Kanadada Firəngiz Əlizadənin konserti olub
27 oktyabr 2015 01:52 (UTC +04:00)

Kanadada Firəngiz Əlizadənin konserti olub

0

Oktyabrın 24-25-də Kanadanın Toronto şəhərində Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkar, görkəmli pianoçu Firəngiz Əlizadənin “Oyan!” adlı konserti təşkil olunub.

 

Bu barədə “APA”ya Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.

 

Sözügedən konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teaterı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin  dəstəyi ilə təşkil edilib.

 

Konsertin əvvəlində F.Əlizadə pianoda solo ifa etdikdən sonra, gənc muğam ustası Mirələm Mirələmov, “Bakı 2015” Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər səhnələşdirilib. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında Azərbaycan rəqslərini nümayiş etdirib. Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film nümayiş etdirilib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyət və muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarət olub.  

 

Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin konsulu Faiq Babayev də iştirak edib. O, səfirliyin adından Firəngiz  Əlizadəyə xüsusi minnətdarlığını ifadə etdikdən sonra ona Təşəkkür Diplomunu təqdim edib. Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak edib. İki gün davam edən konserti ümumilikdə 200  nəfərə yaxın tamaşaçı izləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar