Xalq artisti Ramiz Quliyevlə “Həyat dərsi”
...Bir günləri əmim gəldi bizə. Getdim otağa, dedim, əmi, bu nədir, dedi ki, tar. Dedim, o kimindir, dedi sənindir. Tarı düşürtdük divardan... Qəşəng oturduq, müharibədə yaralandığından tarın aşıqlarını çox çəkə bilmirdi. Mən barmağımla balaca-balaca vururdum. O da “dınq” eləyirdi, əmi, qardaşoğlu şərikli köklədik tarı. O vaxtdan mən tara bağlıyam.
...1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunda həm oxudum, eyni vaxtda icazə verdilər, həm də işlədim. Müstəsna bir hal kimi. Orada Bahadır Mehrəliyev var idi, yaxşı muğam müəllimi idi, onun sinfini, bir də Musa Şuşinski var idi, onun sinfini müşayiət elədim, bu mənə çox kömək elədi. Tarı, muğam aləmini yavaş-yavaş öyrənməyə başladım.
...Öyrənmək çətindir. Çox çətindir, ona görə ki, öyrənəndə o sənin üçün böyük bir məktəb olur. Məktəb əsasdır. Öyrədəndə isə, nə desən, ona tabedir qarşındakı.
...Mən müəllimlərimdən həmişə öyrənmişəm ki, istəyir, Ağdam rayonunda, istərsə də Bakıda olsun, insan ömrünün axırına qədər öyrənməlidir. Məktəb ömürlükdür. Məktəb əsasdır. Mən baxdım gördüm ki, tarın imkanları çox böyükdür. Musiqi aləti olaraq. Bəzən görürsən, adamlar var, elə indinin özündə də var, əksəriyyəti elə bağlıdır toyxanaya. Əksər tarçalanlar aludə olublar, adət eləyiblər toya. Pul qazanırlar. Həyatda bir kef, eyforiya dövrünü yaşayıb, özlərini təmin edirlər. Amma hələ o yaşamaq sənət demək deyil. Və mən baxdım gördüm ki, muğam ifası çox vacibdir, milli ifalar, dünya klassikası çox vacibdir. Bunların hamısını bir-biri ilə birləşdirmək azımdır.
... İstedadla bərabər işgüzarlıq olmalıdır. Gərək zəhməti qəbul edə biləsən. Gecəli-gündüzlü işləməlisən. Belə-belə gəldik, 1970-ci illərdə Azərbaycan tar ifaçılığında yeni bir mərhələ əmələ gəldi. Müasir tar ifaçılığı sənəti yarandı. Onu Allahla tar yaratdı.
... Bakıya gəldiyim illər ən duyğulu xatirələr oldu mənim üçün. 1964-cü ildən 2015-ci ilə qədər. 51 il... 51 ildir, o otağa girib-çıxıram. Orada Soltan Hacıbəyov, Cövdət Hacıyev rektorum olub mənim, işə qəbul edib məni, Soltan Hacıbəyov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Ramiz Mirişli kimi insanları tanımışam... 1964-cü ildə Filarmoniyada işləyəndə kimləri görmədim mən. Xan Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova, Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev... Hansıların adını çəkim?... Maestro Niyazi... Böyük sənət adamları... Onlar mənim həyatda ən böyük varım-dövlətimdir.
... Həm tələbə olanda, həm rayonda, həm də konservatoriyada və yaxud da ki, evdə, sənət dostlarım nə vaxt məni axtarsalar, aşağı mərtəbələrdə yaşamışam da, qulaq asırmışlar, tar səsi gəlməyəndə, deyirlərmiş ki, gedək, Ramiz evdə deyil.
... Atam da, anam da mənə iki çox böyük hədiyyə veriblər. Biri tərbiyədir, biri də təcrübə. Camaat toya gedəndə, nə bilim kefə, gəzməyə, ora-bura gedəndə mən ancaq məşq edirdim. Mən axtarırdım. İndi bu baxdığınız dərsliklər 10 dərs vəsaitidir. Azərbaycan musiqi təhsilində, istəyir musiqi məktəbində, istər kollecdə, istər ltseydə, istər konservatoriyada və ya Musiqi akademiyasında konsert ifaçılıq müəssisələrində, hara getsəniz, orda görəcəksiniz ki, həmin bu dərsliklərdən istifadə edirlər. Və mən bunları təmənnasız etmişəm.
...Mən həmişə deyirəm ki, qadasını alım bu xalqın, ona borcluyuq... Eyni zamanda Azərbaycan dövlətindən də həmişə diqqət, qayğı görmüşəm. Ağlıma gəlməzdi ki, Azərbaycan tar ifaçılığında, ilk dəfə olaraq, Azərbaycan Respublikasının dövlət mükafatını cənab Prezident mənə verər. Mən onu heç gözləmirdim. Niyə? Çünki biz nəyə görə isə və ya kimə görə isə işləmirik. Biz xalqımıza görə, mədəniyyətimizə və dövlətimizə qulluğa borclu olaraq, bu işləri görməliyik. Bax bu, xalqın qayğısıdır, dövlətin qayğısıdır və ələlxüsus da, xətrini çox istədiyim, çox hörmətli Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanımın gördüyü işlərin əvəzi yoxdur.
