Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində xalq artisti Müslüm Maqomayevin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub. APA-nın məlumatına görə, tədbir Daşkənddəki Azərbaycan diasporunun gənclər təşkilatı ilə birgə keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Müslüm Maqomayevin Azərbaycan musiqisini bütün dünyaya tanıtdığını bildirib, Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən danışıb.
Xatirə mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycanım" musiqi qrupu Azərbaycan mahnıları və Müslüm Maqomayevin repertuarından mahnılar ifa edib.
Mərasimdə azərbaycanlı gənclərdən ibarət "Şən və hazırcavablar klubu"nun Müslüm Maqomayevin xatirəsinə ithaf edilmiş çıxışı maraqla qarşılanıb.