Ginekoloqun kabinetində təcavüz
05 mart 2015 13:58 (UTC +04:00)

Ginekoloqun kabinetində təcavüz

- Doxtur, sən allah, buna əməlli baxun, bir şey deyün operasiyalığdusa, demişdüz dəəə əvvəldən, elətdirək...

 

 

Ginekoloqun kabinetinin qabağında növbə gözləyərkən eşitdiyim xahiş 50-60 yaş arasında olan bəstəboy qadından idi. Ondan arxada yaşı 22 dən çox olmayan gənc, arıq bir qız dayanmışdı. Gəlin. Ondan da arxada telefonunu qurdalayan azca qarınlı çox da hündür olmayan oğlan dayanmışdı. Həkim başını qaldırmadan qadından – çox güman ki, qayınanadan bükülü kağızları almaq üçün əlini uzatdı:

 

- Dediklərimi verdiniz?

 

- Hamısı burdadı.

 

Gözlüyünü taxıb kağızları vərəqləyən həkim başını qaldırdı:

 

- Ay xanım, əməliyyatdan qabaq oğlanın özünü müalicə etmək lazımdır. Onda faizlər çox aşağıdır. Bu aşağı faizlə nümunə götürüb qızı əziyyətə salmaq olmaz. Əvvəl oğlan müalicə alsın, nəticə yaxşı olarsa, əməliyyat haqda danışmaq olar.

 

Məsələ tam aydın idi. Yaşlı qadın oğlunu və gəlinini də yanına alıb “Uşaq – nəvə narahatlığı ilə”  ilə həkimə üz tutub. Ola bilsin süni mayalanma ehtimalı ilə əməliyyat nəzərdə tutulub. Amma həkimin təkidi ilə oğlan da müayinə olunub.

 

...Həkim öz ilan-qurbağa xətti ilə nəsə yazırdı. Adətən belə qəliz, oxuna bilməyən reseptlər xəstənin xofunu artırır. Xəstələr arasında başqa bir mif də var: əgər bir həkimin yazdığı dərmanı tapmaq asan olmurdusa, bütün şəhəri gəzib tapa bilmirdinsə, deməli o, yaxşı həkim idi. Amma dərman biznesinin təmərküzləşməsi nəticəsində belə həkimlər get-gedə yoxa çıxır, daha doğrusu həkimlər yox, dərmanlar; ölkədəki bütün dərmanları, demək olar ki, bütün apteklərdən tapmaq olur. Ona görə savadlı həkim - savadsız həkim bölgüsünü bəzən çox dərman yazan həkim, az dərman yazan həkim bölgüsü əvəz edir.

 

Deyilənə görə, bu həkim “çox dərman yazan həkim” deyildi. Amma xəttinin pis olduğu dəqiq idi. Hövsələsizcə yazılan “ilan-qurbağa mətn” çox uzanırdı.

 

Həkimin uzun-uzun məşğulluğunu müşahidə edən xəstə yaxınının intizarlı sükutunu qaynananın bir ton aşağıdan götürdüyü səsi pozdu:

 

- Doxtur, belə, birtəhər çıxmasın, “Neftçilər”ə yaxın, bir baxıcıya getmişdim. Dedi, gəlini əməliyyat eləyin, uşağı olacağ. Dedi, oğlunda qəti prablem yoxdu. İndi siz...

 

Həkim təmkinini saxlaya bilmədi:

 

- Elə deyib o baxıcı? Lap yaxşı. Onda aparın, elə o baxıcı da əməliyyat eləsin, mənim yanıma niyə gəlmisiz?

 

- Yox e, ay doxtur, o deyir ki...

 

- Bura baxın, deyirəm, sizin oğlunuzda nəticə 50 faizdən aşağıdır. Bu nəticə ilə o yazıq qadını niyə incidək axı? - əliylə quzu kimi boynunu burub sakit-səssiz dayanan gəlini göstərdi – Mən sizə nə deyirəm, siz nə deyirsiz?

 

- Bəs indi nə təhər olsun?

 

- Mən bilmirəm nə təhər olsun. Özünüz bilin. Deyirəm, oğlan müalicə olunmalıdı... Qəribə adamlar var e... – üzünü “medsestra”ya tutub deyinməyə başladı...

 

Oğlunda problem ola biləcəyini ağlına, bəlkə də hikkəsinə sığışdıra bilməyən qadın pərt halda qapıdan çıxdı. Bir müddət əvvəl “Anam-bacım, qız gəlin” deyib əzizlənən gəlin də kölgə kimi onun ardınca... Bayaqdan mobil telefonda qurdalanan ər isə qapının yanında dayanıb onları gözləyirdi...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291

Oxşar yazılar