Bakıda Avropa filmləri festivalının açılışı olub.
Lent.az xəbər verir ki, festivalın açılışından sonra birinci Macarıstanın “Səulun oğlu” və Finlandiyanın “Son sövdələşmə” filmləri nümayiş olunub.
Rejissor Lazlo Nemesin ilk tammetrajlı filmi olan “Səulun oğlu”nda hadisələr 1944-cü ildə nasistlərin Auşvitz düşərgəsində baş verir. Premyerası 2015-ci ilin Kann Beynəlxalq Film Festivalında keçirilmiş film Qran-Pri mükafatına, 2016-cı ilin fevral ayında isə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar”a layiq görülüb.
Oktyabrın 16-dək davam edəcək festival çərçivəsində Avropa İttifaqından 14 ölkənin filmləri, habelə azərbaycanlı rejissorun bir filmi təqdim olunacaq.
Bütün filmlərə giriş sərbəstdir.
Xatırladaq ki, Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı dövlətləri ilə ölkəmiz arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film festivalları çərçivəsində 133 ekran əsəri nümayiş etdirilib, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər edib.