...Azərbaycan xalq çalğı alətlərinin hər birinin özünəməxsus gözəl səs tembri var. Məsələn, tarın, görürsünüz, nə qədər gözəl imkanları var, texniki, bədii. Kamanın da var. Balabanın görürsünüz, nə səsi var. Tütəyin özünün də. Kanon, ney, nə bilim, hər birinin. Onun daxili aləmi, onun duyğusu, onun hissi, onun varlığı o sənətdən yaranır. Sənət varlıqdan yaranır. Bunlar bir-biri ilə bağlıdır.
...İndi, yaxşı cavan tarçalanlar nəsli gəlir. Çünki Azərbaycan təhsili çox yüksək səviyyədədir. Diqqət var. Mühit var və eyni zamanda şərait də var. Bunlar vacibdir. Məsələ burdadır ki, bunlar çox böyük şəraitlə əhatə olunublar.
...Mən sizə bir misal çəkəcəyəm. Təzə musiqi məktəbinə gedirdim. 8-10 yaşım vardı. Dahi Üzeyir bəyin Qarabağda, Ağdamda bir əsərini bayram konsertində ifa etməli idim. Gəldik baxdıq gördük ki, o əsərin notunun sonuncu hissəsi itib. Tapa bilmədik. Pianoçu müşayiət etməlidir, mən də çalmalıyam. Elə oldu ki, özümüzdən asılı olmayaraq, guya, belə çıxdı ki, dahi Üzeyir bəyə əlavələr edirik. Akkordlarla-filan bu elə bir dünya oldu ki, alındı.
...Əllə çalmırlar, ağılla ifa edirlər, ürəklə, duyğu ilə çalırlar və bunları birləşdirirlər. Ondan sonra qəlbində övlad, xalq, millət, hamısı sənin mehriban səsinə səs verəcək. Bilirsiniz, çətinlik odur ki, həyat mübarizədir də. Həmişə irəli getmək istəyirsən. Bunu yazdın, istəyirsən birini də, o birisini də, bir az da ondan böyüyünü ifa edəsən. İfa etdin, istəyirsən, bir az da o biri repertuarlara müraciət edəsən.
... Bu yaxınlarda, ifa etməyə başladım yenə. İsti vaxtlardı. Yayda çətin olur. Uşaqların anası dedi, Ramiz, tar sənin üçün elə alətə dönüb ki, nə istəyirsən, onu da edə bilirsən. Dedim, nə demək istəyirsən? Dedi ki, Ramiz, 1976-cı ildən müşahidə edirəm. Hansı muğamlar varsa, həm klassik muğamlar, həm ritmik zərb muğamları, hamısını 5 ildən, 3 ildən, 10 ildən bir təzələyə-təzələyə ifa edib gəlirsən. Təzə muğam yazılıb? Deyirəm, yox. Deyir, nə çalacaqsan? Qaldım belə... Sonra mənə dedi ki, Azərbaycan bəstəkarlarının hamısının əsərlərini ifa etmisən. İndi nə axtarırsan? İndi nə çalacaqsan?
...Sonra gör, nə dedi. Dedi ki, dünya musiqisində klassik əsərlər ki var, onları da tarda ifa etmisən. İndi nə çalmaq istəyirsən? Yenə qaldım belə. Dedi, Azərbaycan tar konsertləri var - tar ilə simfonik orkestrin, tar ilə xalq çalğı alətləri orkestrinin, tar ilə kamera orkestrinin və digər orkestrlərin konsertləri. Bu əsərlərin hamısı 30-a qədərdir. Qabaq biri, ikisi, üçü olardı. İndi onların hamısını etmisən. Mən dedim, bunları sən haradan bilirsən? Dedi, 19 tar konsertinin ilk ifaçısı olmusan, 16 tar konsertini sənə həsr ediblər. Daha indi təzə tar konserti yazılıb? Dedim, yox. Dedi, bəs nə istəyirsən? Dedim yox, elə deyil. Biz ölənə qədər tarın quluyuq. Bu xalqın quluyuq. Hər yaşın öz aləmi, öz dünyası var. İnsan yaşa dolduqca müdrikləşir. Mən o müdrik, o yaşa dolan vaxtın sənətinin həsrətindəyəm.
...Valideyn övladının seçiminə qarışmalıdırmı? Qarışmalıdır. Mənim oğlanlarım da mənə məsləhət eləyiblər, amma seçimi də düz eləyiblər.