul verir, biz də bacaranların işini götürürük. Toğrul Nərimanbəyov, Maral Rəhmənzadə, Mikayıl Abdullayev, Tahir Salohov kimi rəssamların əsərlərini sifarişlə gətiririk. Olur ki, kimsə evindəki rəsm əsərini gətirir ki, mən bunu satmaq istəyirəm, biz də uyğun bilib alırıq”.

Rəsm əsərlərinin qiyməti də bir o qədər baha deyil. İsətnilən zövqə, istənilən qiymətə nəsə almaq olar: “İstənilən qiymətə rəsm əsəri var. Ən ucuz rəsm əsərinin qiyməti 25 manat, bahalısı isə 8 mindir, Əbülfəs Səmədovun. Olur ki, bir həfətə alıcı gəlmir. Bir də görürsən ki, gündə 3 alıcımız olur. Rəsm qənd, çay, çörək deyil ki, hər gün alasan”.

Bəhruzun dediyinə görə, turistlər daha çox tarixi mövzuda olan rəsmlərlə maraqlanırlar. Qız Qalası, Şirvanşahlar, Xəzər onlar üçün çox ecazkar görünür. Tarixi abidələrimiz haqda olan və neftlə çəkilən şəkillər turislərin xüsusi marağındadı. Neftlə çəkilən rəsmlərin qiyməti isə 30 manatdan başlayır. Sahibkarın da sözlərinə görə, bu rəsmlər yalnız azərbaycanlı rəssamalr tərəfindən çəkildiyi üçün rəsmə dəyər verən turist belə bir əsəri böyük sevinclə alıb ölkəsinə aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275

Oxşar yazılar