“Mən sadəcə olaraq müğənniyəm, siyasətçi deyiləm. Mənə bu problem (Qarabağ) haqda danışdılar. Dünyanın bir çox ölkəsində bu cür problemlər var. Mən sülh tərəfdarıyam, dünyadakı bütün insanları sevirəm. Hesab edirəm ki, savadlı insanlar məni başa düşər”.
APA-ın xəbərinə görə, bu sözləri “Vesti.az” saytına müsahibəsində dekabrın 18-də Bakıda konserti planlaşdırılan tanınmış italiyalı sənətçi Al Bano Karrizi deyib. O bildirib ki, Dağlıq Qarabağa səfər edərkən münaqişədən tam xəbərsiz olub: “Təəssüf edirəm ki, belə alındı. Mən sülhsevər insanam, insanların sülh içində yaşadığını görəndə bundan həzz alıram. Mən problemin dərinliyinə varmaq istəməzdim. Ümid edirəm ki, hər şey hamı üçün ən yaxşı şəkildə həll olunacaq”.
Al Bano qeyd edib ki, adının Azərbaycan hökumətinin “qara siyahısı”nda olduğunu da bilməyib. Bunu öyrəndikdə isə Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət edib və artıq problem həllini tapıb: “Mən böyük məmnuniyyətlə bakılı tamaşaçılar qarşısında çıxış edəcəyəm. Dekabrın 18-də görüşənədək!”