Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi açıldı
30 mart 2018 23:09 (UTC +04:00)

Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi açıldı

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

 

Xalq Yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi martın 30-dan etibarən İçərişəhərdə fəaliyyətə başlayır. Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış olub, Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.

 

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış ediblər.

 

Mehriban Əliyeva Mərkəzin yaradılmasında iştirak edənlərin hamısına təşəkkür etdiyini bildirib: "Heydər Əliyev Fondunun əməkdaşlarına da xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çünki biz hamımız böyük məhəbbət və məsuliyyətlə bu işə yanaşdıq. Bu Mərkəz Maqsud müəllimin adına layiq olmalı idi. Arzulayırdıq və əlbəttə çalışırdıq ki, biz hər şeydən əvvəl binanın tarixi simasını bərpa etməklə yanaşı, onun daxilində hər zaman Maqsud müəllimin özünün yaratdığı atmosfer hiss olunsun. O, əsl istedadlı insan kimi elə müsbət enerji aşılayırdı ki, onunla bir dəfə ünsiyyətdə olduqdan sonra sanki sehrlənir və onun yanında olmaq istəyirdin. Mən çox ümid edirəm ki, bu ev də belə olacaq. Ona görə, bir daha demək istəyirəm, bizim hörmətli Maqsud müəllimin Yaradıcılıq Mərkəzini məhz bu evdə açmağımız tamamilə ədalətlidir. Çox istəyirəm ki, burada onun bəyəndiyi, yaratdığı və yaşadığı mühit olsun. Düşünürəm ki, bu yer istedadlı gənclərin müxtəlif görüşlərinin keçirildiyi, azərbaycanlı yazıçıların, ədiblərin dəstəkləndiyi, ədəbi-bədii gecələrin təşkil olunduğu məkan olacaq”.

 

Qeyd edək ki, 2016–2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mərkəzin binasında əsaslı bərpa və konservasiya işləri aparılıb. Azərbaycan prezidentinin 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən indi bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzinin fəaliyyəti gənc yazıçılara dəstək, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği, yaradıcı gənclər üçün kreativ mühitin yaradılması və xarici ölkələrin mədəniyyət təşkilatları ilə əməkdaşlığa yönəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar