AMEA Ədəbiyyat İnstitutunda Elmi Şuranın iclası keçirilib. İnstitutun mətbuat qrupunun rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi məlumata görə, akademik İsa Həbibbəyli institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibovanı 60 illik yubileyi münasibətilə təbrik edib, ona institutun fəxri fərmanını təqdim edib.
İ. Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun türkdilli dövlətlərin Türk Akademiyası ilə bağladığı saziş haqqında danışıb, müqavilənin əhəmiyyətini qeyd edib: “Türk xalqları ilə əlaqələr genişləndirilərək birgə elmi konfranslar keçirilməli, mühacirət və diaspor ədəbiyyatının öyrənilməsində önəmli addımlar atılmalıdır”.
İnstitutun elmi katibi, professor Bədirxan Əhmədov AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabatla çıxış edib: “Bu il institutda 2 istiqamət, 5 problem, 18 mövzu üzrə 100-dən çox iş üzərində tədqiqat aparılıb. “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları” elmi istiqaməti institutun əsas profilini təşkil etdiyindən, problem və mövzuların böyük bir qismi bu istiqaməti əhatə edib. Cari ildə institutun nəzdindəki Dissertasiya Şurasında 9 nəfər elmlər doktorluğu, 16 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. Xüsusi qeyd etmək istərdim ki, son bir ay ərzində institut tarixində ilk dəfə olaraq dalbadal iki beynəlxalq müqaviləyə imza atılıb”.
İclasda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibinin müavini, akademik Vasim Məmmədəliyev iştirak edib.