Oktyabrın 5-də “YARAT!” Müasir İncəsənət Məkanı “Zavod” layihəsini təqdim edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova layihə barədə məlumat verib. O,bildirib ki, layihənin ərsəyə gəlməsi nəticəsində tədbir iştirakçıları neçə illərdir işini dayandırmış Bakı məişət kondisionerləri zavodunun canlandığını görürlər. İlk baxışdan adi görünən zavodun daxilində sanki hansısa bir sirr, qüvvə vardır ki, bunu təsvir deyil, hiss etmək mümkündür. Məkanın seçilməsi də təsadüfi olmayıb: “Çalışmışıq ki, gənc rəssamlar həm yaradıcılıq sərbəstliyi ilə əhatə olunsunlar, həm də belə bir məkanda işlərini təqdim etsinlər”.
Bu gün “YARAT!” Müasir İncəsənət Məkanının 2 yaşının tamam olduğunu deyən Aida Mahmudova bu müddətdə təşkilatı dəstəkləyənlərə, gənc rəssamlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Rəssam və kurator Faiq Əhməd sərginin əhəmiyyətindən və gənc sənətkarların böyük zəhmət və enerji ilə işə qatıldıqlarından danışıb.
“Zavod” layihəsi qeyri-muzey və alternativ məkanların seçilməsində “YARAT!” Müasir İncəsənət Məkanının yeni addımıdır.
Sərgi uzun illərdir fəaliyyətini dayandırmış Bakı məişət kondisionerləri zavodunda keçirilib. Layihədə 29 gənc rəssam və dizayner iştirak edib.
“YARAT!” qeyri-kommersiya təşkilatı artıq bir neçə dəfə eksperimental meydançalarda təşəbbüslərini həyata keçirib. Əvvəllər art-intervensiya və performanslar gəmi təmiri zavodunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı meydan və metronun “Gənclik” stansiyasının yaxınlığındakı tikintisi tamamlanmamış binada ərsəyə gəlib.
“Zavod” layihəsi “YARAT!” təşkilatı tərəfindən düşünülüb.Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilib.
Layihəyə “ARTIM” gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində “Bank Technique” ASC sponsorluq edir.
Sərgi noyabrın 15-dək davam edəcəkdir.