“Ən məsuliyyətli anlarda da sərbəst olmağı bacarıram. Alın yazısına inanıram. Bir də insanın bacarığı öz qabiliyyəti var ki, o alın yazısı da ona görə yazılır məncə”.
APA TV-nin “Üç dama” verilişində əməkdar artist Əliağa Sədiyev belə deyib.
Əliağa Sədiyev həyatda qazandığı uğurlara görə ömür boyu onu düzgün yönəldən və istedadını ortaya çıxaran iki adama, anasına, bir də ona tarı sevdirən Möhüb müəllimə minnətdar olacağını deyib.
“Hər insan hərəkətlərində özünü ifadə edir. Bu musiqidə də belədir” - deyə, tarzən bildirib.
“Çaldığım hər musiqi parçasında, hər muğamda mən də özümü ifadə eləyirəm. Məsələn, bu dəqiqə nə isə ifa eləmiş olsam, on dəqiqədən sonra onu tam başqa cür səsləndirə bilərəm. Ona görə ki, biz notla ifa etmirik”.
Tarzənin fikrincə, Azərbaycan muğamının bir üstünlüyü də budur. Notsuz ifa sənətçiyə sərbəstlik verir. Sərbəstliksə, həm inkişaf, həm də yenilik gətirir.
“Hansısa verilişə hazırlaşıb getmirəm. İstəyirəm nə baş verir, orda baş versin. Hər anın öz yaşantısı var mənə görə”.
Daha sonra o, indiyə qədər birlikdə çalışdığı ifaçılar barədə danışıb. Əliağa Sədiyev bildirib ki, işlədiyi adamlarla münasibətlər artıq təkcə işgüzar münasibət səviyyəsində deyil. Bu münasibətlər həm də ailəvi dostluqlar yarada bilib. Deyir işdən kənar da görüşə, oturub dərdləşə bilirlər. O, iyirimi ildən çoxdur Nəzakət Teymurova ilə birgə çalışdığını xüsusi vurğulayıb. “Niyə Nəzakət Teymurova ilə?” sualına cavabda Əliağa Sədiyev bildirib ki, bu o sənətkarın gözəl ifaçı, yaxşı dost olmağı bacarması ilə əlaqəli məsələdir.
“Çox adam deyir ki, niyə solo konsert vermirsən? Burdan dostlara da tamaşaçılara da deyirəm ki, Azərbaycanda iyirmidən çox konsert layihəsinin təşkilati və musiqi tərtibatı işlərini mən təşkil eləmişəm. Bu konsertlər arasında Nəzakət Teymurova üçün hazırlanan layihə də olub, Fehruz Səxavət, Könül Xasıyeva, Arif Babayevin tələbələrinin iştirakı ilə təşkil olunmuş konsertlər də".
Əməkdar artist bildirib ki, tarı zəif çalan ifaçı onun üçün yoxdur. “Tarı gözəl ifa eləyən gözümün işığıdır. İfaçılıqda uşaq, böyük yoxdur. Əgər yaxşı musiqiçisənsə, az yaşı olub yaxşı ifa eləyəndən də nə isə öyrənməyi, onu dinləməyi bacarmalısan. O üzdən rəhbərlik elədiyim ansamblda çalan bütün ifaçıların fikri həmişə mənim üçün önəmlidir. “Mən rəhbərəm, mən dediyim olmalıdır” demək olmaz. Çünki həmişə sən deyən olmur. İnsanları dinləmək, hörmətlə yanaşmaq lazımdır. Dinləməsən mütləq nə isə alınmayacaq”.
Görəsən o tarzən olmasaydı hansı peşəyə yiyələnəcəkdi? Həmsöhbətimiz deyir ki, tarzən olmasaydı ya futbolçu, ya da riyaziyyatçı olacaqdı...
“Riyaziyyatı o qədər sevirdim ki, tapşırıqların həllini məktəbdə keçmədiyimiz üsullarla da həll eləməyin yolunu axtarıb tapırdım. Altıncı sinifdə oxuyurdum. Müəllim həndəsədən tapşırıq vermişdi. Tapşırığı həll edib düzgün cavabı almışdım, amma bu müəllimin bizə öyrətdiyi yol deyildi. Mənə elə gəlirdi ki, nə isə yeni bir şey kəşf eləmişəm. Səhər dəftəri müəllimə göstərəndə dedim ki, o deyən cavabı almışam sadəcə başqa yolla həll eləmişəm məsələni. Baxıb xeyli güldü. Sən demə mənim altıncı sinifdə öz yanımdan həll eləyib aldığım cavabın qaydasını bizə dərs proqramı ilə hələ səkkizinci sinifdə keçəcəkmiş müəllim. Yəni bu qədər sevirdim riyaziyyatla həndəsəni”.
İçki, qadınlar və siqaret məsələsinə gəlincə, həmsöhbətimiz uzun illərdir içki içmədiyini, ümumiyyətlə siqaret çəkmədiyini söyləyib.
Qaldı qadınlara, Əliağa Sədiyev ağıllı qadınları sevdiyini bildirib. “Ağıl qadın inamlı qadındır, ağıllı qadın xırdaçılığa getməyəndir. Qadınlarla dostluğum həmişə yaxşı alınır. Sizə bir söz də deyim, qadın kişi dostluğunun yaxşı alınmasında məsuliyyət....”.
Söhbətin davamında Əliağa Sədiyev yaxın dostları ilə bir saatdan artıq otura bilmədiyinin səbəblərindən danışıb, qarşısına yaxşı tar aləti çıxarsa düşünmədən nə edəcəyini bildirib, kamança haqqında fikirlərini bölüşüb...
“Üç dama”da izləyin...