İtaliyada təhsil alan tələbələr - “Azərbaycan Tələbə Şəbəkəsinin”(ASN) üzvlərindən Həsən İsgəndərov, Əli İsgəndərov və Əhməd Əhmədov Roma Papasının səlahiyyətli nümayəndəsi Cardinal Gerhard Ludwig Müllerin qəbulunda olublar. Lent.az-ın məlumatına görə, görüşdə ASN’in ötən il Vatikanda Roma Papasının istirakı ilə Xocalı faciəsi ilə əlaqədar keçirilən tədbiri Cardinal G.L.Müller yüksək qiymətləndirib. O, bildirib ki, bəhsigedən tədbir dünya mətbuatının diqqətini cəlb edib. Cardinal G.L.Müller Ermənistanın törətdiyi bu cinayətin bütün xristian dünyasına xəcalət verdiyini deyib.
H. İsgəndərov Roma Papasının səlahiyyətli nümayəndəsinin nəzərinə çatdırıb ki, Ermənistanın bu cinayəti XXI əsrin terrorlarına, xüsusilə də uşaq və körpələrin vəhşicəsinə qətl edilməsinə başlanğıc olub. Şəbəkə üzvü qeyd edib ki, Dünya Birliyi bu qanlı hadisəyə vaxtında göz yummasaydı, bu gün terrorun, müharibələrdə uşaq ölümlərinin bu dərəcədə artdığının şahidi olmazdıq. Cardinal G.L.Müller daha sonra Azərbaycan dövlətinin dini tolerantlığından da danışıb, bu modelin dünyada geniş tanınmasını tövsiyə edib. H.İsgəndərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Multikulturalizm ili” elan etdiyi 2016-cı ildə ölkədə böyük miqyaslı tədbirlərin keçiriləcəyini dilə gətirib, xalqımızın məhz bu il ərzində Roma Papasını Azərbaycanda görmək istəyini açıqlayıb. H. İsgəndərov 2009 - 2015-ci illər xaricdə təhsil üzrə Dövlət Proqramı haqqında da ətraflı məlumat verib.
Görüşün sonunda 20 yanvar şəhidlərinin müqəddəs ruhu anılıb. Qeyd edək ki, “Azərbaycan Tələbə Şəbəkəsinin” Vatikanda keçirdiyi Xocalıda həlak olmuş uşaqlara həsr edilmiş tədbiri aşağıdakı linkdən izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=6UP-NRomDRI&feature=player_embedded
https://www.youtube.com/watch?v=hjBKBnKdwcM&feature=player_embedded