Dağıstan Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin məşhur "Varlı qadın" komediyası ilə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qastrol səfərində olub. Bu barədə pyesin müəllifi Lent.az-a açıqlamasında bildirib. Dağıstan Respublikasının xalq artistləri Tutuxanım Osayeva, İmam Akauddinov, Rusiyanın əməkdar artisti Baysoltan Osayevin əsas rollarda oynadıqları tamaşa Qaraçaysk, Ust-Cequta və respublikanın paytaxtı Çərkəssk şəhərlərində 6 dəfə nümayiş etdirilib.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan qastrol səfəri böyük uğurla keçib.
2010-cu ildə Kumık teatrında tamaşaya qoyulmuş və özünə repertuarda möhkəm yer tutmuş "Varlı qadın" 2012-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən ənənəvi "Tuqanlıq" beynəlxalq teatr festivalında iki nominasiya üzrə mükafata layiq görülüb.
Onu da qeyd edək ki, 1998-ci ildə yazılmış "Varlı qadın" iyirmiyə yaxın ölkə və xarici ölkə teatrlarında tamaşaya qoyulmuş, iki beynəlxalq teatr festivalının 4 mükafatına layiq görülüb.