Noyabrın 6-sı saat 15:00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə reallaşacaq aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadlarının ifasında azyaşlı tamaşaçılar ilk olaraq “Şahın xudpəsənd oğlu” adlı tamaşaya, ardınca isə “Ucalsın bayrağımız” adlı konsertə tamaşa etməklə əylənəcəklər.