Rəis Rəsulzadə: “Rəssam – ictimai mövqe deməkdir”
02 mart 2015 14:21 (UTC +04:00)

Rəis Rəsulzadə: “Rəssam – ictimai mövqe deməkdir”

 

 “Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olmaq, bu soyadı daşımaq mənə tanınmaqda kömək olub. Bu çox böyük məsuliyyət və şərəfdir. Bununla hər zaman qürur duyuram”. Bu sözləri APA.TV-nin “Rəng...Fırça...Palitra...” verilişinin budəfəki qonağı Məhəmməd Əmin Rəsulzadə nəslinin azsaylı davamçılarından olan əməkdar rəssam Rəis Rəsulzadə deyib. Rəsulzadə soyadını daşıdığı üçün özünə müəyyən məhdudiyyətlər qoyduğunu bildirən rəssam, yaradıcılığı dövründə babasına bir neçə əsər həsr etdiyini də bildirib: “İstər-istəməz məhdudiyyətlər qoymalı olursan. Cavanlıqda hamımız valideynimizin çatdığı zirvəyə, bəlkə də ondan yüksək zirvəyə çatmaq arzusunda oluruq. Amma Məhəmməd Əmin elə bir zirvəni fəth edib ki, on universitet qurtarsan belə onu təkrarlamaq mümkün deyil artıq. Məhəmməd Əmin Rəsulzadənin təxminən 5 portretini işləmişəm. İndi Lahıcı çəkmək istəyirəm. XI Qızıl Ordu gələndən sonra Məhəmməd Əmini həbs etmək istəyirdilər. Həmin dövrdə onun gizləndiyi evi, zirzəmini, hansı ki həmin yerdə “Əsrimizin Siyavuşu”nu yazıb. Mən həmin dövrü yaratmaq istəyirəm. Sovet dövründə gənclik vaxtımda gizlincə əsərlər çəkirdim. Ümumiyyətlə o vaxtlar rəssamlar öz əsərlərində Azərbaycanda baş verən hadisələri əks etdirirdilər. Amma əsrin adını məsələn, "Çili" qoyurdular. Guya o hadisələr Çilidə baş verib. Bunu da dövlət bilirdi və həmin əsərləri dəyər-dəyməzə alıb yoxa çıxarırıdı”.

 

Rəssam olmağın məsuliyyətindən danışan həmsöhbətimiz deyir ki, yaradıcı insan olmaq çox məsuliyyətli bir işdir. Onun fikrincə, rəssam ilk növbədə ictimai mövqe deməkdir:

 

“Biri yazı ilə, biri musiqi ilə, rəssam isə öz tabloları ilə öz mövqeyini bildirir. Rəssam hansı janrda işləyir işləsin onun mövqeyi olmalıldır. Rəssam olmaq tək rəsm çəkmək demək deyil. Sənət asan deyil, sənətdə yaşam asan deyil, ən əsası bu sənətdə müəyyən zirvələrə çatmaq asan deyil. Bütün bunlar çox çətindir”.

 

Bu dövrdə rəssam olmağın mürəkkəbliyindən danışıb Rəis müəllim. Söhbət əsnasında dünyaca məşhur rəssam olan Anri Matisi də xatırlayıb:

“Anri Matis deyirdi biz gərək əsərləri elə yaradaq ki, insan baxanda yorulmasın. Onsuz da insanlar indi çox yorulur. Elə tarixi mövzular var ki, onlar fırçaya alınmalıdır. Bu gün biz də portret, peyzaj işləyən rəssamlar var. Çox təəssüflər olsun ki, tarixi rəsm əsərlərimiz hələ yoxdur. Amma güman edirəm ki, olacaq. Kinoda tarixi mövzulara müraciət edirlər, amma təsviri sənətdə hələ ki yoxdur. Yaşadığımız bu dövrdə mütləq tarixi əsərlər olmalıdır”.

