Xalq artisti: “5-10 manata qane olurlar, təki ekranda görünsünlər”
22 dekabr 2014 17:11 (UTC +04:00)

Xalq artisti: “5-10 manata qane olurlar, təki ekranda görünsünlər”

0

Xalq artisti Elmira Şabanova III Ümumrespublika Teatr Festivalında iştirak edən gənclərin gələcəyin böyük rejissor və aktyorlarına çevriləcəyinə əmindir. Lent.az xalq artistinin müsahibəsini təqdim edir:

 

- Bu gün sənətdə istedadlı gənclərimiz yetərincədir, xüsusən də aktyorlar arasında. Amma heyf ki, bu xoş sözləri rejissorlar barədə söyləmək çətindir. Bəlkə də istedadlı rejissorlar var, amma onlarda yenilikçi əhval-ruhiyyəsini sezmirəm, yeni düşüncəni görə bilmirəm. Zaman-zaman milli teatrımızda novator rejissorlar olub. Məsələn, Tofiq Kazımov! O  səhnəmizə  yenilik gətirdi. Axı yaradıcılıq bunu -  fərqliliyi sevir. Hazırda dünya teatrlarına da nəzər salsaq görərük ki, onların tamaşalarında məhz bu nüans özünü göstərir. Amma bizim gənclər nədənsə beynəlxalq təcrübədən bəhrələnmək istəmirlər. Aktyor üçün önəmli olan onnu səhnə plastikası, ifa bacarığıdır. Bununla tamaşaçını ələ ala bilər. Amma gənc rejissor məncə yenilikçi olması ilə diqqəti cəlb edə bilər. Bu baxımdan çox ümid edirəm ki, hazırda keçirilən  Gənclərin III ÜmumrespublikaTeatr Festivalı məhz novator ruhlu rejissorları üzə çıxaracaq. Çünki o qədər üzdə olmayan istedadlı gənclərimiz var ki, sadəcə özlərini sübut etmək, göstərmək üçün yer və şəraitləri yoxdur. Yeni nəslin dəstəyə çox böyük ehtiyacı var və bu festival onlar üçün əla fürsətdir.

 

- Yeni nəsil aktyorların daha ümidverici olduğunu qeyd etdiniz. Nə ilə diqqətinizi çəkiblər belə?

 

 - Səmimikləriylə...Ancaq qeyd edim ki, teatr aktyoru ilə kino aktyoru arasında böyük fərq var. Kino belədir ki, çəkilirsən, duyğunu tamaşaçıya birbaşa çatdırmırsan, səhvlərin görünmür, çünki montaj olunur, cilalanır. Amma teatr aktyoru zalda tamaşaçı ilə canlı təmasda olur və səhvləri də göz önündə olur. Teatrda, səhnədə obrazı daxilən yaşayırsan və hiss-həyəcanı birbaşa tamaşaçıya ötürürsən. Qarşılıqlı enerji mübadiləsi gedir. Tamaşaçıdan aldığın enerjini elə səhnədəcə tamaşaçıya qaytara bilirsən. Bu çox gözəl duyğudur, təkrarolunmaz anlardır. Bunun üçün aktyor səmimi və təbii olmalıdır. Onun “oynadığı” hiss olunmamalıdır.

 

- Ancaq sirr deyil ki, bu gün gənc aktyorların əksəriyyəti teatrlara deyil,elə məhz kinoya, daha doğrusu seriallara kökləniblər. Sizcə bu sırf sənət baxımından onların yüksəlişinə, peşəkarlığına xidmət edir ya əksinə?

 

- Hesab edirəm ki, gənclərimiz tanınmaq, populyar olmaq həvəsinə görə teatrdan uzaqlaşır. Hətta onlara verilən 5-10 manata da qane olurlar, təki ekranda görünsünlər. Amma teatrda az məvacibə qalıb işləyən, sənəti ucuz reytinqə satmayan  peşəkar aktyorlarımız da var. Hansı ki, səhnənin tozunu udmağı özünə şərəf sayırlar. Əslində biz də zamanında belə olmuşuq. Soyuqda, şaxtada, rayonlarda çəkilişlərə gedəndə pul ya şan-şöhrət barədə düşünmürdük. Bir filmə çəkiləndə özümüzü bəxtəvər sayırdıq. Çünki fanat idik, bu sənətin fanatı.   

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar