AMEA-da Əli bəy Hüseynzadəyə həsr olunan elmi sessiya keçirilib
17 mart 2014 22:07 (UTC +04:00)

AMEA-da Əli bəy Hüseynzadəyə həsr olunan elmi sessiya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda böyük maarifpərvər ziyalı Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibəti ilə elmi sessiya keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elmi sessiyada AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli böyük türkoloq alim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

 

O qeyd edib ki, yazıçı, publisist, şair, Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim Ə.Hüseynzadənin irsi sovet dövründə araşdırılmayıb, vaxtilə ona “panislamist”, “pantürkist” damğaları vurularaq ədəbi-ictimai fəaliyyətinə kölgə salınıb, əsərləri qadağan edilib. Lakin müstəqillik illərində görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisinin irsi müəyyən  araşdırmalara cəlb olunub, əsərləri işıq üzü görüb.

 

İ.Həbibbəyli təpədən-dırnağadək türk məfkurəsini yaşadaraq onu inkişaf etdirən Əli bəy Hüseynzadənin Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə apardığını önə çəkərək onun ortaq türk düşüncəsinin, turançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətlər göstərdiyini bildirib, Türkiyənin özündə türkləşmə uğrunda yorulmadan çalışdığını xüsusi vurğulayıb. O, bu yaxınlarda akademiyanın Humanitar və İctimai Elmlər Bölməsi üzrə konfrans keçiriləcəyini, eləcə də alimin doğulduğu Salyan şəhərində tədbir təşkil ediləcəyini bildirib, həmçinin türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə haqqında yazılan əsərlərdən ibarət olacaq “Məqalələr toplusu”nun nəşrə hazırlandığını diqqətə çatdırıb.

 

Akademik Əli bəy Hüseynzadə irsini bütün dolğunluğu ilə əhatə edə biləcək sanballı bir monoqrafiyanın yazılmasını  məqsədəuyğun və vacib olduğunu qeyd edib, bu barədə tapşırıq və göstərişlərini verib.

 

Öz növbəsində böyük ədibin qardaşı nəvəsi Cəmilə Hüseynzadə təkcə Əli bəy deyil, nəsillərinin digər  tanınmış nümayəndələri barədə maraqlı məlumatlar verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar