Sentyabrın 27-də Ümumdünya Turizm Gününə həsr olunmuş konfrans və müxtəlif təqdimatlar keçiriləcək. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Konfransın proqramına uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev tərəfindən turizm sahəsində görülmüş işlərə dair arayış təqdim olunacaq. Eyni zamanda, "Azərbaycan Respublikası Prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı" mövzusuna həsr olunmuş "Azerbaijan review" jurnalının təqdimatı və başqa tədbirlər olacaq. Bununla yanaşı, "Fəxri Turizm İşçisi" döş nişanı və "Fəxri Fərman" ilə təltiflər, həmçinin, Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən "IV Milli Turizm" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafat təqdim ediləcək.
Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan muzeylərə, qoruqlara, komplekslərə və abidələrə giriş bir günlük pulsuz olacaq .