Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, cari ilin 26-28 fevral tarixlərində Şri-Lanka Demokratik Sosialist Respublikasının paytaxtı Kolombo şəhərində Azərbaycan və Şri-Lanka aviasiya hakimiyyəti orqanları arasında mülki aviasiya sahəsində əlaqələrin qurulması ilə bağlı danışıqlar aparılıb.
Danışıqların nəticəsi olaraq hava nəqliyyatı haqqında Sazişin mətni razılaşdırılıb və aviasiya rəhbərlikləri arasında ikitərəfli əməkdaşlıq haqqında Protokol imzalanıb. Protokolda müntəzəm reyslərin yerinə yetirilməsinin mümkünlüyü və iki ölkənin aviaşirkətləri arasında əməkdaşlıq məsələləri öz əksini tapıb. Sözügedən əlaqələrin qurulmasında əsas məqsəd Şri-Lankanın turizm imkanlarından, həmçinin digər ölkələrdən olan turistlərin bu ölkəyə səfərlərinin təşkili üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit imkanlarından istifadəni təmin etməkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq turizm şirkətlərinin bu prosesə cəlb edilməsi tövsiyə olunub.