MŞ-da “Ömür bitsə də…” kitabının təqdimatı olub
20 noyabr 2013 17:00 (UTC +04:00)

MŞ-da “Ömür bitsə də…” kitabının təqdimatı olub

Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist, yazıçı-publisist və naşir Ağəddin Mansurzadəyə həsr olunmuş «Ömür bitsə də…» kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş dəyərli şəxslərlə bağlı xatirə tədbirlərinin, yaradıcılıq gecələrinin, müəllifləri olduqları kitabların təqdimatının təşkilini ənənəyə çevirib. Bu iş onların sənətinə verdiyimiz dəyərdən irəli gəlməklə yanaşı, belə adamların jurnalistikamızdakı, ümumilikdə ictimai fikir tariximizdəki rolunun və mövqeyinin, zəngin və gələcək nəslə örnək həyat yollarının öyrənilməsi zərurətindən irəli gələn addımdır: “Sizlərlə birgə təqdimat mərasiminə toplaşdığımız “Ömür bitsə də…” kitabı Azərbaycan ictimaiyyətinə gözəl insan, peşəkar və prinsipial jurnalist, hamımızın yaxından tanıdığı və hörmət etdiyi, xatirəsini daim uca tutduğu mərhum Ağəddin Mansurzadəni anmaqla eyni zərurətin ödənilməsinə xidmət edir”.

 

Milli Məclisinin deputatı, şair Sabir Rüstəmxanlı çıxışında Mansurzadələr nəslinin Sumqayıt şəhərinin həyatında son dərəcə mühüm mövqe tutduqlarını, ənənə yaratdıqlarını xatırladaraq Ağəddin Mansurzadə şəxsiyyətini ənənələri yaşadan dəyərli sənət adamı kimi xarakterizə edən cəhətlərdən söz açıb.

 

Mərhum A. Mansurzadə jurnalistlik və naşirliklə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü də olub. Şeyxülislam Hacı Allahşükür Paşazadənin toplantı üçün ünvanladığı məktubda istedadlı qələm sahibinin jurnalistika sahəsindəki fəaliyyəti ilə yanaşı, onun din xadimi kimi mənəvi keyfiyyətlər daşıyıcısı olduğu, insanları düzlüyə, saflığa, imana çağıran əsərlərinin yaradıcılığında önəmli yer tutduğu vurğulanıb.

 

Sonda A. Mansurzadənin övladı, “Ömür bitsə də…” kitabının tərtibçisi və redaktoru Orxan Mansurzadə çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar