Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, vokalçı Nigar Nazim “Dua-Ave Maria” mahnısına klip çəkdirib. Lent.az-ın məlumatına görə, mahnının müəllifi xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir. Çəkiliş qrupuna rejissor Elvin Mirzəyev, operator və prodüser Həmid Mehrəfruz (İran), aranjemançı Etibar Əsədli, icraçı prodüser və fotoqraf Nərminə Həsənova daxildir.
Klip bu gün dünyanı bürümüş müharibə, terrorizm və iztirablara qarşı kəskin etiraza çevrilib və yeni nəslə həyat bəxş edən qadının duası ağrı, ümid və sevgi hissi ilə yenidən ifa edilib. Klipdə uzaqdan, asimandan eşidilən azan və muğamın ilahi melodiyaları musiqinin təsirini daha da gücləndirilir. Aranjemançının əsas uğuru da bundadır. Çəkilişlər Abşeron və Buzovnada aparılıb.
İfaçının fikrimcə, bu musiqidə böyük, geniş dinləyici üçün həyata keçirilməmiş ruhi-mənəvi potensial var: “Azərbaycanı başqa ölkələrdə təmsil etmək, əcnəbi dinləyiciləri zəngin milli musiqimizlə tanış etmək istərdim. Vətənim üçün layiqli və lazımlı vətəndaş olmağı və ona ən yüksək səviyyədə şöhrət gətirməyi arzu edirəm. Bütün çəkiliş qrupuna dərin təşəkkürümü bildirirəm. Onlar yüksək səviyyəli peşəkarlardır. Üç çəkiliş günündə biz bir ailə kimi işlədik. Klipi və ifamı professor Fərhad Bədəlbəylinin necə qəbul edəcəyi məni çox narahat edirdi. Allaha şükür, o, bizim işimizdən razı qaldı. Klipin bütün maliyyə xərclərini ailəm çəkib”.
İyulun 14-də “Crescent-Beach” otelində klipin təqdimatı keçiriləcək.