 

Qonaq dövlət xadimlərinin, tarixi şəxsiyyətlərə həsr olunan əsərlər çəkmək üçün  əvvəllər müvafiq bədii şuranın olduğunu yada salıb və əlavə edib ki, bədii şura ləğv olunandan sonra vəziyyət dəyişıb:

“Rəssam dostum Oleq İbrahimov məsələ qaldırmışdı ki, bu cür əsərlərlə bağlı nəinki şura yaradılmalı, hətta attestasiya keçirilməlidir. Bəzən kiminsə portretini elə gündə çəkirdilər ki, hətta “demirəm özünə oxşasın heç olmasa adama oxşasın”-deyən də tapılırdı. Tahir Salahov həmişə deyirdi ki, “işini qoy bax, öz xoşuna gəlmirsə, artıq üzə çıxarma”. Rəssam mütləq oxumalı, öyrənməli, bilməlidir. Gərək bu cür durumlar düzgün qiymətləndirilsin”.

Tarixi şəxsiyyətlərin görüntülərinin yeni texnologiyalarla təqdim olunmasına gəlincə, Rəis Rəsulzadə bunu normal hal hesab edir:

“Əgər bu gün kompüter qrafikası varsa niyə də istifadə etməyəsən. Məhəmməd Əminin bir sözü var idi “avtomobili qoyub at arabası ilə uzun yol getmək ağılsızlıqdır”. Pikassonun da belə bir sözü var: “Ən gözəl əsər uşaq çəkdiyidir”. Amma uşağın gözü ilə baxmaq üçün illərini rəssamlığa həsr etməlisən. Üç alma çəkməklə dahi rəssamam olmaq olmaz. Gərək fəlsəfəni, ədəbiyyatı, müasir dövrün estetik prinsiplərini biləsən.

Salvador Daliyə bir gün sual verirlər ki, “siz dahi olduğunuzu nə zaman hiss elədiniz?” O da cavabında deyib ki, “avqustun 6-sı”. Həmin gün amerikanlar Xerosimanın üzərinə bomba atmışdılar. 300 mindəın artıq insan məhv olmuşdu. Dali "avqustun 6-sı" cavabını sözgəlişi deməmişdi. Bu artıq mövqe idi. Hər şeyi tarix öz yerinə qoyur əlbəttə, amma yenə də mövqe çox önəmlidir”.

 

Qonağımız Rəsulzadə soyadının onun tanınmasında rolunun olduğunu deyib: “Rəsulzadə soyadı mənə tanınmaqda kömək olub. Amma dəyənək tərəfi də olub. Bu gün Rəsulzadəyə hörmətlə yanaşır, çox sevirlər. Xüsusi ilə gənclər Rəsulzadəni çox sevir. Rəsulzadəyə sevgi istiqlaliyyətimizə, tariximizə, mədəniyyətimizə sevgi deməkdir”.

 

Rəis müəllim yaxın gələcək üçün “Azərbaycan təbiəti” adı altında sərgi keçirmək niyyətindədir. Rəssam bildirib ki, bunun üçün kataloq hazırlanmalı, müəyyən hazırlıqlar görülməlidir:

“Düzdür emalatxana evimdən çox uzaqdır. Amma hər halda özüm üçün müəyyən iş şəraiti yaratmışam. Bəzən elə olur ki, hər şeyin var, amma daxilən narazısan, o zaman heç nə alınmayacaq. Azadlıq gərək insanın daxilində olsun, əməli azad olsun. Azərbaycan təbiətindən çox xoşum gəlir. Bu sərgini açmaq istəyirəm. Mənim yerimə kim olsaydı bunu bir layihə kimi həyata keçirtmək üçün gedib Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə imzalayardı. Amma mən o cür bacarmıram. Bu sərginin açılması üçün Rəssamlar İttifaqına gedib ərizə yazmaq fikrindəyəm”.  

 

Verilişdə Rəis Rəsulzadə "Məhəmməd Əmin Rəsulzadə", "20 yanvar" və digər əsərlərini tamaşaçılara nümayiş etdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar