Ömər Eldarov: “Tokay Məmmədova cavab versəm, bu arvad bazarı olacaq”
01 iyul 2015 18:08 (UTC +04:00)

Ömər Eldarov: “Tokay Məmmədova cavab versəm, bu arvad bazarı olacaq”

“Təssüflər olsun ki, bu gün Azərbaycan heykəltəraşlığı dinamik deyil və bu hal müasir sənətin inkişaf etməsinə maneə olur”

 

 

“Təssüflər olsun ki, bu gün Azərbaycan heykəltəraşlığı dinamik deyil və bu hal müasir sənətin inkişaf etməsinə maneə olur. Amma çox bacarıqlı gənclərimiz var, bəzən hətta diplom işlərinə baxıb düşünürəm, mən niyə belə düzəldə bilmirəm...”

Bu fikirlərin müəllifi APA.TV-nin “Rəng...Fırça...Palitra...” verilişinin qonağı olan Azərbaycanın xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovdur. Akademik uzun illərdir məşğul olduğu, uğur qazandığı sənətin çətinliyindən də söz açıb. Çəkiliş Ömər Eldarovun emalatxanasında gerçəkləşdi, amma heykəltəraşın işlədiyi məkanın çox isti, havasız, təmirsiz, baxımsız olması maraqlı idi əslində. Ömər Eldarov isə bu barədə sualı belə cavablandırıb:

 “Bizim sənət çətindir, biz çətinliklə işləməyə öyrənmişik. İşləyirik də, başqa nə edə bilərik. Emalatxananı düzəltmək fikrim var. Hələ ki, vaxtım olmayıb. İşlərimi qurtaran kimi buranı təmir etdirmək fikrindəyəm”.

 

Ömər Eldarovun emalatxanası 100 kvadratmetrdir. O bildirib ki, yaratmaq üçün heç də böyük yerə ehtiyac yoxdur. Heykəltəraş üçün əsas, əlindəki işə uzaqdan baxmağa məsafənin olması və işığın yuxarıdan düşməsidir: “Yaratdığım heykəllərin sayını bilmirəm. Bunu saymaq çətindir”.

Akademik onu da vurğulayıb ki, heykəltəraş heykəlini yaratdığı şəxs haqqında oxumalı və yetəri bilgiyə sahib olmalıdır: “Hüseyn Cavidi yaratmaq üçün onun haqqında hər şeyi bilmək lazımdır. Onun bioqrafiyası çox ağır idi. O, romantizm, Şekspirin davamı idi. Onu da göstərmək lazım idi. O səbəbdən də mən heykəlin ətrafını tayfun kimi işləmişəm.  Çox balaca iş bəzən daha çətin olur. Bu, ölçüdən asılı deyil”.

 

 

Heykəltəraş hesab edir ki, bu gün şəhərdə qəhrəmanlıq, vətənpərvərlik heykəlləri  çatışmır:

“Əvvəllər Azərbaycan heykəltəraşlığı daha dinamik və düzgün idi. İndi biz xırdalanmışıq. Nizami Gəncəvi, Məhəmməd Fizuli kimi, Fuad Əbdürrəhmənovun heykəli olsun, balaca böyük fərqi yoxdur, əsas mahiyyəti olmalıdır. Məsələn, Natəvanın heykəlini bütün şəhər tanıyır. Hamı bilir ki, Natəvanın heykəli hansıdır. İndi düzəldirik, yaradırıq, amma heç kim bilmir, hardadı o heykəl və ya nədir. Məncə, bizdə yazıçıların, bəstəkarların heykəlləri çoxdur, amma qəhrəmanlıq heykəlləri azdır. Bunu işləmək lazımdır, bizim heykəltəraşlar işləməlidir. Bakı şəhər İcra Hakimiyyəti, Prezident Administrasiyası gərək bu tərəfə daha çox yol açsın. Sifarişlər daha çox qəhrəmanlıq mövzusunda olmalıdır”.

 

Yaradıcılığında dəfələrlə Heydər Əliyevin heykəlini düzəldən Ömər Eldarov bu tarixi də bizimlə bölüşüb. Məlum olub ki, o Heydər Əliyevin ilk heykəlini sağlığında və onun öz istəyi ilə düzəldib: “O vaxt belə bir qayda var idi ki, iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adını alan şəxsin hələ sağlığında heykəli düzəldilirdi. Heydər Əliyev də həmin şəxslərdən idi. O  Moskvada baş nazirin I müavini olan vaxtı idi. Onun sağ olanda yeganə heykəlini mən düzəltmişəm. Bu işdən ötrü məni də Heydər Əliyev özü seçmişdi. İstəmişdi ki,  onun heykəlini mən düzəldim. Heydər Əliyev nizam-intizamlı adam idi. O vaxt Azərbaycanda birinci  katib Kamran Bağırov idi, Heydər Əliyev gəlib ona deyib ki, “Ömər Eldarovla görüşüm, heykəli ona sifariş edim”. Onu çox görmüşdüm, amma belə yaxından görməmişdim. Görüşdə mənə dedi ki, “Moskvada çox heykəltəraş var, amma mən istəyirəm, heykəlimi sən düzəldəsən”. Danışdıq, getdim Moskvaya orda iki saat Heydər Əliyev oturub, mən ona baxıb işləmişəm. Həmin model bütün heykəllərin əsasıdır. Naturadan işlənilən hər bir əsər daha yaxşı alınır və daha düzgün olur. Fikrət Əmirovun qəbirüstü abidəsini mən düzəltmişəm, amma onun heykəli yaxşı alınmayıb. Gərək yaxşı olaydı. Çünki ikinci düzəldilən birinci düzəldiləndən daha yaxşı olmalıdır, heç olmasa nəyisə ilə seçilməlidir. Pis olacaqsa, nəyə lazımdır. Gərək hər heykəl özündən əvvəlkindən daha yaxşı olsun, hansısa tərəfdən”.

 

Azərbaycan Rəssamlıq Akademiyasındakı fəaliyyətinə gəlincə Ömər Eldarov, rəhbərlik etdiyi təhsil müəssisində çox istedadlı tələbələrin olduğunu qeyd edib: “Hər il buraxılışda çox peşəkar, bacarıqlı heykəltəraşlar olur. Ammaonlara kömək etmək,dəstək olmaq lazımdır. Akademik kimi mən nə edə bilərəm, onlara maaşımın yarısını verim? Sifariş verə bilməyəcəyəm, emalatxana verə bilməyəcəyəm axı. Nə edim onlar üçün?”

 

Tanınmış heykəltəraş Tokay Məmmədov APA-ya verdiyi müsahibəsində Məhəmməd Fizulinin heykəlini düzəldərkən Ömər Eldarovu öz yanına köməkçi qüvvə kimi cəlb etdiyini, lakin, Moskvada mükafatlandırmaya Ömər Eldarovun öz adını birinci yazdırdığını bildirmişdi. Tokay Məmmədovun bu ittihamını Ömər Eldarov belə cavablandırıb:

“Bu barədə danışmaq istəmirəm. Bu bazar arvadlarının söhbətinə dönəcək. Onun da  düzəltdiyi heykəllər var, mənim də heykəllərim var. Mən Natəvanı, Hüseyn Cavidi düzəltmişəm, o da Üzeyir Hacıbəyovun heykəlini düzəldib, Nəsimini tək işləməyib, İbrahim Zeynalovla birgə düzəldib. O onun yaradıcılığı, bu da mənim. O məni yanına köməkçi çağırıb ya çağırmayıb, mən ona cavab verməyəcəyəm”.

 

Azərbaycanda ən bahalı heykəlin Tokay Məmmədovun düzəltdiyi Koroğlunun abidəsi olduğunu qeyd edən Ömər Eldarov, deyib ki, mətbuatda yazılanlara görə bu işiə  5-6 milyon manat sərf edilib. Amma Akademik heykəllə bağlı heç bir fikir söyləməyib, bunu tarixin ixtiyarına buraxıb: “Mənbu heykəlin yaxşı ya pis olması barədə heç nə deməyəcəm. Onun necəliyi zamanlabilinəcək”.

 

Emalatxanasındakı son işlərdən Maestro Niyazinin heykəlini bizə göstərən xalq rəssamı, artıq heykəli bütünlüklə gipsdən, ayrı-ayrı hissələrlə hazırladığını bildirib. Onun sözlərinə görə, hazırda o bu heykəli son versiyada tuncdan düzəldəcək. Maestro Niyazinin heykəlinin üç metr hündürlükdə olması və Niyazi küçəsində, Prezident Aparatının bağında qoyulması nəzərdə tutulur.

 

Dədə Qorqud heykəlini də düzəltdiyini qeyd edən heykəltəraş, sonradan bu heykəlin qoyulmadığını bildirib: “Dədə Qorqudun heykəlinin şüşədən olmasını istəyirdim. Hər saatda, mövsümdə ayrı – ayrı rənglərdə görünəcəkdi. Mən işlədim onu, eybi yox qoyulmadı da. Hər halda Dədə Qorqud haqqında xeyli məlumat oxumuş oldum....  ”  

Ömər Eldarov 47 yaşında dünyasını dəyişən oğlundan da təəssüflə danışıb. Onun 13 yaşında olarkən işlədiyi portretini göstərib. Emalatxanasında anası Yelizavettanın portreti də var idi. Ömər Eldarov təəssüflə bildirib ki, bu, anasının tuncdan hazırlamış olduğu qəbirüstü abidəsinin maketidir. Lakin həmin abidə artıq yerində yoxdur, oğurlanıb: “Hazırda tuncdan hazırlanan qəbirüstü abidələrin oğurlanması ənənəyə çevrilib. Oğurlayırlar, əridirlər, təəssüflənirəm... ”

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar