Baba Vəziroğlu: “Yeyib-içən, “kefkom” adamam” - SÖHBƏT
23 mart 2013 18:23 (UTC +04:00)

Baba Vəziroğlu: “Yeyib-içən, “kefkom” adamam” - SÖHBƏT

Novruz adət-ənənələrini ağsaqqal şairlərdən biri ilə müzakirə etməli! Budur məsələ. İlk ağlımıza Zəlimxan Yaqub gəlir. Zəlimxan müəllimlə əlaqə saxlamaq üçün aşıq Telliyə müraciət edin deyirlər, edirik... İnanmazsız, Telli xanım bir çox dövlət qurumunun mətbuat xidmətlərindən qat-qat yüksək səviyyədə bizə Zəlimxan müəllim haqda məlumat verir, əlaqələndirir. Ağsaqqalın səhhəti əl vermədiyindən, qonaq seçimimizi bir də gözdən keçirməli oluruq. Redaksiyadan “Baba Vəziroğluna zəng edin” deyəndə, mən “adının Baba olmasına baxmayın, onun nə yaşı var ki? Novruz haqda bilsə-bilsə elə bizim qədər bilər” deyəndə cavab alıram: “Onun elə cavan görünməyinə baxma, əsl Babadır. Bərkinə düşsəz, hələ də papaq da atır, tonqaldan da atlanır”.

 

Görüşürük... Baharın pəncərədən boylandığı səhərlərin birində biz – kinoçumuz Aygün Aslanlı, müəlliməmiz Səbinə Gözəlova, bu gündən sıramıza qatılan teleaparıcı Samirə Mustafayeva, fotoqrafımız, qonağımızın pərəstişkarı iqtisadçı Elmira xanım və mən yaz kolleksiyasından bəyəndiyimiz modelləri müzakirə edərkən, ayrılıq acısını yeni dadmış biri kimi yorğun, bitkin, sanki indicə taksidən payıza düşübmüş kimi görkəmlə şair Baba Vəziroğlu gəlib çıxır. Söhbətə başlayanda “Bayramların vaxtı keçdi” deyir...

 

Xor: Niyə?

 

Aygün: Papaq atmaq...

 

Səbinə: Niyyət tutmaq...

 

Samirə: Tonqaldan atlanmaq...

 

Vüsalə: Qızlara baxmaq...

 

Xor: Keçdi? Həyəcan keçdi?

 

- Keçdi, əlbəttə keçdi...

 

***

 

Qızlarla baxışıb, işarələşib, “valı” bu biri üzünə çevirib, yenidən başlayırıq.

 

Vüsalə: Elə bil bir az cahil bayramıdır...

 

Samirə: Fala baxmaq...

 

Səbinə: Qapı pusmaq...

 

Aygün: Yumurta döyüşdürmək...

 

- O heç... Hələ o tərəfin demirəm, o tərəfi lap komediyadır. Mən dram tərəfindən danışıram.

 

***

 

Kontrolu itirib bir ağızdan dillənirik:

 

Xor: Dram tərəfindən qadınlar danışsın. Kişilərin nə narahat edir ki?

 

- Narahatlığı yoxdur, sadəcə heç bir sevinc gətirmir.

 

Aygün: Niyə? Bayramlar artıq Sizə sevinc gətirmir?

 

- Bayramın sevinc gətirməsi çox uzaqda qaldı. İndi artıq nə bayram, nə də sevinc gözləmirəm.

 

Xor: Niyə?

 

- Mən ovqat adamıyam. Ola bilsin bir azdan başqa cür düşünəcəm...

 

Səbinə: Onda sizin dəyərlər dəyişib.

 

- Dəyərlər yox, insan özü dəyişib. İnsan da dəyişdikcə onun dəyərləri, ölçüləri dəyişir. İnsan bir hüceyrəli amöb deyil ki, həmişə eyni cür düşünsün. Ölü deyil ki, fikirləri dəyişməsin, ziddiyyətli olmasın. Bir anın içində on ziddiyyətli fikir deyə bilər...

 

***

 

Aydın oldu ki, güc birlikdə olsa da, onu danışdırmaq üçün tək-tək hərəkətə keçməliyik. Birinci Aygün başlayır. Bəlkə uşaqlıqda tonqaldan-filandan qorxub ümidi ilə söhbəti qorxulardan salır:

 

- Qorxuram ehtiyatsız sözüm kiminsə qəlbinə dəyə bilər. Ömrün bu çağında mütləq həqiqətlərə gəlib çıxırsan. Anlayırsan ki, dünya heç beş gün də deyilmiş. Bu qısa ömürdə kiməsə mərdimazarlıq etməyə dəyməzmiş. Həyat çox qısadır.

 

Aygün: Şərqdə insanlar yaşlandıqca müdrikləşir, qərblilər isə...

 

- Oy... oy... Mən bu fikirlə heç razılaşmazdım. Çünki yaşının müdrik olması tələb olunan

çağında mənasız adamları daha çox görürəm, nəinki müdrik adamları. Cavanlıq böyük

qüdrətdir, bir çox eybini gizlədə bilirsən. Enerjin gedəndən sonra isə... Ona görə deyirlər ki, pis insan qocaldıqca kaftarlaşır. Artıq onun enerjisi yaxşını “oynamağa” çatmır, eyibləri üzə çıxır. Bu mənada biz kaftarları daha çox görürük, nəinki nurlu insanları. Mənə elə gəlir nurlu insanlar keçmişdə daha çox idi.

 

Aygün: Belə çıxır ki, insanların kaftarlaşmağı onların necə biri olmasından xəbər verir?

 

- Həyatlarından yox, içlərindən. Bilirsən ki, bu adam keçmişdə laçın kimi oğlan idi, yaxud su sonası kimi qız idi, indi isə dəhşətli bir eybəcər məxluqla üz-üzəsən.

 

Vüsalə: İndi ona necə şeir yazasan? Çörək də şeirdən çıxır...

 

- Yox. Ona su sonası kimi olan vaxtında şeir yazmısan də...

 

Vüsalə: O çörəyi hələ də yemək olmur axı...

 

- Çörəyi allah verir...

 

Vüsalə: Amma bir də ruhun çörəyi var...

 

- Bu bir az dərin məsələdi. Bizim kimi insanlarda ruh problem deyil. Əsas maddiyyatdır, biz tox olanda, ruhumuz da tox olur.

 

Aygün: Yaratmaq üçün sənətkar ac olmalıdır, ya tox?

 

- Məsələ aclıqda-toxluqda deyil...

 

Vüsalə: Hər halda şeir kefdən yazılmır...

 

- Niyə? Kefdən yazılan şeirlər var. Bəyəm Nizami kefdən yazmayıb? Yoxsa Füzuli? Ya Xətai, Xəqani aclıqdan yazıb? Hamısı imkanlı, nüfuzlu adamlar olub. Qələm əhli həmişə tox olub.

 

Xor: Yəni hamısı kefdən yazıblar?

 

- Sizin təbirinizcə desək, hə. Amma bu? ölçü deyil. Qələm əhli həmişə Allahın və onun yerdəki kölgələri sayılan hakimiyyətin nəzərində olub. Sənət insanı heç vaxt şikayətlənə bilməz. Əgər asket deyilsə, daxilən zahidliyə meyl yoxsa, heç vaxt ac olmayıblar. Sadəcə, bəlkə hərdən onların ac olmaq ehtiyacı olub, hiss ediblər ki, ilham pərisi gəlmir...

 

Vüsalə: Amma həmişə imkanlı adamların yanında olduğundan demək ki, ilham pərisi lüksü sevir...

 

- Təbii. Sizin suallarda cavablar da var.

 

Səbinə: Qadını şairlər qədər kimsə vəsf etmir. Kişilər də ən az şairlər qədər qadınları vəsf etsəydi, sizcə nə olardı?

 

- Vallah mənə elə gəlir şairlər qədər də qadınlardan uzaq ikinci bir zümrə yoxdur. Bu bir

missiyadır. Elə bil ki, boyunlarına düşür, yazmalıdırlar. Nəyi vəsf eləsinlər?

 

Vüsalə: Körpülər... Yollar...

 

- Onu da edirlər də. Şairlər iki yerdən divident əldə edə bilərlər. Bir hakimiyyətdən, bir də gözəllərdən. İnsanın iki tələbatı var, maddiyyat və mənəviyyat. Normal şair ikisini də vəsf edir ki, maddiyyat da olsun, mənəviyyat da.

 

Vüsalə: Yəni körpüdən yazmadan qadından yazmaq olmur?

 

- Olur, amma bir tərəfin həmişə şikəst qalır, iraq olsun.

 

Bu da belə. Guya tonqal qorxusundan danışırdıq, körpü ilə qadını bir araya gətirən səbəblərəcən gedib çıxdıq. Aygünün cəhdi boşa çıxınca Samirə hesab edir ki, Baba müəllim mənəviyyatdan danışmışkən, bəlkə bu mövzunu davam etdirib gəlib Novruza, milli-mənəvi irsimizə, filan-filan-filana çıxa bilərik. Başlayır:

 

Samirə: Maddiyyat olanda mənəviyyatı almaq olur?

 

- Heç vaxt. Onlar bir-biri ilə bağlı deyil, ayrı-ayrı şeylərdi. Əlbəttə mümkün deyil. Sadəcə, onu deyirəm ki, zəmanə yazarlığı, həyatı dərk edən bir yazar hər iki tərəfi vəsf edib, özünü ayaqda saxlaya bilər.

 

Səbinə: Demək zəmanə insanı kimi, zəmanə şairləri də olur...

 

- Əlbəttə. Tarixə nəzər salanda da görürük ki, həmişə belə olub.

 

Vüsalə: Bu çətin deyil? Məsələn, biz peykimizi uçurduq, hələ göyə çatmamış mahnı hazır edib oxuduq...

 

- Mənə elə gəldi ki, o sözlər bizim peykə aid deyildi. Onu ədəbi məktəbimizin

nümayəndələrindən kimsə Qaqarin dövrünün peyklərinə yazıb. O zaman peykləri çox güclü, qüdrətli sənətkarlar vəsf edirdi, görünür, bunun vəsfinə yer olmayıb, zamanı gəldi, hamı fikirləşincə, bu tez hazır şerin çıxartdı.

 

Səbinə mənəviyyat söhbətini də peyklə göyə uçurduğumuzu görüb bir müəllimə kimi hesab edir ki, söhbəti şerə-sənətə gətirsin, o ümid ilə ki, bəlkə hələ o uşaq olanda, körpülər salınmayıb, qızlar gözəlləşməyəndə bahara aid şeir yazmağa fürsət tapıb...

 

Səbinə: Şeirlərinizdə nöqtə-vergül olmur...

 

- İndi əsər yazıb ona janr seçən yazarlar düzgün etmirlər, indi yazılan əsərlərin janrı ola

bilməz. Çünki cəmiyyətin, bu yaşadığımızın həyatın özünün janrı bilinmir. Əsər yazıldığı

zəmanənin məhsuludur, istifadə müddəti var. Bu mənada o yazılan şeirlər də ona görə nöqtə-vergülsüzdür ki, yaşadığımızın həyatın nöqtə-vergülü yoxdur.

 

Aygün: Baba müəllim, bura çox pessimist əhval-ruhiyyədə gəlmisiz.

 

- Gələndə hə, çünki səhər tezdən bir neçə iş dalınca getdim, tıxaclar əsəbiləşdirdi. İndi

düzəldim...

 

Samirə: Tıxacda şeir yazmaq olar?

 

- Tıxacda adətən uşaqlığımı xatırlayıram...

 

Aydın oldu ki, heç bir söhbət üzü bahara, Novruza tərəf getmir. Mən girişi hardan, necə edim ki, heç olmasa yazıya başlıq tapım? Ona görə də ətrafında dolanmadan bir başa mövzuya gəlmək qərarına gəlirəm.

 

Vüsalə: Sualı necə qoyum bilmirəm, mən heç bir kişidən soruşa bilmərəm ki, qürurla başında gəzdirdiyin papağı bir fındıq, iki qoz, üç yumurta üçün kiminsə ayağının altına necə atırsan? Əlimizdə qalan bircə papaqdı...

 

- “Əlimizdə qalan bir papaqdı” deməklə çox şişirtdin. Çoxdandı, heç o da yoxdu. Papaq bu gün bizim həyat tərzimizin atributudur ki? Papağı xatırlayırsansa, demək sən məndən daha qədimsən. Mən xatırlaya bilmirəm... Mən rəhmətlik Şıxəli Qurbanovun dövründə gördüyüm ilk Novruzdan başqa, heç nə xatırlaya bilmirəm. Mən yazın gəlişini sevirəm. Mənim üçün Novruz bayramı adlı bir bayram yoxdur. Yazın gəlişi Allahın bizə bəxş etdiyi ən böyük bayramdır. Novruz bir az sovet bayramlarının təsirin bağışlayır, geydirmə bayram təsiri. Normal Novruzu “Yeddi oğul istərəm” filmində görmüşəm, həyatda görməmişəm, İsmayıllıda olmayıb. Ona görə də ruhuma daxil olmayıb, həyat tərzimə girməyib. Həyatda keçəl, kosa adama gülməli gəlir...

 

Vüsalə: Yaxşı qonorar olsa, bir kişi obrazı kimi keçələ, kosaya şeir yazmaq olar?

 

- Elə qonorarsız da olar. Əgər iki kişini ən əsas bayramımızın qəhrəmanına çevirmişiksə,

deməli, kişi simvollarımız onlardı.

 

Vüsalə: Amma onları kim sevər?

 

- Biz nəyik, simvollarımız da odur.

 

Vüsalə: Niyə? Bizim elə sevilməli kişilərimiz var ki... Hətta bizdə kişilər var ki, qadına “cəsarətlə məndən yoxdu, bir də olmayacaq” deyir...

 

- Vay-vay-vay. Bunu o mənada deməmişəm, orda eqoizm yoxdur, deyirəm, bir-birimizin qədrin bilək, heç kimdən bir də olmayacaq, insan getdisə, getdi.

 

Səbinə: Amma həm də demisiz ki, ayrılığa dözərəm mən. Paradoks oldu axı...

 

- Yox. Orda mən sadəcə hamı kimi riyakarlıq etmirəm, səmimiyəm. Hamı deyir ki, sən getsən ölərəm. Həyat isə sübut edir ki, dözərəm. Mən bu yaşa kimi dözüb yaşamışamsa, deməli, dözmək olar. Bir-iki istisnanı çıxmaqla hələ heç kim ayrılıqların sonunda intihar etməyib.

 

Vüsalə: Amma hər gedənlə bir dəfə ölüb, hər gələnlə bir dəfə doğulursan...

 

- O başqa məsələdi artıq, daha dərin məsələdi. O cür ki, mən dözürəm, ölmək ondan min dəfə şərəflidir və daha yaxşıdır...

 

Vüsalə: Bu artıq məşhur “Lazım gəlsə” misalına oxşadı.

 

- Hə, bir az oxşayır. Amma inanın, müəyyən mənada o cür dözməkdənsə ölmək daha üzü suludur.

 

Aygün: Çox əzab veriblər sizə?

 

- Əgər baharın gəlhagəlində beş gözəlin hüzuruna belə pessimist gəlmişəmsə, demək hə...

 

Pessimist şair yenidən gəldiyi ab-havaya qayıtmasın deyə Samirə böyük ehtimalla onu qıcıq edəcək məsələyə toxunur.

 

Samirə: Baba müəllim, sizin şeirlərinizi redaktə edən olub?

 

- O qədər...

 

Samirə: İncimirsiz?

 

- Mən sovet dövrü yazıçısıyam axı. O dövrlərdə Səməd Vurğunu da redaktə edirdilər.

Mətbuatda dövlət sirlərini saxlayan idarə var idi, bir də nəşriyyat redaktorları. Nəşriyyat

redaktorları diletant olurdular. Sadəcə fəxr edirdilər ki, “mən Bəxtiyar Vahabzadənin əsərləri redaktə etdim”. Məsələn, Vaqif Səmədoğlu “gəleyrəm” yazanda, onlar silib “gəlirəm” yazırdılar. Redaktə normal şeydir...

 

Samirə: Bunu himnimizin redaktə olunması məsələsinə görə soruşdum. Yəqin xatırlayırsız...

 

- O qədər böyük problemlərimiz var ki, himnimizin qısa, ya uzun olması lap bəyin saqqal

darağına oxşayan şeydi. Deyirlər, himn belə olsun, Üzeyir bəyin bu musiqisi himnə getmir. Axı himndir, simvoldur. Hərdən böyük işlərimizi qoyub elə yerdə çox təfərrüatlara varırıq ki, bu da bizi böyük işlərdən qoyur. Elə bil, kimsə xırda işləri gündəmə gətirir ki, böyük işlər yaddan çıxsın.

 

Belə olmaz! Heç olmasa, yazıya başlıq üçün bir kəlmə deməlidir axı. Bəlkə bu dəfə də səmənidən söz salım? Elə birbaşa deyim ki, lazım deyil! Əgər redaksiyada deyilən kimi, yaşlı adamdırsa, mütləq qarşı çıxacaq.

 

Vüsalə: Baba müəllim, səməni cücərtməyə necə baxırsız?

 

- Normal şeydi.

 

Vüsalə: Buğda çörəkdi, biz onu cücərdib sonra saraldıb atırıq, kimsə isə evində çörək tapmır, uşağını ac yatırdır... Bu necə bayramdı?

 

- Əvvəla, bu bizim bayram deyil, dünyanın bayramıdır. Təbiətin oyanışını qeyd edirlər. Biz də görünür, tənbəl bir xalq olaraq, ən asan bayramlardan biri kimi tez özəlləşdirmişik.

 

Vüsalə: Baba müəllim, siz erməni dəyirmanına su tökdüz, özü də vedrə-vedrə.

 

- İndi dəyirmanlar hamısı elektriklə işləyir. Sonuncu su dəyirmanı İsmayıllıda idi, onu da dağıtdılar.

 

Yazıçılar İttifaqından danışanda məlum olur ki, iyirmi ildən çoxdur, o binaya heç ayağı da dəymir. “Heç gedib təzə vəsiqəni də almamışam. Məndə ancaq sovetdən qalma vəsiqədir” deyir. Dostları ilə görüşəndə ümumiyyətlə Yazıçılar ittifaqı haqda danışmırmışlar.

 

Aygün: Dostlarla görüşürsüz, ittifaqda baş verənlərdən söhbət etmirsiz. Elə bil vakuumda yaşayırsız.

 

- O ilk təəssüratdır. Əksinə, biz çox maraqlı həyat yaşayırıq. Biz elə gözəl mövzulardan

danışırıq ki, inanın min Yazıçılar İttifaqı, yüz Kinematoqrafçılar İttifaqının problemləri onun yanında heç nədir. Biz öz dostlarımızla çox maraqlı ömür sürürük.

 

Səbinə: Bizim gənclər çox “qələmim-qələmim” deyirlər...

 

Samirə: Bu qədər şair olması düzgündürmü? Olmaz ki, şeir yazmaqdansa nəsə ixtira etsinlər, elmlə məşğul olsunlar...

 

- Sənət yönümlü kütləvi axından qorxmaq lazım deyil. Mən meyxana yarışmasında münsif idim, çox adam deyirdi, “sizi ciddi bir adam bilirdik”, deyirəm “mən neynirəm ki, münsiflər heyətində sözü dəyərləndirirəm”. Onda deyirdim ki, niyə meyxanaya kütləvi axından qorxursuz? Bunlar hamısı potensial cinayətkardır. Biz onları pişiyim-pişiyim ilə bu biri tərəfə yönləndiririk.

 

Səbinə: Sifarişlə şeir yazmaq olur?

 

- Niyə olmur? Sifarişlə tort bişirmək olur, şeir yazmaq olmur? Bu da bir sənətdir.

 

Samirə: Hərdən bir şerin kiminsə olduğun deyirlər, amma ruhundan hiss edirsən ki, bunu başqa şair yazıb. Sevdiyin şairi misrasından tanıyırsan axı. Bu necə ola bilər? Ürəyindən bir parçanı necə satmaq, ya hədiyyə etmək olar?

 

- Yaradıcılıqda elə şeylər olur ki... İlk zamanlar əsəbiləşirsən, sonra isə yox.

 

Vüsalə: Sevdiyin qadınla ailə qurursan, illər keçir və sevdiyin qadın deyəndə gözün kənarda kimisə axtarır. Evdəki qadın artıq ailə üzvündən başqası deyil. Deməli illər keçdikcə şeirlə də evlənib, hər şeyi adiləşdirmiş olursuz?

 

Samirə: Deməli illər keçdikcə sevgi gedir, bu sənət olmaqdan, peşəyə çevrilir?

 

- Əlbəttə! Bu peşədir də. Qayda-qanunlarını, şeir yazmaq ölçülərini bilirsən, ilham pərisini də lap yanına gətirməsən də, bir az yaxına çəkə bilirsən, bəs edir. Fyodor Dostoyevski bütün əsərlərini sifarişlə yazıb. Qumarda uduzub, pulu təcili verməlidir, nəşriyyat sifariş verib ki, bir həftəyə ortaya roman qoy və dünya ədəbiyyatının şedevrləri belə yaranıb.

 

Vüsalə: Şairlərin şablon cavabı var: Bütün şeirlər övladımdır. Bu halda şeirə qız övladı kimi baxmaq olar? Böyütdüm verdim, getdi...

 

- Bir az səmimi olanda təxmini elədir. Həmkarlarım hərdən pafoslu çıxışlar edirlər ki, bütün şeirlərim mənim üçün əzizdir. Adamın əti tökülür. Şeirdi də, yazdın, atdın bir qırağa. Amma nəsr sənin özünsən. Hara getdin ordadır, unutmursan.

 

Səbinə: Şeir ailədəki söz-söhbət zamanı vəziyyətdən çıxardır?

 

- İnanın ki, həyatda şair olanlara, şair kimi danışanlara, pafosa, məclisdə ədəbiyyatdan

danışanlara nifrət edirəm. Mən həyatda tamam başqa cür – realist, yeyib içən, “kefkom”

adamam. Ədəbiyyat haqda söhbəti qeyri-ciddi sayıram.

 

Samirə: Ağılla şeir yazmaq olar?

 

- Yox. Şeir yazanda ağlı bir müddətlik kənara qoyursan.

 

Samirə: Birdən şeir yazdığınız yerdə ağıl dilləndi, bu misralara təsir edir?

 

- Çox təsir edir. Amma redaktə mənasında təsir edir ki, mən bu sözü yazmamalıyam, çünki qonorar azala bilər. Elə danışırıq guya çox böyük qonorarlar alırıq... Mən ümumiyyətlə, qadınlardan qonorar almıram. Robot bəstəkarlar görmüşəm ki, dünyanın ən gözəl qadını ona bir az mehriban olmaq istəyib, faşistcəsinə deyib ki, “yox, pulumu gətir”. Dəhşətə gəlmişəm ki, o gözəlliyin qarşısında necə duruş gətirə bilib. Milyon söhbəti olsa da, mənim yadıma düşməz. Amma qadınlardan gizli qonorarı qoyub qaçan olub. Bu istisnaları çıxmaq şərti ilə heç vaxt qonorar ala bilmirəm, hətta yaşlı qadınlardan da. Onlara da öz baxışım var. Artıq bu populyar deyil, bir zamanlar isə çox məşhur olub deyirəm. Təkcə sevgidə yox, insan kimi də ürəyi yumşaq adamam. Amma kişilərin canın alıram. Onlara aman yoxdur. Hətta qadınların qonorarını da onlardan alıram.

 

Söhbətimiz yekunlaşmaq üzrədir və nə bahar təravəti, nə də Novruz qoxusu duyuruq. Aygün dözməyib dillənir:

 

- Baba müəllim eşq acısı yaşayır...

 

- Ola bilər... Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” əsərində deyir ki, eşqləri gərək dodaqdan aşağı buraxmayasan. Yoxsa ömrü boyu səni zəhərləyəcək. Ona görə də mənim üçün nə var dodaqdadır. Eşqləri içəri buraxmıram. Buraxsam, qarşınızda cavan oğlanı görməzdiz...

 

Vüsalə: Aydındır... Dodaqdan da şerə çevrilib ağızdan çıxır... Mən demişdim, o cavan oğlan Novruz haqda bir şey bilməz. Amma redaksiya belə hesab etmir. İndi redaktor yazının başlığına nə çıxarsın? Heç olmasa, Novruz şirniyyatından bir-iki kəlmə...

 

- Hamısına nifrət. Mən şirin yemirəm axı. Bircə şorçörək, o da təmiz inək yağında bişəndə. Mən təbii insanam, yediyim də təbiidir, özüm də. Geydirmə hər şeyə nifrət edirəm, novruz şirniyyatlarının da hamısı geydirmədir.

 

Bu qədər! Novruz söhbətlərindən əlimizi tam üzüb bir-birimizə “Redaksiyaya necə deyək ki, Novruz materialı tonqala düşüb yandı?” Diktofon isə hələ açıqdır... Baba müəllim pərəstişkarı Elmira xanımla söhbət edir.

 

Elmira: Gözünü açıb lideri çərçivədə görəndə onu vəsf etmək asandı, yoxsa sağ görəndə?

 

- Mən asanı sevməsəm də, çərçivədə gördüyünü vəsf etmək asandır. Çünki onun üçün artıq müəyyən şablonlar, trafaretlər var və sən də şeri elə müəyyən çərçivələr daxilində yazırsan.

 

Elmira: Onda niyə Məmməd Əmin Rəsulzadəni vəsf etmirlər? Lenin üçün kifayət qədər şeir yazılırdı...

 

- Niyə yazılmır ki? Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir kərə enməz” şüarı hər yerdə yazılıb. Sadəcə, hər adamın özünə yaxın şəxsiyyəti ola bilər. Söhbət Heydər Əliyevdən gedirsə, o, mənim həyatda gördüyüm və şəxsiyyətinə vurulduğum bir insandır. Səfərlərdə oturub çay içmişik, çörək yemişik, qəribə görüşlərimiz olub, ömrü boyu mənimlə yaşayan təəssüratları var...

 

Biz isə bu arada məsləhətləşib son şansı da dəyərləndiririk:

 

Aygün: Novruz bayramı qadınlara işgəncə vermək üçündür...

 

Samirə: Bahar gəlir, təbiət oyanır, həyat eşqi artır, qan qaynayır...

 

Vüsalə: Kişilər sağa-sola daha rahat baxsınlar deyə...

 

Səbinə: Qadınların başını nə iləsə qatmaq lazımdır...

 

Aygün: Paxlavanın qatları ilə...

 

Samirə: Şəkərburanın naxışı ilə...

 

Vüsalə: Buğda cücərtməklə...

 

Səbinə: Evi təmizləməklə...

 

Xor: Qadınların haqqı pozulur! Kişilər xəyanət edərkən qadınlar buğda qovurub, fəsəli yayırlar!

 

- Amma görünür bu da lazımdı...

 

Anladıq ki, gərək xoşbəxtliyə doğru özün addımlayasan, səadət baharla gəlməyəcək. Yoxsa, qızmar yaydan, nakam payızdan, soyuq qışdan çıxıb gələn səadət baharda bizə çatan kimi yorğunluqdan başını qoyub yatacaq... Bir-birimizə qəlbimizdə on iki ay bahar təravəti olması arzusu ilə sağollaşırıq...

 

Sonda “adət yerini bulsun” deyə saç düzümümüz üçün ana təbiətə, geyimimiz üçün qarderobumuza, gözlərimizdəki yaş üçün isə qəfil doğan günəşə təşəkkür edirik...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar