“Televiziyaya, kinoya həmişə həvəsim olub. 94-cü ildən AzTv-dəyəm. O zaman bizim bir dənə dövlət televiziyamız vardı. Əvvəlcə studiyada video-yazı operatoru işlədim. Səs yazmalar, verilişlərin yayınlanması, sonra canlı efir və montaj. Elə oldu ki, 1996-cı ildə artıq dörd tələbəm vardı. 2001-ci ildən sırf kino üzrə işlədim”. Bunu montaj rejissoru Elşad İbrahimxəlil oğlu Rəhimov deyir. Peşəkar montajçı ilk fəaliyyətinə 18-19 yaşlarında həvəskar kamerası ilə toylardan başlayıb...
Kino bir nəfərin hissi deyil
- Mən bu sahə üzrə heç bir təhsil almamışam. Sadəcə həvəsim vardı. Öz-özümə öyrənmişəm. Öz çəkdiklərimi evdə videomaqnitofonla ordan-burdan montaj etməyə başladım. Gələn il iyirmi il olacaq ki, bu sahədəyəm. 20-yə yaxın filmi montaj etmişəm. n “Bir anın həqiqəti”, “Qraf Kristovski”, “Hökmdarın taleyi”, “İlahi məxluq”, “Dolu”, “Xoca”, “Cavadxan” ...
Bir filmin montajı filmin çəkilişindən asılıdır. “Xoca” filmini iki aya montaj eləmişəm, Elxan Cəfərovun “Dolu” filmini dörd aya. “Hökmdarın taleyi” filmində bir səhnə vardı, onu altı aya montaj etdim. Hər gün montaj etmişəm. Səhəri gün gəlib bəyənməmişəm. Təzədən bir də montaj etmişəm. Beləcə altı ay keçib. Çəkiliş yaxşı olmayanda montajçının işi çətinləşir. Aktyorun rolu pis, ya yaxşı oynamasını rejissor müəyyənləşdirir. Kino bir nəfərin hissi deyil. Montaj edəcəyim filmləri özüm seçirəm. Dəvət edirlər, ssenariyə baxıram. Mənim fikirlərimlə, əqidəmlə üst-üstə düşmədisə, etiraz edirəm. Əgər montaj edirəmsə, sevə-sevə edirəm. Filmin bütün səhnələri mənə ləzzət edir. Dərs dediyim uşaqlara da bunları deyirəm ki, gördüyünüz işlərdən həzz alın. Mən bir səhnəni bu gün də montaj edirəm, səhəri gün baxıram, yenidən montaj edirəm, o biri gün yenə. Sonra baxıram ki, birinci variantla üçüncü variant arasında nə qədər fərq var. İşi sevib, ortaya bir şey çıxartmaq lazımdır.
“Toyu montaj edə-edə öyrəndik”
- İnsan gözü kinonu görür, beyni istədiyi kimi kadrları dalbadal düzür, ütüləyir. Kino, reklam, vizual təsvir çox çətindi. Reklam var ki, otuz saniyəyə bütün fikri deməlisən. Montaj kəsib yapışdırmaq deyil. Ritmi tutmalısan, montajın prinsipləri var ki, onlara riayət etməlisən, kadrların ardıcıllığı var. Toyda belədir ki, bunları bilməsən də olar. Çəkdin, yüngülvarı montaj etdin, bəs edir. Kinoda bunlar olmayanda tamaşaçı çaşır, qəbul eləmir. 18 yaşımda toylara gedirdim. O qədər toy montaj etmişəm ki... Olurdu gecələr yatmırdım. Sözümün canı ondadır ki, toy montaj etmək ayıb deyil. Kimsə anasının qarnında montajı öyrənmir. Yavaş-yavaş, səhvlər edə-edə öyrənirik. Hər şey mərhələli olmalıdı, aşağıdan üzü yuxarı. Mənim şagirdlərimin içində toy montaj edənləri də var. Toy onların əlinin altında “plastilin”di, təcrübə qazanırlar. Toyda edilən səhvləri kinoda etmək olmaz.
“Təmənnasız işlərimdən ləzzət alıram”
- İki il bundan qabaq montaj etdiyim filmə baxıram. İnana bilmirəm ki, bu filmi mən montaj etmişəm. Öz-özümə deyirəm ki, doğrudan bunu mən montaj etmişəm? Nə qəşəng keçid vermişəm? Bəzən də olur ki, “bunu başqa cür edə bilərdim” deyirəm. Amma heç vaxt köhnə işimə görə utanmamışam. O vaxta görə, o zamana, o dünyagörüşümə görə montaj etmişəm. Elə olur ki, film montaj edəndən sonra hamı “bəh-bəh” deyib bəyənir, amma özüm təkrar baxanda səhvlərimi görürəm. Əlli il də keçsə, mən öz işimə baxan kimi tanıyıram. Mənim üçün ödənişin məbləği önəmli deyil. Maraqlısı ondadır ki, təmənnasız etdiyim işlərdən daha çox həzz alıram.
Şalvarı necə don edək?
- Səhnə arxası kimi bizim işdə də maraqlı məqamlar çox olur. “ABA”-da işləyəndə bir müğənninin klipini montaj etdik. Səhəri gün gəlib klipi təhvil alıb, pulunu verməliydi. Klipdə müğənni geyinib şalvar-köynək. Gəldi, klipə baxdı: “Paltarım xoşuma gəlmədi. Bunu qırmızı don etmək olar?” Oğlan da ciddi-ciddi “pulu verin, sabah gəlin düzəldərik” dedi. Hətta qırmızı rəngini də birlikdə dəqiqləşdirdilər. Getdi, sabahı gün həqiqətən də gəldi, onu montaja buraxmadılar. Yenə paltarın rəngini dəyişin desəydi, dəyişərdik. Amma şalvarı necə don edər? Biz montajçıyıq, sehrbaz deyilik (gülür).
“Mən kölgədə qalmağa razıyam”
- Kino komanda işidir. Hər kəs bir nöqtəyə vurmalıdır ki, ortada yaxşı bir iş alınsın. Film çəkilir, montaja ötürülür. Montajçı sonda filmin zərgər işlərini görür. Burda beyin və gözlər işləyir. Elə olur ki, kino çəkilir bir cür, montajdan sonra olur tamam başqa. Filmin uğurlarından danışılanda çox vaxt montajçının adı kölgədə qalır. Sadəcə filmin sonunda adımız titrdə qeyd edilir. Eybi yox, mən kölgədə qalmağa razıyam. Hamı qabaqda ola bilməz ki? Kinodan, montajdan anlayışı olanlar mənim işimə qiymət verir. Çox olub ki, filmimə baxıb məni təbrik ediblər. Mənə qiyməti tamaşaçılardan çox, peşəkarlar verir. Məsələn, telefonu biz belə də qoysaq, elə də qoysaq tamaşaçı telefon görəcək. Ancaq kadrı hiss edən baxıb deyəcək, ya əla kadrdı, ya da gərək bunu başqa cür qoyardınız. Montajçı tamaşaçının görmədiyi çox şeyi görür. Tamaşaçının görməyi nə lazımdırsa, onu göstərir, nə lazım deyilsə, onu gizlədir.
- Montajçının əlindən çox gözü işləməlidi. 1996-cı ildə mənim yanıma bir oğlan gəlmişdi. Atasının təkidi ilə zərgər işləyirdi. Amma özünün zərgərliyə həvəsi yoxuydu. Mən ona montajı öyrətdim. Birinci növbə, ikinci növbə, üçüncü növbə,... Dördüncü növbə elə oldu ki, mənim işim çıxdı. Yerimə onu qoyub, getdim. Hamı dedi ki, bacarmayacaq. Amma bacardı. İnsanın məqsədi, arzusu olunca hər şeyi bacarar. İndi respublikada iki-üç dənə yaxşı montajçı varsa, onlardan biri elə həmin gəncdi. Dörd-beş şagirdim var ki, həmişə yanımdadılar.
“Montajsız kino lüt adama bənzəyir”
- Montajsız kino? Elə təsəvvür edin ki, bir nəfər şəhərdə lüt qaçır. Eyiblərinin hamısı görünür. Montajçı işi eyibləri bağlamaqdı. Filmdə sonuncu yük səs və montajın üstünə düşür. Məsələn, maşın kadra qəfil girir, səs montajı isə maşının görüntüsündən qabaq maşının səsini verir. Səs ən sonucudur. Montaj ütüləyir, səs isə “duxi”sini vurur(gülür). Film var ki, hər şey səsin, montajın üstündə qurulur. Elə film var onun uğurunun yetmiş faizi montajın payına düşür, elə film var on beş faizi.
Alfred Xiçkokun “Kəndir” filmi var. Film əslində bir qarış sapdan bəhs edir. Kino lenti 122 metrlik, 10 dəqiqəlik kasetlərdə olur. Əlli dəqiqəlik bu kinoda cəmisi 5 dənə montaj var. Amma çox çətin, həm də çox dəyərlidi. Bunu ancaq “as” sənətkarlar edə bilir. Bir kadrla, beş dənə “stık”la kino çəkmək çox çətindi.
“Yavaş-yavaş kinomuz da düzələcək”
- Reklamda əlli-altmış illik təcrübəsi olan ölkələr var. Biz hələ bu işin əlifbasını oxuyuruq. Reklamçılığın necə deyərlər romanını oxuyan Türkiyə, Amerika kimi ölkələr var. Ən çox Türkiyənin reklamlarını sevirəm. Orada fikir, ideya çox kreativ olur. Beş-on ilə bizdə də reklamçılığın inkişaf edəcəyinə inanıram. Əvvəllər bu avadanlıqlar yox idi. Mən özümün ilk montaj etdiyim filmə indi baxanda inkişafı görürəm. Yavaş-yavaş kinomuz da düzələcək. İndi elə proqramlar çıxıb ki, bir düyməni basmaqla bir neçə işi eyni vaxtda görmək olur. Montaj proqramları ayrı-ayrı olsa da, prinsipləri eynidir. Bir dəfə Moskvada studiyada film montaj etməliydim. Kompüteri açdım ki, proqram fərqlidir. Çağırdım bir işçini, lazım olanları öyrəndim və oturdum montajımı etdim. Heç kim də bilmədi ki, bu mənim bildiyim proqram idi, ya yox.
Dörd-beş il olar ki, heç televiziyaya da baxmıram. Sadəcə axşamlar “Euronews”da xəbərləri izləyirəm. Televizoru yandırıram, xəbər başlıqlarına baxıb yatıram. Ancaq özüm seçdiyim filmlərin disklərinə baxıram. Bir də internet var. Elə film var adamı özünə bağlayır. Durub getmək istəyirsən, amma ekrandan gözünü çəkə bilmirsən. Bax, əsil sənət budur. Tamaşaçını özünə tabe etdirmək. “Dolu” filminin premyerasında tamaşaçılar eyni epizodlarda alqışlamağa başladılar. Mən orda gördüm ki, tamaşaçılar bizim kino üçün acdır.
“Mən indi həm lalam, həm də kar”
- Heç vaxt beynəlxalq festivallarda iştirak etməmişəm. Bizim bədbəxtçiliyimiz ondadır ki, xarici dili bilmirik. Avropaya, dünyaya çıxmaq üçün ingilis dilini bilmək lazımdır. Xarici ölkələrdə dost, tanış çoxdu. Amma dünyaya çıxmaq üçün xarici dil bilmək vacibdi. Mən indi həm lalam, həm də kar. Nə olsun ki, görə bilirəm.
- Yaxşı montajçının gərək oturmaq qabiliyyəti olsun. Mən dünən axşam on birdən bax, bu kresloda oturmuşam, siz gələnə qədər. Gecəni səhərə qədər film montaj etmişəm. İşi yarımçıq saxlamaq olmaz. Xırda-xırda montaj edib, bir gündə yığmaq lazımdı. Saatlarla bir yerdə oturmaq çox çətindi. Qaranlıq otaq, işıqlı monitor və sən. Bir də hisslər çox önəmlidir. Montajı elə etmək lazımdır ki, mənasız, təkrar kadrlar olmasın. Sonda tamaşaçı filmi rejissorun hisslərini montajçının gözüylə görür.