Uşağın psixologiyasını qorumaq üçün ona boşanma barədə heç nə deməməyin daha doğru olduğunu düşünürsünüz? Bu, yanlış yanaşmadır. Uşaq artıq ailədə nəyinsə qaydasında olmadığını hiss edir. O, şam yeməyi zamanı yaranan gərginliyi duyur, valideynlərinin bir-birindən üz çevirdiyini görür və telefon danışıqlarını eşidir. Susmaq yalnız onun narahatlığını daha da artırır. Ağrıya səbəb olan həqiqət deyil, qeyri-müəyyənlikdir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlar ailədəki münasibətlərin pozulduğunu boşanmanın rəsmi şəkildə elan edilməsindən aylar əvvəl hiss edə bilirlər. Onları həqiqətdən deyil, qeyri-müəyyənlikdən qorumaq lazımdır. Dürüst söhbət narahatlığı azaldır, yalan isə daha da artırır.
Uşağa ən böyük travmanı boşanmanın özü deyil, valideynlərin bu barədə necə danışması yaşadır. Onun yanında qışqırmaq, bir-birini günahlandırmaq və mübahisə etmək uzunmüddətli emosional iz buraxa bilər.
Boşanma barədə söhbət hər iki valideynin ortaq qərarı ilə aparılmalıdır. Valideynlər bir-birinə qarşı nə qədər incik olsalar da, heç olmasa bu söhbət zamanı uşağın qarşısında birlik nümayiş etdirməlidirlər.
Gizlədilməsi mümkün olmayan sirr
Uşaq heç nə anlamayan biri deyil. O, valideynlərinin emosiyalarını çox dəqiq hiss edir. Atası haqqında soruşarkən anasının gözlərini qaçırdığını və ya heç kimin görmədiyini düşündüyü anda ağladığını müşahidə edirsə, artıq nəyinsə baş verdiyini anlayıb.
Belə vəziyyətdə uşaq çatışmayan məqamları öz təxəyyülü ilə tamamlamağa başlayır. Onun qurduğu mənzərə isə çox vaxt reallıqdan daha qorxulu olur. Uşaq özü nəticə çıxarmadan əvvəl vəziyyəti ona sakit və aydın şəkildə izah etmək lazımdır.
Əsas qayda: Biz düşmən deyil, valideynik
Söhbət zamanı şəxsi inciklikləri bir kənara qoymaq vacibdir. Valideynlərin uşağın yanında münasibətlərini aydınlaşdırması düzgün deyil.
Uşağa çatdırılmalı əsas fikir belədir:
“Biz artıq ər-arvad kimi birlikdə yaşamayacağıq, amma həmişə sənin anan və atan olaraq qalacağıq”. “Bizi atan tərk edib” və ya “anan bizi sevmir” kimi ifadələr işlətmək olmaz. Bu sözlər uşağın deyil, valideynlərin ağrısını ifadə edir.
Uşağı böyüklərin emosional yükünü daşımağa məcbur etmək düzgün deyil. O bilməlidir ki, boşanma böyüklərin qərarıdır və onunla heç bir əlaqəsi yoxdur. Uşaq günahkar deyil, vəziyyəti düzəltmək onun vəzifəsi deyil və valideynlərindən birini seçməyə məcbur edilməməlidir.
Nə deməli, nələri söyləməməli?
Uşağa vəziyyəti qiymətləndirmələr və ittihamlar olmadan, yalnız faktlarla izah etmək lazımdır:
“Biz ayrı yaşamağa qərar vermişik. Sən ananla yaşayacaqsan, atan isə həftəsonları səninlə görüşəcək. Biz ikimiz də səni sevir və qayğına qalmağa davam edəcəyik”.
Məlumat qısa, aydın və konkret olmalıdır. Xəyanət, maliyyə problemləri və məişət mübahisələri kimi detalları uşağa danışmaq məsləhət deyil. Bunlar böyüklərin problemləridir.
