"Arşın mal alan" Hollivudda
21 sentyabr 2015 10:53 (UTC +04:00)

"Arşın mal alan" Hollivudda

"Arşın mal alan" filmi sentyabrın 19-da Hollivudda nümayiş olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, bu, filmin Hollivudda ilk premyerası kimi tarixə düşüb. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim edilib. Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.

 

Filmin nümayişindən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Arşın mal alan” filmi barədə məlumat verib. Baş konsul Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” elan edildyini qeyd edərək, sözügedən şəhərlərə öz minnətdarlığını bildirib.

 

Həmçinin, Rəşid Behbudovun yaradıcılığı barədə danışan diplomat, unudulmaz müğənninin gözəl ifasının və aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək önəm daşıdığını qeyd edib.

 

Sonra çıxış edən Rəşid Behdbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. R. Rəşid filmin bərpasının və rənglənməsinin Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib.

 

Daha sonra filmin bərpasını və rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, 21 Ceyms Bond filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və Sony Pictures, Walt Disney Studios kimi tanınmış kino-şirkətlərinin filmlərinın tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər. Natiqlər belə bir önəmli layihədə iştiraklarından məmnunluqlarını ifadə edərək, “Arşın mal alan” kimi zəngin bir filmin dünya mədəniyyəti üçün yüksək əhəmiyyət daşıdığını bildiriblər.

 

Sonda film nümayiş etdirilib. Nümayişdə Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281

Oxşar yazılar