“Sən hələ balacasan, başa düşməzsən” ifadəsi də uşağa mənfi təsir göstərə bilər. O, münasibətlərin mürəkkəb tərəflərini anlamaya bilər, lakin özünün ailədən və qərarlardan kənarda saxlanıldığını hiss edə bilər.
Uşağın yaşı nəzərə alınmalıdır
3-6 yaşlı uşağa vəziyyəti sadə sözlərlə izah etmək və sevginin dəyişməyəcəyini vurğulamaq lazımdır:
“Biz fərqli evlərdə yaşayacağıq, amma mən səni həmişə sevəcəyəm”.
7-10 yaşlı uşağa daha konkret məlumat vermək olar. Onun harada yaşayacağı, digər valideynlə nə vaxt görüşəcəyi və gündəlik həyatında hansı dəyişikliklərin olacağı izah edilməlidir. 11 yaşdan yuxarı uşaqlar və yeniyetmələr boşanmanın səbəblərini bilmək istəyə bilərlər. Onlara dürüst, lakin artıq detallara varmadan belə demək mümkündür:
“Biz dəyişmişik və artıq birlikdə yaşaya bilmirik. Bunun səninlə heç bir əlaqəsi yoxdur”.
Uşağa qəzəblənmək, kədərlənmək və sual vermək hüququ tanınmalıdır. “Sizə nifrət edirəm” deməsi də onun emosional reaksiyası ola bilər. Belə anlarda mübahisəyə girmək deyil, onu dinləmək lazımdır.
Ata ailədən gedərkən uşağa nə demək lazımdır?
Uşağın özünü tərk edilmiş hiss etməməsi üçün belə demək olar:
“Atan başqa evə köçür, amma o yenə də sənin atan olaraq qalacaq. O, səni görməyə gələcək və siz birlikdə vaxt keçirəcəksiniz. O, səndən deyil, məndən ayrılır”.
Mümkün olduqda bu söhbətdə hər iki valideyn iştirak etməlidir. Ata söhbətə qatıla bilmirsə, ana onun uşağa olan münasibəti haqqında yanlış vədlər vermədən, sakit danışmalıdır:
“Atan səni sevir. Hazırda burada ola bilmir, amma baş verənlərdə sənin heç bir günahın yoxdur”.
Uşaq səbəbləri soruşarsa, nə deməli?
Səbəbləri uşağın yaşına uyğun şəkildə izah etmək olar:
“Bəzən böyüklər artıq bir-birini başa düşə bilmir və birlikdə yaşaya bilmirlər. Amma biz ikimiz də səni sevirik”.
Xəyanət, borclar və şəxsi incikliklər kimi detalları bölüşmək düzgün deyil. Yeniyetməyə bir qədər geniş məlumat vermək mümkündür, lakin onun emosional hazırlığı mütləq nəzərə alınmalıdır.
Uşaq boşanmada özünü günahlandırarsa
Bu, uşaqlar arasında ən çox rast gəlinən reaksiyalardan biridir. Valideynlər dəfələrlə və qəti şəkildə deməlidirlər:
“Sənin bununla heç bir əlaqən yoxdur. Bu, böyüklərin qərarıdır. Biz ikimiz də səni çox sevirik”.
Uşaq “Mən pis olmuşam” deyirsə, onu qucaqlayıb belə demək lazımdır:
“Sən yaxşı uşaqsan. Sadəcə biz böyüklər bir-birimizlə razılığa gələ bilməmişik”.
Bu sözləri uşaq özünü təhlükəsiz hiss edənə qədər təkrar etmək lazım gələ bilər. Uşağa həqiqəti sakit, qısa və ittihamsız şəkildə söyləmək vacibdir. Uşaq həqiqətdən deyil, yalandan, mübahisələrdən və qeyri-müəyyənlikdən daha çox zərər görür.
Valideynlər əvvəlcədən hazırlaşmalı, mümkün olduqda onunla birlikdə danışmalı və yeni vəziyyətə uyğunlaşması üçün vaxt verməlidirlər.